Əli İmran oğlu Kazımov (17 fevral 1956, Nürgüt, Ordubad rayonu – 26 oktyabr 2016) — General-mayor, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı[1].
Əli Kazımov | |
---|---|
Əli İmran oğlu Kazımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2016 (60 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Dəniz Qüvvələri |
Xidmət illəri | 1978-2014 |
Rütbəsi | General-mayor |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Əli Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Nürgüt kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızıbayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis - şturman" ixtisasına yiyələnib.
Əli Kazımov 1978-1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı olmuşdur.
1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakültəsində ali hərbi təhsil alan zabit Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.
1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra etmişdir.
Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılmışdır.
Uzun sürən xəstəlikdən sonra istefada olan general-mayor Əli İmran oğlu Kazımov 2016-cı il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat etmişdir[1].