Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Klassik türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şahbəndə 1720-ci ildə Vas şəhərində anadan olmuşdur. Türkmənlərin yomut boyunun qoçaq tayfasına nənsub olan şairin ömrü Vasda və Köhnə Ürgəncdə, Qafqazda və İranda (Ətrək, Gürgan və İsfahanda) keçmişdir. Atasının adı Məmi, anasının adı Dövlətbikə, sevgilisinin (arvadının) adı Mənlidir. Özünün əsl adının Əbdünəzər olduğu söylənir. Şairin Seyidnəzər, Dövlətnəzər, Məmmədnəzər və Annamənli adlı dörd oğlu olmuşdur. Şahbəndənin nəslindən olanlar hazırda Türkmənistanın Daşoğuz vilatətinin Köhnə Ürgənc və Taxta mahalında, bir qolu isə Türkmənsəhrada (İran) yaşayırlar. Şair 1800-cü ildə vəfat etmiş və Daşoğuzda Aşıq Aydının kümbəzi yanında dəfn olunmuşdur. Əldə olan məlumata görə, Şahbəndə yaxşı təhsil almış, Xivədəki məşhur Şirqazi mədrəsəsində oxumuş, dövrünün ən bilgə adamlarından biri olmuşdur. Şeirləri, xüsusilə müəmmaları onun Şərq ədəbiyyatı, ilahiyyat, mifologiya, tarix, coğrafiya, astronomiya, təbabət sahələrində dərin bilik sahibi olduğunu göstərir.
Abdulla Şahbəndə | |
---|---|
Doğum tarixi | 1720-ci il |
Doğum yeri | Vas şəhəri |
Vəfat tarixi | 1800-cü il |
Vəfat yeri | Daşoğuz |
Milliyyəti | Türkmən |
Şahbəndənin gerçək həyatı başdan-başa əfsanə dumanına bürünmüşdür. Onun adı haqqında da xüsusi rəvayət var. Deyilənə görə, ən yaxın dostu savaşda əsir düşür və Şahbəndə onu axtarmağa çıxır. Gəlib görür ki, dostu bir şahın əlində əsirdir. Öz-özünə belə deyir: "Dostumla mənim aramda heç bir fərq yoxdur. Əslində, mən də şahın bir bəndəsi və əsiriyəm". Bundan sonra onun adı Şahbəndə olaraq söylənir.
Abdulla Şahbəndə Məmmədvəli Kəminə və Murad Talıbi ilə (rəvayətə görə, həm də Məxdumqulu Fəraqi ilə) yaxın dost olmuşdur. Xalq arasında onların dostluğu haqqında maraqlı rəvayətlər dolaşır.
Şahbəndənin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun mövzularının əksəriyyəti real həyat hadisələrindən götürülmüşdür. Bəzi şeirləri avtobioqrafik səciyyə daşıyır. Şeirlərində didaktik motivlər güclüdür. O, insanları daim yaxşılıq etməyə, xeyirxahlığa səsləmiş, xüsusilə gənclərə mərdlik, şücaət, ədalət duyğuları aşılamağa çalışmışdır. Şairin dini mövzuda yazdığı şeirlərdə həzrəti peyğəmbərin həyatı və islam dininin gözəllikləri ustalıqla və səmimiyyətlə vəsf edilmişdir.
Abdulla Şahbəndənin poetik irsinin böyük hissəsi itib-batmış, çox az bir qismi gəlib bizə çatmışdır. Onun bəzi şeirləri başqa şairlərin adına çıxılmış, dini məzmunlu şeirləri isə sovet dövründə ümimiyyətlə ortaya çıxarılmamışdır. Bununla birlikdə, şairin yaradıcılığı türkmən ədəbiyyatında çox mühüm bir mərhələ təşkil edir. O, sələfləri Nurməhəmməd Əndəlibdən və Dövlətməmməd Azadidən təsirləndiyi kimi, özündən sonra gələn xələflərinə, o cümlədən Məxdumquluya, Zəliliyə, Molla Nəfəsə, Katibiyə, Aşiqiyə və başqa şairlərə qüvvətli təsir göstərmiş, onlara nümunə olmuşdur.
Şahbəndə təmiz türkcə yazmağa xüsusi diqqət yetirmiş, mürəkkəb ərəb-fars tərkiblərindən imkan daxilində qaçmış, dilin saflığı uğrunda mübarizə aparmışdır. Şair "Nə bilsin" adlı şeirində türkmən şairlərini ana dilini sevməyə, yad və doğma sözləri bir-birindən ayırmağa çağırmışdır:
Türkcədən xəbərsiz neçə mollalar,
Ərəb dilin, divan xəttin nə bilsin,
Əlifdən şərməndə quru səllələr,
Hər sözün doğmasın, yadın nə bilsin.
Şairin yaradıcılığında müəmma janrı xüsusi yer tutur. Dini və dünyəvi elmlər üzrə dərin bilik, böyük yaddaş və müşahidə, eyni zamanda çevik zəka tələb edən bu janrda bir sıra mürəkkəb əsərlər yaradan Şahbəndə özündən sonrakı şairlərə güclü təsir göstərmişdir. Onun "Qırx", "Beş", "Nədir", "Hansıdır–budur" rədifli müəmmaları olduqca çətin və ağırdır. Deyilənə görə, onların çoxu bugünə qədər açılmamışdır. Sevindirici haldır ki, Abdulla Şahbəndə bəzi müəmmaların cavabını özü açmışdır.
Abdulla Şahbəndə lirik-fəlsəfi şeirlərlə yanaşı həm də bir neçə dastan müəllifidir. Onun "Şah Bəhram", "Gül-Bülbül", "Xocamverdixan" adlı dastanları var. Bunlardan "Şah Bəhram" hind mifologiyasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra, yaxud Viret-rana ilə bağlıdır. Bu surət sonralar İran mifologiyasına keçərək Bəhram kimi sabitləşmişdir. Mifik obraz olaraq Bəhram Mars (Mərrix) kimi savaşı simvolizə edir. Sasanilərin on dördüncü şahı olan, ədəbiyyatda qulan (gur, çöl eşşəyi) ovlayan Bəhram Gur kimi məşhurlaşmışdır. Nizami Gəncəvi "Yeddi gözəl" əsərində, Əmir Xosrov Dəhləvi isə "Həşt behişt" poemasında onun surətini yaratmışlar. Şahbəndə də onların təsiri altında bu mövzuya müraciət etmişdir. Lakin "Şah Bəhram" dastanının süjeti xeyli fərqli və orijinaldir.
Dastan Bəhramın şikara çıxması və orada bir qulanı tutması və minməsi ilə başlayır. Bu, əslində qulan cildinə girmiş Dev Səfid (qara dev) imiş. O, hamının gözləri qarşısında göyə uçaraq Bəhramı Qaf dağındakı qalasına gətitir, şah burada eyş-işrətə qurşanır, hətta bir zamanlar şah olduğunu da unundur. Vəziri Bəhramın yerinə şah seçirlər.
Qardaşının toyuna gedən dev darıxmaması üçün ikinci bağın açarını da şaha verir. Bəhram bu bağda Balahüsn adlı bir pəri qızını görüb onu sevir. Dev də bu qızı sevirmiş, hətta həmin gözəl bağı da onun xatirinə saldırıbmış. Nəhayət, pəri qızının məsləhəti ilə Bəhram Dev Səfidi cinlərin və devlərin peyğəmbəri Süleymana and içdirir və Balahüsnü sevdiyini söyləyir. Bundan sonra dev Balahüsnü ona bağışlayır.
Bəhram beş il sonra sövdəgər qılığında öz vilayətinə qayıdır. Öyrənir ki, vəzir onun hərəmxanasını ələ keçirmişdir. Təsadüfən vəzir Balahüsnü də görür, onu zorla almaq istəyir. Bu zaman Bəhram devi köməyə çağıraraq vəziri məhv edir, yenidən şah olur.
Burada dastanın ən mifik və maraqlı hissəsi başlayır. Balahüsn inciyərək öz vətəninə, Şəhrisəbz şəhərinə qayıdır. Bəhram onu tapmaq üçün devlərə müraciət edir. Dev Səfid və onun üç qardaşı əmrlərindəki bütün devləri səfərbər etsələr də, Şəhrisəbz şəhərinin yerini tapa bilmirlər. Ancaq devlər ona Süleyman peyğəmbərin möcüzəvi məziyyətə malik küllahını (onu başına qoyan adam başqalarının gözünə görünmür), əsasını (onun köməyi ilə bütün bağlı qapıları açmaq olur) və çarığını (onu geyən nə qədər yol getsə də, yorulmur) hədiyyə edirlər. Axırda bir dev Şəhrisəbzin yerini öyrənir və devlər Bəhramı ora qədər gətirirlər. Bəhram Süleyman peyğəmbərin əşyalarının vasitəsilə Balahüsnü tapır, atasından icazə alaraq onu öz vilayətinə gətirir.
Dastanın şeirləri isə müstəsna dərəcədə gözəldir. Şair öz əsərini qoşma, gəraylı, müxəmməs və qəzəllərlə bəzəmişdir. Xüsusilə gəraylı janrında yazılmış şeirləri çox axıcı, situativ məzmunlu, dolğun və lirikdir. Gəraylilar əsasən yeddi, deyişmələr on iki-on dörd bənddir. Şeirlərin qafiyələri Şahbəndənin yüksək istedadından və parlaq sənətkarlığından xəbər verir.