AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi

MUZEY HAQQINDA ÜMUMİ MƏLUMAT[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş 30-dan çox muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Əlincəqala Tarix-Mədəniyyət Muzeyi, Dövlət Bayrağı meydanı və muzeyi, həmçinin son günlərdə  Naxçıvan MR Ali Məclisi Sədri tərəfindən imzalanmış 12.09.2017-ci il tarixli Sərəncama əsasən yaradılacaq Naxçıvan Duz Muzeyi tariximizin yadigarlarının qorunması və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxmışdır [1].

Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan Arxeologiya və Etnoqrafiya muzeyi AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin materialları əsasında təşkil olunmuşdur. 2008-ci ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun nəzdində fəaliyyətə başlayan bu muzey Bölmə əməkdaşlarının apardıqları çöl tədqiqat işlərinin materialları bazasında formalaşdırılmışdır. Muzey materiallarının toplanması və sistemləşdirilməsi AMEA-nın müxbir üzvləri V.Baxşəliyev, H.Q.Qədirzadə və H.Y.Səfərlinin təşkilatçılığı ilə həyata keçirilmişdir. Arxeoloji xidmət şöbəsinin fondu I Kültəpə, Sədərək, Ovçulartəpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba-Gilan, Şahtaxtı, Oğlanqala və digər abidələrin materialları əsasında formalaşdırılmışdır. Bununla yanaşı, muzeydə muxtar respublika ərazisindəki abidələrdə araşdırma aparan digər tədqiqatçılar tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri də vardır. Onların bir qismi  Sərgi salonunda, digərləri isə Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir.

Etnoqrafik materiallar cəhrə, teşi, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyalarından ibarətdir.

Eksponatların bir qismi muzeyə müxtəlif təşkilatlar tərəfindən verilmişdir. Bunların içərisində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin muzeyə bağışladığı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə təsis olunmuş medallar xüsusi yer tutur. Hüseyin Cavid, Möminə Xatun, Yusif Küseyir oğlu, Qarabağlar və Nuh Peyğəmbər türbəsini əks etdirən bu dəyərli hədiyyələr muzeyin sərgi salonunu zənginləşdirməkdədir.

Muzeyin fəaliyyəti 2 istiqaməti əhatə edir.

  • maddi-mədəniyyət nümunələrinin mühafizəsi;
  • mədəni irsimizin təbliği.

Maddi-mədəniyyət nümunələrinin mühafizə olunması prosesi eksponatların inventarlaşdırılması, qismən bərpası, şüşə vitrinlərdə, yaxud fond şkaflarında komplektləşdirilməsi ilə paralel şəkildə həyata keçirilir. Muzeyə yeni daxil olan materialların qeydə alınması, sənədləşdirilməsi və invertar kitabına daxil edilməsi də bu istiqamətə aiddir.

İkinci istiqamət isə muzeyə gələn qonaqların eksponatlarla tanış olması, muzeydə açıq dərslərin keçirilməsi yolu ilə həyata keçirilməkdədir. Muzeyi ziyarətə gələn qonaqlar Naxçıvanın tarixi ilə tanış olmaq imkanı qazanırlar. Bu mənada AMEA Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya muzeyi təkcə tariximizin, mədəniyyətimizin deyil, eyni zamanda mənəviyyatımızın da inkişaf dinamikasını nümayiş etdirmək kimi müqəddəs missiyanı yerinə yetirməkdədir.

SƏRGİ  SALONU[redaktə | mənbəni redaktə et]

Arxeologiya və Etnoqrafiya muzeyinin sərgi salonunda arxeoloji və etnoqrafik materiallardan ibarət 550-dən çox eksponat nümayiş etdirilir. Bu eksponatların 449-u muxtar respublikanın müxtəlif abidələrində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş nümunələrdir. Onlar əsasən saxsı qablarla, müxtəlif daş növləri o cümlədən, obsidian məmulatı, sümük və buynuzdan hazırlanmış alətlərlə təmsil olunmuşdur. Arxeoloji materiallar soldan başlayaraq xronoloji ardıcıllıqla tarixi dövrlər üzrə düzülmüşdür. Onlar Neolit dövrü, Eneolit dövrü, Tunc dövrü, Dəmir dövrü, Antik dövr və Orta əsrlər dövrü üzrə 29 vitrində sərgilənməklə bu regionda zaman-zaman bir-birini əvəz etmiş Neolit mədəniyyəti, Eneolit mədəniyyəti, Kür-Araz mədəniyyəti, Boyalı qablar mədəniyyəti, Antik və Orta əsrlər dövrü mədəniyyəti haqqında tamaşaçıda dolğun təsəvvür yardırlar. Materiallarının çoxluğu ilə fərqlənən abidələrə ayrıca bölmə həsr olunmuşdur. Ovçulartəpəsi, Ərəbyengicə, I Maxta, Duzdağ, Gəmiqaya, Xaraba-Gilan, Şahtaxtı, Qız qala, Oğlanqala kimi yaşayış yerləri, Yaycı, Dəmyələr nekropolunun arxeoloji materialları ayrıca və kompleks şəkildə sərgilənməklə abidənin dövrü və xüsusiyyəti haqqında ümumi təsəvvür yaradır. Bunlarla bərabər Qazxan, Dəmirçi nekropollarından, I Zoğala yaşayış yeri və digər abidələrdən aşkar olunaraq müxtəlif vaxtlarda muzeyə təhvil verilmiş eksponatlar da dövrlərə uyğun olaraq qruplaşdırılmaqla nümayiş etdirilir.

Etnoqrafik materiallar 30-cu vitrində nümayiş olunmaqdadır. Burada cəhrə, yun darağı, teşi kimi toxuculuq alətləri, xalça, kustar üsulla toxunmuş yun corab, qız-gəlinlərin cehizlərini bəzəyən müxtəlif əl işlərindən ibarət toxuculuq məhsulları, milli geyimlərdən olan qaragül papaq, nehrə, rəfətə kimi tədricən məişətimizdən çıxmaqda olan eksponatlar sərgilənir.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə təsis edilmiş 5 medal 31-ci vitrində sərgilənir. Muzeyin eksponatları içərisində muxtar respublika ərazisindəki tarixi abidələrin bir qisminin fotoşəkilləri də yer almaqdadır. Onların sayı Qazma mağarası, Ovçulartəpəsi, Oğlanqala və digər abidələri və bu abidələrdə aparılmış tədqiqat prosesini əks etdirən şəkillərlə birlikdə 56-ya çatır. Sərgi salonundakı eksponatların xronoloji ardıcıllığına uyğun olaraq, bu kitabçada hər bir arxeoloji mədəniyyətə, tarixi dövrə və elm sahəsinə aid eksponatlar qrupu ayrıca başlıqlar altında təqdim edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Arxeologiya və Etnoqrafiya Muzeyi (məlumat-bələdçi). Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Tusi” nəşriyyatı, 2017, 36 səh.