Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970).[1]
Əliqulu Ağalarov | |
---|---|
Doğum tarixi | 23 mart 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyun 1982 (59 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Mükafatları |
|
Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur.
Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Mədə-bağırsaq cərrahiyyəsi üzrə ixtisaslaşma niyyətində olan Ağalarov qardaşı İsrafilin qəflətən beyin xərçəngi xəstəliyindən ölümündən sonra düz 13 il ərzində ixtisasını dəyişərək "Böyük beyin qatındakı şişlərin götürülməsindən sonra beyinin sağalma histologiyası" mövzusunda doktorluq dissertasiyasını da Moskva şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. Onun elmi rəhbərləri keçmiş SSRİ TEA-nın görkəmli alimlərindən akademiklər B. Y. Yeqorov (eynisoyadlı kosmonavtın atası) və A. P. Avtsın Ağalarovun bu çox önəmli tədqiqat işindən rəğbətlə təcrübi və elmi əsaslarla ümumittifaq mərkəzi qəzetlərdə dərc etdirdikləri sanballı məqalələr müvafiq tibb müəssisələri rəhbərlərinin diqqətini cəlb etmiş və Ağalarov öz institut və klinikalarında müdafiə etdiyi çox aktual və önəmli bu mövzu ilə birbaşa bilavasitə bağlı vəzifələrə irəli çəkmişlər. Beləliklə də, doktorluq dissertasiyasını uğurla başa vuran Ağalarov bir müddət Moskva şəhərində keçmiş SSRİ Tibb Elmləri Akademiyası (TEA) Neyrocərrahiyyə İnstitutunda və Burdenko adına Neyrocərrahiyyə Klinikasında işləmişdir.
1971-ci ildə keçmiş Azərbaycan SSR-də tibbin səhiyyənin müasir tələblərlə yenidən qurulmasında əvəzsiz xidmətləri olan Azərbaycan hökumət başçısı H. Ə. Əliyevin şəxsi təşəbbüsü və dəvəti ilə Ağalarov respublikaya qayıtmışdı. 1971-ci ildən ömrünün son günlərinədək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun neyrocərrahiyyə kafedrasının müdiri kimi fəaliyyət göstərmiş neçə-neçə elmi kadrlar yetişdirmişdir. Azərbaycan Respublikasında Zaqafqaziyada ilk dəfə olaraq Ağalarovun səyləri sayəsində neyrocərrahiyyə mərkəzi yaradılmışdı.
Ağalarov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neyrocərrahiyyə üzrə baş mütəxəssisi, keçmiş SSRİ-nin Ümumittifaq Neyrocərrahiyyə İdarəsinin aparıcı mütəxəssislərindən biri, idarə heyətinin üzvü kimi respublikamızı və sovet elmini ümumittifaq və beynəlxalq simpoziumlarda və konfraslarda ləyaqətlə təmsil etmişdir.[1]
Ağalarov ön və arxa cəbhələrdə böyük xidmətlərinə görə Vətən müdafiəsi ordenləri, hətta Qırmızı Ulduz ordeni, habelə saysız-hesabsız medallarla təltif edilmişdir.[1]