Ağa İsmayıl Zəbih

Ağa İsmayıl Zəbih (1781, Gəncə1868, Təbriz) — XIX əsr Azərbaycan şairi.[1]

Ağa İsmayıl Zəbih
Təxəllüsü Зябих
Doğum tarixi 1781
Doğum yeri
Vəfat tarixi 1868
Vəfat yeri
Fəaliyyəti şair
Üzvlüyü

Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: Ağa İsmayıl Zəbih Gəncənin adlı şairlərindən birisi hesab olunur. Ağaismayıl "Zəbih" təxəllüsünü götürməkliyə səbəb Həzrət İsmayıl ilə bir isimdə (adaş) olmağıdır. Çün Həzrət İsmayıl həqq-taalanın əmri ilə Mina dağına atası İbrahim Xəlilullah tərəfindən zibh olunmaq üçün aparılmışdı, o münasibətlə Ağaismayıl dəxi özü üçün "Zəbih" təxəllüsünü intixab etmişdir.

Zəbih mühacirətən xeyli müddət Təbrizdə iqamət edib, orada ticarət əmrinə məşğul olarmış və bir vaxtı orada tacirbaşılıq mənsəbinə dəxi yetişibdir. Dünyagörmüş və işaşıran bir vücud imiş. Bəzi rəvayətə görə, sonradan yenə Gəncəyə müraciət edib və burada hicrətin 1285-ci ili təxminən 70 yaşında vəfat edibdir. Amma səhihi budur ki, mərhum Ağaismayıl vətəninə müraciət etməyib, Təbriz şəhərində vəfat edibdir.

Zəbih xoşxülq və pürsavad bir vücud imiş. Fars şairlərinin əsərlərindən ittilan-kamili var imiş. Türk və fars dillərində müxtəlif şer və qəzəlləri vardır. Bundan əlavə Zəbih ziyadə xoşnəvis imiş. Farsca divanı vardır, heyfa ki, ələ keçmədi. Məktəbdar Mirzə Sadıq "Fani" təxəllüslə Zəbihin arasında irsal-mərsul və təatiyi-əfkar vüqua gəlirmiş. Өz nəvəsi Xəlili təlim və tərbiyə üçün ilk dəfə məktəbə göndərdiyi vaxt Mirzə Sadığa yazdığı "Tövsiyənamə"dən bir-iki beyti əhibbalarının xatirində qalıbdır.

Ağa İsmayıl Zəbihin hər qisim şerü kəlamları çox isə də, heyfa ki, ələ düşənləri az oldu. Onlardan bir neçəsi burada təb olunur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ağaismayıl Zəbih bu müxəmməsində Molla Pənah Vaqif kimi öz əsərində yaşayan adamların rəzil əxlaqından və çirkin övsafından söz açıb onların bivəfa və biar, biqeyrət, mühil və yalançı olmaqlarını, haqqı inkar edib, dini-mübini-Mustafadan uzaq düşməklərini, rus zakonunu şəriət qanununa tərcih etməkləriini, dostluğun əvvəlinci şərti məqamında olan sidqü dəyanətdən bibəhrə olmaqlarını gözəl və mövzun şerlər vasitəsilə bir-bir zikr qılır, əhli-zəmanədən üz çöndərir və Əliyyül-Mürtəzaya və onun evladına pənah aparıb həşr günündə onlardan kömək diləyir.

Zəbihin bu kəlamında olan bir bənd "Molla Nəsrəddin" curnalında sabiqdə çap olunmuş "Cəhənnəm məktubu"nu yada salır ki, şeytan zəmanə adamlarından şikayət edib deyir: "Nahaq yerə məni müttəhim edib hər məqamü məkanda mənə lənət oxuyursunuz. Neçə vaxt idi ki, mən Firəngistana getmişdim və mənim vücudum burada olmadığı halda Adəm atanın övladı o qədər fəsad və şərarət törətdi ki, o qədər görülməmiş işlər tutdu ki, onlar mənim heç xəyalımdan da keçməzdi". Sonradan şeytan Adəm atanın övladı tutduğu fəsad əməlləri bir-bir zikr edib deyir: "Өzünüz insaf edib söyləyin, bu işlər mənim əməlimdir, yoxsa sizin öz işlərinizdir?"

Zəbih dəxi öz şəhərinin əhlindən şikayət edib deyir: Adlarını müsəlman qoyan neçə kəslər vardır ki, şeytənətdən başqa bir fikir və peşələri yoxdur. Onların xəyalı və tamam səyləri ancaq adamların arasında fitnəvü fəsad salmaqdır. Belə adamları iblis gördükdə öz balalarına deyir: Balalarım, daha siz bu şəhərə getməyin, buranın əhli şeytan istəməz. Bunlar özü hər qisim fəsad və şərarət törətməkdə bibədəl və mahirdirlər…."

Bizim elmü mərifətdən bibəhrə olan əhlin şeytandan artıq fitnəkar, şərir və fasid olmağını binəzir şairimiz Abbas ağa Qaibov "Nazir" təxəllüs təzə yazdığı "Molla və şeytan" ünvanlı hekayəsində gözəl vəch ilə bəyan edibdir. Bu hekayənin barəsində öz məqamında danışılacaqdır.

Cənab Zəbihin yuxarıda yazılan müxəmməsindən onun müqtədir və xoştəb azərbaycanlı bir şair olduğu görünür. Onun aşağıda dərc olunan kəlamı bu qövlümüzün doğruluğuna şəhadət verə bilər.

Mərhum Zəbihin bu kəlamı mövzun və pürməzmun kəlamlardan birisidir. Burada şair müasiri Nəbati kimi, Şəms Təbrizi əleyhirrəhməyə təqlid və təbəiyyət izhar edərək könlünün müxtəlif hallarını və onda vaxtbəvaxt vüqua gələn arzu və təmənnaları şərh qılır. Zəbih gəhi xaki-məzəllətdə Mənsur tək aramyab olur və gahi Keyxosrov və Cəmşid tək təxtü taci-Kəyan tələb edir; gahi dərvişsifət azadəlik xahiş eləyir və gahi Ərdəşir Babəkan kimi cahü calal şövqünə düşür; gəh azəri, gəh qibti və gəh müsəlman olmaq fikrinə düşür; gəhi yerin altında zəm olunan qızıl öküzdən və zorba balıqdan söz açıb seyri-səfayi-asiman tələb edir; gəh bərzəxi və kahi də behişti-bərində hur, cinan təmənnalarına düşür və habelə şairin meylü könlü min cürə müxtəlif halətlərə düşüb cənnət və cəhənnəm misallı bir-birinə zidd, bərəks şeylər və təmənnalar arzu eləyir. Bu qisim rəngarəng halətlər ancaq həqiqi şair misilli qeyri-adi və ziyadə əsaslı vücudların təbiət va məzaclarında müşahidə oluna bilər.

Zəbih öz hali-dilini və müxtəlif təmənnalarını zikr etdikdən sonra zahidi-zahirpərəstin vəsfi-halına şüru edib deyir: Ey zahid, mənə tən etmə, sənin zöhdün həqiqi deyil, riyaidir. Siz zahidlər rümuzi-eşqə vaqif deyilsiniz, xərabət əhlinin eşqini zahirpərəst müfti və vaiz bilə bilməz. Bu yolu göstərmək üçün piri-muran lazımdır. Əgər sizdən təriqət məsələsindən sual olunsa, nəcasət fəslini söylərsiniz və həqiqət kəlməsinin mənasını dərk etməklə əcz göstərib, lal olub qalarsınız. Zira bu kəlməni şərhü bəyan etməyə başqa fəsahət və təlaqəti-lisan gərəkdir. O da ki, siz firqədə yoxdur.

Bu kəlamın axırkı beytində şair Azərbaycan vilayətini təmənna edib, sakin olduğu şəhərin qilü qalından şikayət edir:

Bu şəhrin qilü qalından qübari-qəm tutub könlüm,
Uçub könlüm quşu hər ləhzə Azərbaycan istər.

Burada Zəbih şikayət elədiyi şəhər yəqin ki, Gəncə şəhəridir. Aşağıda yazılan müxəmməsi-müstəzadında əgərçi şair bir növ Gəncəni başdan tərif və tövsif qılır, vəli onun əhalisinin eybü qüsuruna dəxi pərdə çəkmir, onları da nazik işarələr ilə göstərir və bundan masəva əsil Azərbaycan ki, Zəbihin könül quşu uçub onun tərəfinə meyil edir, qədim əsrdən İran dövlətinə tabe vəsi bir vilayətdir ki, onun mərkəzi Təbriz şəhəridir. Hər halda şair uzun müddət sakin olduğu şəhər əhlindən rəncidə və dilgir olub, başqa bir məhələ köçməyi arzu edir. Bu məhəl vətəni-məlufu Gəncədirmi, yoxsa Təbrizdirmi, allah bilir.

Xətmi-kəlamda şair məhərrəm ayında İrandan gələn əqrəbsənət və marsirət vaiz və mərsiyəxanları zikr edib, onların tamahkarlığından və biçarə fəhlələri, dərvişləri, əfsungərləri, dəllək və camədarları soyub çapovulçuluq edən nabəkar konsul nayiblərinin zülmü cövründən dadü fəryad edir. Bundan məlum olunur ki, İranın viran olmağı və onda əlan müşahidə olunan binizamlıq və ədalətsizlik xeyli zaman bundan müqəddəm başlanıbdır. Mərhum Zəbihin bu şeri müstəzadı "Molla Nəsrəddin" curnalına ən münasib və onun məsləkinə yaraşan mənzumələrdən birisidir.

Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və əşarına rəvac verən olmayıbdır.

  1. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı: 2 cilddə.-B.: Elm.-21sm. 1-ci cild.-1978.-599s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]