Atayev Əlirza Əsgər oğlu (1898, Yelizavetpol – 1962, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru (1919-1920), görkəmli elm təşkilatçısı, həkim (mama-ginekoloq), tibb elmləri doktoru (1930), professor (1936).[1]
Əlirza Atayev | |
---|---|
Atayev Əlirza Əsgər oğlu | |
| |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1962 |
Vəfat yeri |
Atayev Əlirza Əsgər oğlu 1898-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
Gəncə rus-tatar (Azərbaycan) gimnaziyasında təhsil almış, 1917-ci ildə Tiflis ali kurslarının tələbəsi olmuşdur. Təhsilini davam etdirmək üçün 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının təqaüdçüsü kimi 1-ci Moskva Dövlət Universitetinin tibb fakültesinə göndərilmişdir.
Hələ 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti dəftərxanasının rus dili üzrə redaktoru olmuşdur.[2]
Universiteti bitirdikdən sonra 3-cü Moskva Dövlət Universitetinin kafedrasında bir il ordinator işləmiş, sonra Azərbaycan hökuməti tərəfindən gənc mütəxəssislərdən ibarət qrupun tərkibində ixtisasını təkmilləşdirmək üçün Almaniyaya göndərilmiş, 2 il Leypsiq Universitetinin mamalıq-ginekologiya klinikasında çalışmışdır. 1925-ci ildə Bakıya qayıtdıqdan sonra qadın, ana və uşaqların sağlamlığının mühafizəsinə dair Azərbaycan dilində ilk dəfə məqalələr yazmış, 1000 sözdən ibarət mamalıq-ginekologiya terminləri lüğətini nəşr etdirmişdir.
Atayev 1936-ci ildə Azərbaycan Tibb İnstitutunun mamalıq və ginekologiya kafedrasının professoru seçilmiş, Xalq Səhiyyə Komissarlığı Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri təyin olunmuşdur. 1937-ci ildə repressiyaya məruz qalmış, 8 il müddətinə Sibirə (Maqadan) sürgün olunmuşdur. Sürgündən sonra Maqadanda və Penzada şəhər xəstəxanasında və sanitar idarəsində işləmişdir. 1948-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən Penza vilayət xəstəxanasına məsləhətçi göndərilən Atayev tezliklə Penza vilayətinin baş mama-ginekoloqu seçilir və burada onun təşəbbüsü ilə Ümumittifaq mamalıq və ginekoloqlar elmi cəmiyyətinin filialı yaradılır. 1956-ci ildə Atayevə bəraət verilmiş, lakin o, ağır xəstəliyə tutulduğundan elmi fəaliyyətini dayandırmalı olmuşdur.
Əlirza Atayevin Oqtay və Rəna adlı iki övladı olmuşdur.