Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Qırx" – dəfnin qırxıncı günü.
İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır. Bu müddət ərzində astral bədən zaman və məkan ölçüsüzlüyünün hüdudlarında bütün Yer ömrünü təzədən yaşayır. Yer mühitindəki həyat yolu ruhun gözü önündən ekrandakı kino lenti kimi gəlib keçir. O, sağlığında etdiyi səhvləri görüb əzab çəkir, xəcalət hissi keçirir. Qırxıncı gün hər şey bitir. Ruh Yerlə bağlı nə varsa, hamısından xilas olur.
"Qırx"la bağlı müxtəlif dünyagörüşlərinin münasibətlərindən asılı olmayaraq, müsəlman aləmində bu matəm günü əvvəlkilərdən daha geniş miqyasda qeyd olunur. Matəmin bu gününə dəfn günündə iştirak edənlər dəvət olunur. İştirakçılar isə həmin gün yasa getməklə mərhuma olan son borclarını vermiş hesab olunurlar. Azərbaycanın şimal-şərq bölgəsi yas mərasimləri ilə bağlı tədbirlər içərisində "əlli ikinci" günün qeyd olunması xüsusi yer tutur. Bu günün keçirilməsi yas sahiblərinin imkanlarından asılıdır. İmkansız ailələrdə bu gün ya heç keçirilmir, ya da yüngül qeyd olunur.