Aşağı Buzqov piri — Babək rayonunun Aşağı Buzqov kəndindən qərbdə ziyarətgah.
Yuxarı Buzqova gedən yolun sağında, qayaların altında yerləşən bu pir, hər iki Buzqov camaatının əsas inam yerlərindən biridir. Ziyarətgahın müqəddəsliyi buradakı bulaq, müxtəlif ağac və kollarla əlaqələndirilir. Xalqın inamına əsasən müqəddəslərdən biri buraya, qayanın altına sığınmış, ona görə bulaq və yaşıllıq əmələ gəlmişdir. İnamların xarakteri ilə tanışlıq onların islamdan əvvəlki dövrlərə aid olduğunu söyləməyə imkan verir. Muxtar Respublikanın digər bölgələrindəki bu tip pirlərdə olduğu kimi, burada da ağac və kollara müxtəlif rəngli parçalar bağlamaqla onları, bulağı müqəddəs sayırlar. İnamların xarakteri və ziyarətgahın quruluşu onun e.ə. II–I minilliyə aid olduğunu söyləməyə imkan verir.[1]