Üç — dəfn mərasimi.
"Üç" adicə rəqəm olsa da, yas mərasimi ifadəçisi kimi maddiləşərək, ad göstəricisinə çevrilmiş, sayla omonimik mövqe qazanmışdır. "Üç" yas mərasimi kimi Zərdüşt ənənələri ilə bağlı bir məfhumun ifadəçisidir. "Avesta"da qeyd edildiyinə görə mərhumun ruhunun himayəsizlikdən xilas olub, Günəşin himayəsinə keçdiyi günü ifadə etmişdir. Uzun əsrlərin islam təsiri bu adəti də özünə çulğaşdıraraq, matəm günlərinin qeyd olunan əlamətdar və ağır günləri sırasına daxil etmişdir.
"Yeddi", "cümə axşamı", "cümə" və "qırx" günlərində olduğu kimi, "üç" mərasimində də ölünün ruhu öz evinə baş çəkir, doğmalarının qəlbinə yaxın olur. Bu zaman ruhu ovundurmaq naminə ehsan verir, "Yasin" oxutdurur, dualar edir və namaz qılırlar.