Ağacişləmə — bol xammal ehtiyatının mövcudluğu və ağac məmulatının təsərrüfat və məişətin müxtəlif sahələrində, memarlıqda geniş tətbiqi ilə şərtlənmişdi.
Qazıntılar zamanı ağac məmulatına nadir hallarda təsadüf olunması digər üzvi materiallar kimi onun çürüməyə meyilli olması ilə bağlıdır. Yazılı qaynaqlardan bəlli olur ki, XII–XIII əsrin əvvəllərində Azərbaycanın Naxçıvan, Ərdəbil kimi şəhərlərində ağacişləmə sənəti geniş yayılmışdı.
Ərdəbilin ağacişləmə emalatxanalarında daha çox kasa və tabaqlar hazırlayırdılar. Şəhərdə onları təmir edən və düzəldən çoxlu sənətkar vardı[1]. Başqa bir mənbə Ərdəbildə istehsal olunan sənətkarlıq məmulatı arasında ağacdan tabaq, daraq, musiqi aləti (saz), arabalar olduğunu vurğulayır (Əcaib əd-dünya, 1954, səh. 196). Ağacişləmə sənəti ilə bağlı arxeoloji dəlillər dolayısı olub, əsasən, bu sənət sahəsində işlədilən əmək alətlərindən ibarətdir. Yalnız Xaraba-Gilan qazıntıları istisna təşkil edir. XII–XIII əsrlərin sərdabələrinin arxeoloji tədqiqindən naxışlı və yazılı ağac lövhələr tapılmışdır. Karvansarada isə ağacdan hazırlanmış silindrik formalı iki əşya aşkarlanmışdır. Onların dəftərxana ləvazimatı olduğu ehtimal olunur[2]. Arxeoloji qazıntılar zamanı tapılmış balta, kərki, mişar, burğu, iskənə ağacişləmə ilə bağlı alətlərdəndir. Həmin alətlər kəsmə, yonma, deşmə, naxışsalma kimi texnoloji prosesləri yerinə yetirməyə imkan verirdi.
Arxeoloji dəlillər yaşayış evlərinin inşaatında tir, pərdi, sütun, qapı və pəncərə ilə yanaşı, bəzən hətta ağac konstruksiyalı tikililərin yayıldığına şəhadət edir. Məsələn, Sərkərtəpə yaşayış yerində aşkar olunmuş XII əsrə aid evin ağacdan inşa olunmuş dəhlizi XIII əsrin birinci yarısında yanğın nəticəsində məhv olmuşdu. Sandıqtəpə yaşayış yerində tədqiq olunmuş yaşayış evlərinin birində isə qapı açırımında kömürlənmiş ağac çərçivənin qalıqları qeydə alınmışdır[3]. Qıraq Kəsəmən yaşayış yerində isə təndirxananın yanğın nəticəsində uçmuş, kömürlənmiş tirlərinin qalıqları aşkarlanmışdır. Beyləqan qazıntılarından məlum olan XII–XIII əsrin əvvəllərinə aid bir ədəd ağac daraq bədii ağacişləmə sənətinə, xüsusilə nəccarlığa dair qiymətli tapıntıdır[4].