Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (12 mart 1872, Ağsu – 26 noyabr 1937) — aşıq, şair.[1]
Aşıq Mirzə Bilal | |
---|---|
Aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov | |
Doğum tarixi | |
Doğum yeri | Qəşəd kəndi, Şirvan qəzası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat səbəbi | repressiya |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Soltanxanım Talıb qızı |
Uşaqları | Ağalar (1913-1988), Ağasəlim (1917-1995), Şəfi (1922-2018), Şəfiqə(1927-1979), Şura (1930-2019) |
Atası | Mustafa Mikayıl oğlu |
Anası | Badam (Azad Yüzbaşının bacısı) |
Fəaliyyəti | aşıqlıq |
Aşıq Mirzə Bilal | |
Aşıq Mirzə Bilal Vikimənbədə |
1872-ci il mart ayının 12-də Şirvan qəzasının Ağsu rayonunda Qəşəd kəndində anadan olmuşdur. Həmyerlisi Molla Xasının məktəbində oxumuş, sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirmişdir. Burada o, ərəb-fars dillərini kamil öyrənmiş, klassik poeziyaya dərindən bələd olmuşdur. Şamaxı ədəbi mühiti – "Beytül-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir.
Böyük nüfuz sahibi olması hökumət yetkililərinin nəzərindən yayınmamış, ona Xalq Cümhuriyyəti dövründə (1918–1920) Şamaxı qəzasının əmniyyət müdiri vəzifəsi həvalə olunmuşdur. Onun repressiya qurbanı olmasının əsas faktorlarından biri də məhz budur. Aşıq Mirzə Bilalın represiya olunmasının digər əsas səbəbi isə onun, yaradıcılığında və aşıqlıq fəaliyyətində sovet rejimininin qoyduğu qadağalara riayət edə bilməməsi olmuşdur. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuş və qurultayda bütün aşıqlar adından çıxış etmişdir. Aşıq Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmiş, həmin ilin noyabr ayının 26-dan 27-nə keçən gecə "xalq düşməni" adı altında güllələnmişdir. SSRİ Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası 12 oktyabr 1955-ci ildə Mikayılov Bilal Mustafa oğlunun işinə yenidən baxaraq onun haqqında olan Azərbaycan SSR XDİK üçlüyünün 10 noyabr 1937-ci il tarixli qərarını ləğv etdi və o, bəraət aldı. Aşıq Mirzə Bilalın həbs olunarkən dediyi "Məni günahsız tuturlar" sözlərini ən nəhayət, dövlət özü də təsdiq etdi.
Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu yenidən bəraət almışdır.
Əbədiyaşar sənət piramidasının xüsusi mərhələsində — XIX əsrin sonlarında meydana çıxan Qəşədli Mirzə Bilal, Şirvan aşıq sənətini məna və məzmunca yeni inkişaf mərhələsinə yüksəltmiş, müasir Şirvan aşıq məktəbinin əsasını qoymuş, "Şirvan Aşıqlarının Atası" titulunu qazanmış nəhəng bir sima olmuşdur.