Əlbuta — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2014-cü ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib.
Əlbuta Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "əl"- Əlilicanzadə soyadının ilk iki hərfi və Azərbaycanın milli atributu olan "buta" sözünün birləşməsi ilə adlandırıb.
Qorxmaz Əlilicanzadə 2014-cü ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2015-ci ildə alət ərsəyə gəlib. Alətin ilk ustası Məzahir Sadıq oğlu Həsənovdur. Alət üzərində 3 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2018-ci ildə isə alətin son variantı ərsəyə gəlib. Alətin sonuncu ustası Vaqif Özbək oğlu Orucovdur.
2019-cu ilin mart ayında Qorxmaz Əlilicanzadə tərəfindən ixtira olunmuş milli musiqi alətlərindən ibarət "Nur" instrumental ansamblı yaradılıb. "Əlbuta" simli-mizrablı musiqi aləti də bu ansamblın tərkibinə daxil edilib. Alətin ilk ifaçısı Mirmöhsün Mirhafiz oğlu Mirmöhsünzadə olub. 2019-cu ilin iyun ayında ARB Tv-nin "Səhər-səhər" proqramında "Nur" milli musiqi alətləri ansamblının təqdimatı olub. Ansamblın konsertmeysteri Mirmöhsün Mirhafiz oğlu Mirmöhsünzadədir. Ansamblın ilk solisti Əli İlham oğlu Səlimovdur.
2017-ci ilin mart ayının 24-də "Azərbaycanın Milli Musiqi Alətləri: keçmişimiz — bu günümüz" adlı elmi-praktiki konferans keçirilib. Milli Konservatoriyanın elmi nəşrində Humay Fərəcovanın eyni adlı məqaləsində Qorxmaz Əlilicanzadənin ixtiraları haqqında məlumat verilib. Həmin konferansın materialları elmi jurnal şəklində çap olunub. Bu jurnalda Qorxmaz Əlilicanzadənin ixtira etdiyi alətlər haqqında məqaləsi də dərc olunub. Bir sıra yerli media orqanlarında ixtiraçının alətləri barədə xəbər mətnləri, məqalələr və köşə yazıları yayımlanıb.
İxtira olunan "Əlbuta" mizrablı simli alət Azərbaycan milli musiqi alətlərinin bir növü olan simli musiqi alətləri sinfinə məxsusdur. Demək olar ki, qolça qopuzun, çoğurun, sazın, rübabın, tarın sələfi sayıla bilər. "Əlbuta" mizrablı simli musiqi alətinin çanaq və kəlləsinin Azərbaycanın ənənəvi milli atributu olan buta şəklində hazırlanması alətin yalnız Azərbaycana məxsus olduğunu və milliyini qorunması məqsədini daşımaqla, həmçinin, buta formalı çanaq alətin səs akustikasının xeyli mükəmməlləşməsinə səbəb olmuşdur. Çanaqdan çıxan səs təbii əks – səda ilə (exo) ilə ətrafa yayılır.
"Əlbuta" simli alətin qolunun ölçülərində edilmiş dəyişiklik, yəni, qolun yuxarı — kəllə tərəfdən eni 42 mm, aşağı — çanaq tərəfdən eni isə 52 mm təşkil etməsi ilə, bu ölçülü qolda 11(on bir) simdən, bir cüt zəng simdən başqa, doqquz sim qolun üzərinə oturdulub. Simlərin hər biri ayrıca, məxsusi, notlarda köklənir. Yeddinci, səkkizinci ağ kök simlər "lya", doqquzuncu simlərin "mi" tonallığına köklənməsi, əlavə bəm səslərin, böyük oktavanın "mi" tonallığı, "lya" tonallıqlarının səslənməsinə nail olunub. (Klassik tarda ən bəm səs kök sim, kiçik oktavanın "do" tonallığında koklənir). 9 (doqquz) simin hamısı muğamın, təsnif, xalq və bəstəkar əsərlərinin ifasında lazımi səviyyədə istifadə olunmasına kömək edir.
Alətin qolunda müxtəlif rəngli — ton notlar üçün ağ rəngli, yarım tonlar üçün qara rəngli və komma notlar üçün qırmızı rəngli olmaqla, ümumilikdə iyirmi səkkiz pərdə bağlanması alətin səslənmə imkanlarının genişlənməsinə səbəb olub.
Qolun çanaq tərəfdən 150 mm hissəsinin ebonit materialla örtülməsi zil notların ifası zamanı səslərin şəffaf alınmasına səbəb olur. Alətin çanaqlı gövdəsinin uzunluğu 300 mm, eni 140 mm təşkil edir. Alətin çanağının bütöv bir hissədən olması və üzərindəki rezonator rolunu oynayan membranın dana ürəyinin pərdəsindən olması nəticəsində və deka üzlükdən istifadə etməyimiz alətdə xüsusi bir "exo" əldə etməyimizə səbəb olub.
"Əlbuta" simli müsiqi alətinin qoluna bağlanmış pərdələr üç rənglidir. Əgər royal aləti ilə müqayisə etsək, ("ağ dillər"- ton notlar, qara dillər – yarım ton notlar) "Əlbuta"un qolunda, ton notları bildirən, "ağ" rənglə boyanaraq bağlanmışdır. Yarım ton notları bildirən, ("diyez", "bemol", "bekar") isə "qara" rənglə bərkidilərək bağlanmışdır.. Şərq musiqisində komma deyilən notlar isə qırmızı rənglə rənglənərək bağlanmışdır. Royalda olduğu kimi, "Əlbuta" simli alətdə də notlar rənglərlə fərqlənəcək və hər zaman ifaçıya rahatlıq yaradacaqdır.
"Əlbuta" mizrablı simli alətində köklənmə sistemi: "do", sol", "re", "lya", "mi", "sol", "do" məlum tarın köklənmə sistemindən ("do", sol", "do", "sol", "do", "sol", "do", "sol") fərqlidir.
1. https://www.youtube.com/watch?v=7XeRsLOB-uo
2. https://www.youtube.com/watch?v=IcQtU8NkFpg
3. https://www.youtube.com/watch?v=Jl-ur5DzLyg
4. http://konservatoriya.az/lib/Konservatoriya%202017-1.pdf
5. https://sputnik.az/culture/20190706/421023526/qorxmaz-elilinin-ixtira-etdiyi-musiqi-aletleri.html