Əli Məhərrəmov

Əli Məhərrəmov (Əli Hüseyn oğlu Məhərrəmov; 12 aprel 1924, Çaykənd, Qazax qəzası12 oktyabr 1977, Bakı) — Azərbaycan hüquqşunası, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü (1975-1977).

Əli Məhərrəmov
Əli Hüseyn oğlu Məhərrəmov
Doğum tarixi
Doğum yeri Çaykənd
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Uşağı Akif Əli
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hüquqşunas

Əli Məhərrəmov 1924-cü il aprelin 12-də qədim Oğuz yurdu Çaykənddə anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddət məktəbdə müəllim işləyib. 1941-ci ildə könüllü olaraq cəbhəyə gedib, Sovet Ordusu sıralarında zenit artilleriyası diviziyasının atıcısı kimi vuruşub, Berlin uğrunda şiddətli döyüşlərdə ağır yaralanıb. Faşizm üzərində qələbədən sonra doğma vətəni Göyçə mahalına qayıdıb, Basarkeçərdə məktəb direktoru işləyib.Eyni zamanda təhsilini davam etdirərək, 1950-ci ildə Bakıda iki illik Ali hüquq məktəbini fərqlənmə diplomu ilə bitirib, Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsində ali təhsil alıb,Leninqrad Dövlət Universitetinin hüquq fakultəsində ixtisasartırma kurslarında oxuyub. Həyatını sevdiyi hüquqşünas peşəsinə həsr edən Əli Məhərrəmov Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə çalışaraq, bütün qüvvə və bacarığını cinayətkarlıqla mübarizə işinə sərf edib, hər zaman hadisələrin ən qaynar və təhlükəli nöqtələrində olub, öhdəsinə düşən bütün mürəkkəb vəzifələri layiqincə yerinə yetirib.

O müxtəlif illərdə Ağdam rayon prokurorunun köməkçisi (1950-51), Şuşa rayonunun prokuroru (1951-54), Qubadlı (1954-55), Zəngilan (1955-57), Zaqatala (1957-62) və Lənkəran (1962-66) rayon prokurorluqlarında müstəntiq vəzifələrində çalışıb.

1966-cı ildə Respublika Prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub, bu ağır və məsuliyyətli vəzifədə uzun illər ləyaqətlə işləyib.1974-cü ildə Respublika Prokurorluğunda şöbə prokuroru vəzifəsinə irəli çəkilib.Çalışdığı müddət ərzində respublika rəhbərliyinin və hüquq ictimaiyyətinin yüksək etimadını qazanan Əli Məhərrəmov 1975-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilib.Əli Məhərrəmov uzun illər hüquq-mühafizə orqanlarında səmərəli fəaliyyətinə görə dəfələrlə Baş prokurorluğun yüksək mükafatlarına layiq görülüb, cinayətkarlığa qarşı aparılan mübarizələrdə xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Zəngin, şərəfli və ləyaqətli ömür yolu keçən görkəmli hüquqşünas 1977-ci il oktyabrın 12-də 54 yaşında qəflətən vəfat etmişdir.

Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin atasıdır.