Açıq Səhmdar Cəmiyyəti (ASC) — səhmdarların digər səhmdarların razılığını almağa ehtiyac olmadan öz səhmlərini üçüncü şəxslərə ötürmək imkanı verən səhmdar cəmiyyətinin növü.
"Açıq səhmdar cəmiyyəti" anlayışı SSRİ Nazirlər Sovetinin 19 iyun 1990-cı il tarixli 590 nömrəli qərarı ilə təsdiq edilmiş "Səhmdar cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər haqqında əsasnamə" ilə tətbiq edilmişdir.[1][2] 90-cı illərin əvvəllərində konsepsiya SSRİ-nin dağılmasından sonra yaranan bir sıra müstəqil dövlətlərin qanunvericiliyində təsbit edildi.
XXI əsrin əvvəllərində Qazaxıstan, Ukrayna və Rusiyada qanunvericilikdəki dəyişikliklərə görə "açıq səhmdar cəmiyyət" anlayışı ləğv edildi. Belə ki Qazaxıstan Respublikasının 13 may 2003-cü il tarixli "Səhmdar cəmiyyətlər haqqında" qanunu açıq və qapalı səhmdar cəmiyyətlərə bölünməsini ləğv etdi.[3][4] Ukraynanın 17 sentyabr 2008-ci il tarixli "Səhmdar cəmiyyətlər haqqında" qanununun 5-ci maddəsi açıq və qapalı səhmdar cəmiyyətləri əvəzinə "ictimai səhmdar cəmiyyəti" (ukr. публічне акціонерне товариство) və "özəl səhmdar cəmiyyəti" (ukr. приватне акціонерне товариство) anlayışlarını yeritdi[5]; qanunun qüvvəyə minməsindən iki il sonra (30 aprel 2011-ci ilədək) açıq səhmdar cəmiyyətləri yenidən qeydiyyatdan keçməli idi[6]. 1 sentyabr 2014-cü ildən etibarən Rusiya Federasiyasının Mülki Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi səbəbindən Rusiyada ASC və QSC ləğv edildi: onların əvəzinə ictimai səhmdar cəmiyyətləri, səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər mövcud ola bilərdi.[7]
2019-cu ilə olan vəziyyətə görə, ictimai şirkəti növü kimi açıq səhmdar cəmiyyətlərin mövcudluğu Belarus Respublikasının Mülki Məcəlləsi[8][9], Qırğızıstan Respublikasının Mülki Məcəlləsi[10] və Tacikistan Respublikası Mülki Məcəlləsinin[11] mövcud nəşrlərində nəzərdə tutulmuşdur.