Əyrək nekropolu — Şahbuz rayonunun Külüs ilə Keçili kəndləri arasında, Külüs yaşayış yerinin yaxınlığında yerləşən arxeoloji abidə. Hazırda Külüs kəndinin inzibati ərazisidir. Yerin adının etimologiyası Kitabi Dədə Qorqud dastanında çəkilən igid ərən Əyrəyin adı ilə bağlıdır. Dastanda "Əyrək və Səyrək" boyu var. Əyrək kəndinin ətəyində Əyrək nekropolu yerləşir. Əyrəyin ümumi coğrafi ərazisi maili yamacdadır. Qarşı tərəfdən baxanda geniş əraziyə yayılan qədim evlərin çalaları görünməkdədir. Kəndin yuxarı hissəsində qədim alban abidəsinın qalıqları var. Ətrafında qəbirlər və keramikadan olan su boruları bu gün də tapılır. Əyrək ərazisindəki toponimlərdən biri qədim alban dilində "məbəd" mənasını verən "Vəng" adlı yerdir. Bundan başqa "Qamışlıq" ("Qəmişlik"), "Böyük çuxur", "Qara qaya", "Şamama təndiri" (yaxud "Şaman təndiri") kimi toponimlər var. "Vəng"də çıxan çeşmənin axarında qoyulan daş novdanlar hələ də qalmaqdadır. Əyrək kəndinin aşağı ətəyində siklopik daşlardan olan, uzunluğu 100 metrdən artıq divar qalığı aşkar edilib.
Əyrək nekropolundan aşkar edilən qəbir daşları dördkünc formalı prizma şəklində hazırlanmışdır. Onların üzərində yazıya və təsvirlərə rastlanmır. Lakin sinə daşlarından bir neçəsinin üzərində yedəyində at aparan insan təsviri, çərxifələk (svastika) işarəsi və daş boyunca kənarlarda insan fiqurunu xatırladan çəkil vardır. Uzunluğu bir metrə çatan və hündürlüyü 40–50 sm olan sinə daşlarının üzərində üz-üzə dayanan at və öküz, yəhər, kuzə, qadın və yanında uşaqlar olan təsvirlər də var. Tam şəkildə yonulmamış qoç fiquru formasında sinə daşları bu günə qədər qalıb. Bu tip təsvirlər orta əsr müsəlman qəbir daşlarında tez-tez rastlanan motivlərdəndir.
Nekropolu XVI–XIX əsrə aid etmək olar.
Bu məqalə qaralama halındadır. |