Abdulla Əmir Haşımi

Abdulla Əmir Haşimi (Cavanşir) Əmirbahadır oğlu (1950) – publisist, tərcüməçi, jurnalist

Abdulla Əmir Haşımi
Abdulla Əmirbahadır oğlu Əmir Haşımi
Doğum tarixi
Doğum yeri Həştəri, İran İran
Fəaliyyəti publisist, tərcüməçi,
jurnalist

1950-ci ildə Güney Azərbaycanda, Təbrizin ətrafında yerləşən Həştəri mahalında zəhmətkeş ailədə dünyaya göz açıbdır. Bir yaşında Təbrizə köçən A. Əmir Haşimi, ibtidai məktəb təhsili ilə həmzaman hələ uşaqlıq illərindən ailəsinin iqtisadi vəziyyətindən asılı olaraq işləməyə başlayıb. İbtidai məktəb dövründən oxumağa marağı olan A. Əmir Haşimi, cəmiyyətin ona yaratdığı dar şəraitdən irəli gələn minlərcə sualın cavablarını oxuduğu kitablarda axtarırdı. Orta təhsilini riyaziyyat ixtisasında Təbrizin məşhur Firdovsi gimnaziyasında alıb. Təbriz Universitetinin fizika fakültəsində oxuyarkən, həmzaman axşamlar oxuduğu texniki institutu bitiribdir. Təbriz Universitetində təhsilini davam edərkən, Təbrizin gimnaziyalarında fizika elmini tədris edib. 1974-cü ildə atası vəfat etdikdən sonra, ailəsinin məişətini idarə etmək üçün, günortadan sonra Sofiyanın sement zavodunda teknisyən kimi işə başlayıb.

1973-cü ildən dostları ilə milli və siyasi qrupları təşkil etdiklərinə və Şah rejiminin əleyhinə apardıqları fəaliyyətə görə 1976-cı ildə bir neçə dostu həbsə alınır və A. Əmir Haşimi gizli yaşamağa və yeraltı fəaliyyətə məcbur olur. Ancaq bir il sonra o da həbs olunur. Lakin inqilab başlamışdı və Azərbaycan xalqı meydana gəlmişdi. İlk fürsətdə dostları ilə birgə Təbriz və Azərbaycanın digər şəhərlərində Azərbaycan Demokrat Firqəsinin ofislərini açır. İnqilabdan sonra dörd ilə yaxın yarım-ələni siyasi fəaliyyətdə Firqənin Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü kimi Firqənin işçi-fəhlələr məsulu, Azərbaycanın vilayət məsulu və Firqənin kəndlilər üzrə məsuliyyətini daşıyır. Bu dövrdə Azərbaycanda fəhlə sendikaları, kənd şuraları, Azərbaycan yazıçı və şairlər cəmiyyətinin təsis və fəaliyyətində birbaşa çalışır. 1980-ci ildə "Xəlq Müsəlman" hadisələrində A. Əmir Haşimi, firqəçi yoldaşlarının biri ilə həbsə alınır və edamilər sırasına salınır. Qırmızı Xaç, vəkil və dostlarının fəaliyyəti əsasında ölümdən xilas edilir. 1981-ci ildə rəsmi olaraq Firqə qeyri-qanuni elan edilir və Firqənin sədr müavini həbs olunur. Firqənin bir sıra məsulları mühacirətə gedirlər, A. Əmir Haşimi isə yenidən yeraltı fəaliyyətə üz tutmağa məcbur olur. Bu ağır dövr tam 10 il davam edir. 10 il ki, birbaşa ağır təşkilati məsuliyyətlər daşıyır. Doyüş və daldalanma ilə dolu olan 10 il. Həmin dövr, gizli fəaliyyət ilə ələni fəaliyyətin birləşdirməsi dövrü idi. Türkcə kitabların çapı, Azərbaycan filmlərinin çoxaldılıb yayılması, beynəlxalq insan haqqları orqanlarına imza toplama, şəhidlərin anma mərasimlərinin təşkil edilməsi, şair və yazıçıların yubileylərinin keçirilməsi, şeir gecələrinin təşkili, Azərbaycan icmalarının yaradılması, dağçılıq və bu kimi ələni toplumların yaradılması A. Əmir Haşiminin ələni işlərindən idi. Eyni zamanda Tehran, Qəzvin, Zəncan, Ənzəli və Təbrizin zavodlarında mühəndis vəzifəsində müvəqqəti və qeyri-rəsmi işləyirdi. Zavodlarda işlədiyi zaman, Azərbaycan iqtisadiyyatı üzrə, həmçinin cəmiyyətin elm, maarif, iqtisadiyyat sahəsində geri qalması səbəblərini arayıb, araşdırırdı.

Texnoloji ixtisasa yiyələnməsinə baxmayaraq, A. Əmir Haşimi, mədəni-maarif sahəsində də öz bilik və bacarığını sınayırdı. Azərbaycan-türkcəsinə dair lüğətləri fars və ingilis dillərinə (30 min sözdən ibarət) çevirib, tərtib edibdir. O, həmin sözlərin dəqiq mənasını öyrənmək və yeri-yerində işlətmək üçün Güney Azərbaycanın xeyli kəndlərinə dəfələrlə səfər edib, bununla yanaşı, əhalinin mədəniyyəti, yaşayış tərzi və bir çox başqa milli həyatı ilə yaxından tanış olubdur. Bu araşdırmalar, onun yazdığı xeyli məqalələrində öz əksini tapır.

Nəhayət 1992-ci ildə İranı gizli yolla tərk etməyə məcbur olur. O vaxt, Azərbaycan Respublikası yeni istiqlal əldə etmişdi, xarici təcavüzə və iqtisadi və siyasi böhranlarla qarşı-qarşıya idi. Bunlara baxmayaraq Azərbaycan Dövlət TeleRadio Verilişləri Şirkətində jurnalist kimi işə alınır və 6 il, 1998-dək, Xarici Verilişlərin Şərq (türk, fars və ərəb) redaksiyasının baş-redaktor müavini vəzifəsində işləyir. Həmin dövrdə elmi və texniki savadını təkmilləşdirmək üçün Azərbaycan Dövlət Neft Akademiyasında elektrik-mühəndisliyi üzrə magistratura dərəcəsini alır və Bakı Dövlət Universitetinin tarix fakultetində isə dissertant kimi araşdırmağa başlayaraq, üç ildən sonra "İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi-siyasi münasibətlər, 1991-1997" adlı dissertasiya işini tamamlayıb çap etdirir.

Tanınmış Azərbaycan şairi Söhrab Tahirin "İnqilab Qartalı" romanını, "Heydər Əliyevin siyasi portreti" adlı kitabı və Əbülfəz Bərəkətin "Çörək" əsərini Azərbaycan-türkcəsindən farscaya, Əhməd Kəsrəvi Təbrizinin "İranın Məşrutə hərəkatının tarixi" kitabını (1046 səhifədən ibarət) farscadan Azərbaycan-türkcəsinə tərcümə edib, "Fiyuzat" jurnalını eləcə də Səbri Eyvazovun "Nədən bu hala qaldıq?" əsərini dilimizin latin və kiril qrafikalarına köçürüb, çap etdiribdir. A.Əmir Haşimi, Güney Azərbaycanın milli qurtuluş yolunda olan problemləri və onların həlli yollarını əks etdirən bir çox elmi məqalələrin müəllifidir. Yazılarının bir sırası, "Məqalələr toplusu" və "Bir neçə söz..." adlı müəllif-kitablarında nəşr edilibdir.

2001-ci ildən 2006-cı ilədək Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, 2006-cı ildən isə Güney Azərbaycan Konqresinin birinci məsulu vəzifəsindədir.

1998-ci ildə BMT vasitəçiliyi ilə İsveçə mühacirət edən, A. Əmir Haşimi, hal-hazırda yaşadığı Stokholm şəhərində ibtidai-məktəb müəllimi işləyir. Evlidir, üç övladı (Aydın, Babək və Ayda), iki nəvəsi (Batuxan və Damla) var.