Ağalar Hacıqasımov

Ağalar Hacıqasımov (tam adı: Hacıqasımov Ağalar Sultan oğlu; d. 5 mart, 1935-ci il) — geologiya‑mineralogiya elmləri doktoru, professor. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı.[1]

Ağalar Hacıqasımov
Hacıqasımov Ağalar Sultan oğlu
Doğum tarixi 5 mart 1935(1935-03-05) (89 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Sənaye İnstitutu
Fəaliyyəti İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı.

Hacıqasımov Ağalar Sultan oğlu 1935-ci il martın 5-də Bakı şəhərində anadan olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirib. A.Hacıqasımov əmək bioqrafiyasına "Azdənizneftkəşfiyyat" trestində 3 nömrəli buruq kontorunda məhlulölçən kimi başlayıb, sonradan "Leninneft" trestində geoloq, baş geoloq, 11 nömrəli neft mədəni müdirinin müavini işləyib. 1963-cü ildə doğma universitetin aspiranturasında təhsilini başa vurduqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasında geologiya-geofizika problem laboratoriyasının mühəndisi, elmi-tədqiqat işləri sektorunun rəhbəri, böyük elmi işçi, dosent, professor (1969), kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 1968-ci ildən tədris işləri üzrə prorektor işləyib. 1981-ci ildə A.Hacıqasımov İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasına dəvət edilib və orada professor vəzifəsində işləyib, kafedra müdirinin müavini olub. 1992-ci ildə "buruq qazmasının texnikası və təşkili" Elmi İstehsalat Kompaniyası" (TOBUS EİK) Səhmdar Cəmiyyətinə baş geoloq vəzifəsinə keçib, sonradan baş direktorun müavini, vitse-prezident təyin olunub. 1998-ci ildə "Nefteotdaça" Rusiya sahələrarası elmi-texniki kompleks" ASC-nin Xarici İqtisadi Əlaqələr Mərkəzinə başçılıq edib. 2001-ci ildən bu kompaniyanın vitse-prezidentidir. 2012-ci ildə pensiyaya çıxaraq müəllimlik fəaliyyətində 20 illik fasilədən (1992-ci ildən 2011-ci ilə qədər) sonra yenidən kafedraya qayıdıb. Geologiya-mineralogiya elmləri doktoru, professor A.Hacıqasımov dərc edilmiş 179 elmi işin, o cümlədən 13 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Alim 15 elmlər namizədi, o cümlədən Vyetnam, Suriya, Kuba, Yəmən və Sudandan olan mütəxəssislər hazırlayıb.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Bu sahədə çalışdığı müddət ərzində Xalqlar dostluğu ordeni, "Şərəfli əməyə görə. V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə" medalı, kadr hazırlığında xidmətlərinə görə ADR-in nişanı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, "Neft sənayesi əlaçısı", "Yer təkinin kəşfiyyatı əlaçısı", "Ali məktəb əlaçısı", "Fəxri neftçi" nişanları ilə təltif olunub.[1]

  1. 1 2 3 Hacıqasımov, Ağalar. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.