Əminə Seyid-Rzayeva

Əminə Mir-Tağı qızı Seyid-Rzayeva — Azərbaycan alimi, texnika elmləri doktoru.

Əminə Seyid-Rzayeva
Əminə Mir-Tağı qızı Seyid-Rzayeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru
Elmi adı baş elmi işçi
İş yeri Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Sənaye İnstitutu

Seyid-Rzayeva Əminə Mir-Tağı qızı 31 dekabr 1931-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) texnologiya fakültəsinə daxil olmuş və 1955-ci ildə neft və qazın tex¬nologiyası üzrə mühəndis texnoloq ixtisasında oranı əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akade¬miyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (AMEA NKPİ) əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi bu elm ocagında çalışmışdır. O, akademik M.İ.Rüstəmovun rəhbərlik etdiyi "Katalitik krekinq və piroliz" laboratoriyasında mühəndis, baş mühəndis, kiçik elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrində müvəffəqiyyətlə elmi fəaliyyət göstərmişdir. 1960–1963-cü illərdə AMEA NKPİ-nin aspiranturasında təhsil almış və dissertasiya işini müdafiə edərək, texnika üzrə elmlər namizədi elmi adını almış, 1970-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona böyük elmi işçi elmi adı verilmişdir. 1994-cü ildə "Yanacağın kimyası və texnolgiyası"-05.17.07 ixtisasında "Akti-vator və passıvatorun iştirakı ilə ağır neft məhsullarının katalitik krekinqi" adlı doktorluq dissertasiyasını müdafiə edərək, texnika üzrə elmlər doktoru elmi adını almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Seyid-Rzayeva Əminə Mir-Tağı qızının əsas elmi fəaliyyəti neft emalı və neft kimya elminin mühüm aktual probleminə — neftin və onun müxtəlif ağır fraksiyalarının dərin emalı nəticəsində yüksək keyfiyyətli mühərrik yanacaqlarının ekoloji və iqtisadi cəhətdən əlverişli alınma texnologiyalarının işlənib hazırlanmasına həsr edilmişdır. Alimin apardığı geniş tədqiqatlar nəticəsində ağır neft xammalından açıq neft məhsullarının yüksək səmərəli alınmasını təmin edən yeni katalizatorlar, aktivləşdirici və passivləşdirici əlavələr işlənib hazırlanmışdır. Bu yeni sistemlərdə ilk dəfə olaraq ağır neft xammalının dərin emal prosesləri aparılmış, yeni elmi metodlar və yanaşmalar təklif olunmuş, iqtisadi və ekoloji cəhətdən əlverişli texnologiyalar yaradılmışdır. Nəticədə ağır neft xammalının tərkibində azot, kükürd, asfalt qatran birləşmələri və bəzi ağır metalların effektiv çıxarılma proseslərinin elmi əsasları yaradılmış, sintez edilmiş katalizatorların iştirakı ilə yüksək çıxımla benzin və dizel yanacağı alınması istiqamətində neftin ağır fraksiyalarının iki pilləli emalı və xam neftin qalıqsız emalının kompleks sxemi işlənib hazırlanmışdır.

Alim tərəfindən müxtəlif vakuum qazoyllarının və eləcə də qazoyl-mazut qarışıqlarının aktivləşdirici əlavələrin və əsasən tərkibində sürmə (Sb) saxlayan poliarilen passivatorların iştirakı ilə katalitik krekinq proseslərinin qanunauyğunluqları öyrənilmiş, işlənib hazırlanmış yeni sistemlərdə ağır metallarla zəhərlənmə proseslərinin mexanızmı öyrənilmiş, bu proseslərdə funksional qrupların və əlavələrin effektivliyi geniş izah edilmişdir.

Seyid-Rzayeva Əminə Mir-Tağı qızının məhsuldar elmi fəaliyyəti ağır neft məhsullarının dərin emalı üçün yeni effektiv, kontakt tipli, dispersləşdirilmiş adsorbsion katalitik sistemlər hazılanmış və onların iştirakı ilə azotlu, kükürdlü, asfalten-qatran birləşmələrdən, nikel, vanadium, natrium metallarından təmizlənmış və müasir tələbatlara cavab verən vakum distillatları alınmışdır. Bu sistemlərdə açıq neft məhsullarının çıxımının artırılması, koksun miqdarının azaldılması üçün aktivləşdirici və xammalın tərkibində olan ağır metalların təsirinin azaldılması, koksəmələgəlmənin qarşısının alınması, oktan ədədinin qaldırılması, CO-nun CO2-yə qədər çevrilməsinin təmin olunması üçün passivləşdirici əlavələrdən istifadə olunmuşdur. Aktivləşdirici əlavələr kimi sintetik və təbii neft turşuları, fərdi naften turşuları, onların efirləri, ağır qazoyllar, şlamlar, bitum distillatları, neft emalı proseslərinin digər tullantıları istifadə olunmuş, onların təsiretmə sırası və mexanizmi müəyyən edilmişdir. Passivləşdirici əlavələr kimi tərkibində Sb-saxlayan poliarilenlər istifadə olunmuş və təsir mexanizmləri geniş araşdırılmışdır. Yeni katalitik sistemlərin quruluş xüsusiyyətləri ilə onların aktivliyi, ağır neft xammalının krekinqi, alınan məhsulların keyfiyyətinin yaxşılaşdırılması, prosesin selektivliyi arasında qarşılıqlı əlaqələrin elmi əsasları yaradılmışdır. Müəyyən edilmişdir ki, parçalanma və hidrogenləşmə reaksiyalarının sürətinin dəyişməsi alınan qazların tərkibində doymamış karbohidrogenlərin miqdarının kəskin dəyişməsinə və benzinin oktan ədədinin tənzimləndirilməsinə bilavasitə səbəb olur, yeni katalitik sistemlərdə neftin və mazutun əsasən adsorbsion təmizlənməsi ilə yüksək temperaturda qaynayan fraksiyaların destruksiyası təmin olunur, kükürdün, azotun, asfalt-qatran birləşmələrin miqdarı minimuma endirilir. İlk dəfə olaraq müasir fiziki-kimyəvi analiz üsulların köməyi ilə müvafiq əlavələrin təsir mexanizminə onların tərkibində olan aromatik fraqmentdə halqaların sayının təsiri öyrənilmiş, passivləşdirici təsirin sürmə birləşmələrinə, aktivləşdirici təsirin isə aromatik karbohidrogenlərə məxsus olması göstərilmişdir. Dispers sistemlərdə faza keçidlərini tənzimləmək məqsədi ilə prosesin katalitik sistemlərə və xammalın tərkibinə kompleks yanaşma işlənib hazırlanmışdır ki, bu da ağır neft məhsullarının emalı prosesini proqnozlaşdırmaq və intensiv-ləşdirməyə geniş imkan yaratmışdır. Katalitik sistemlərdə ölçü effektləri araşdırılmış, məsamələrin ölçülərinin, disperslik dərə-cəsinin prosesə təsiri geniş öyrənilmişdir.

İlk dəfə olaraq, sintez edilmiş katalizatorların iştirakı ilə mazutdan benzin və dizel yanacağı alınması variantları araşdırılmış və neft emalının dərinliyini 80–85%, açıq neft məhsullarının çıxımını 60–65%-ə çatdırılması istiqamətində geniş işlər aparılmışdır. Neftin qalıqsız emalı üçün neftin katalitik təmizlənməsi, təmizlənmiş neftin katalitik krekinqi, krekinq benzinin katalitik təmişlənməsi, hidrokrekinq, krekinqin fərqli fraksiyalarının destruktiv izomerləşməsi prosesləri ardıcıl olaraq təhlil olunmuş və kompleks emal sxeminə daxil edilmişdir.

Elmi tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Aparılan elmi tədqiqatların nəticələri pilot və sənaye qurğularında müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. "Azərneft-yanacaq" birliyinin sənaye qurğusunda müəllif tərəfindən əməkdaşlarla birgə təklif edilən üsulun tətbiqi iqtisadi cəhətdən yüksək səmərə vermişdir.

Seyid-Rzayeva Əminə Mir-Tağı qızının elmi işlərinin nəticələri 100-dən çox elmi əsərdə, o cümlədən, 25-ə yaxın müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. Bir çox işlər isə "Xidməti istifadə üçün" qrifi altında qeydə alınmışdır.

İstedadlı alim Əminə Mir-Tağı qızı Seyid-Rzayeva tədqiqatların qoyuluşunda, onların həyata keçirilməsinin bütün mərhələlərində, laboratoriyalarda, təcrübi və sənaye qurğularında geniş sınaq işlərinin aparılmasında, alınan nəticələrin sistemləşdirilməsi və müzakirəsində, əsas nəticələrin ümumiləşdirilməsində şəxsən böyük əmək göstərmişdir.

Əminə Mir-Tağı qızı Seyid-Rzayeva 2004-cü ildə vəfat etmişdir.

Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.221–224.