Ağoğlan piri

Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah.

Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir.

Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 15.