Aceria erinea

Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir.

Keçəli qoz gənəsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Keçəli qoz gənəsi
Beynəlxalq elmi adı

Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır. Bu növ də öz inkişafını yumurta – nimfa I – nimfa II – yetkin fərd mərhələsində başa vurur. Dişilər cavan zoğlarda, tumurcuğun əsasında, catlarda və s. bu kimi yerlərdə qışlayır. Aprel ayından başlayan və təxminən 15-20 gün davam edən yaz miqrasiyası tumurcuqların açılmasına təsadüf edir. May ayının ortalarında dişilər yumurta qoymağa başlayır. Keçəli qoz gənəsinin nəslinin inkişafı 1 ay çəkir və iyun ayının axırında bitir. Ancaq sonrakı nəsillər daha tez inkişaf edir. Gənə generasiya zamanı 4 nəslə başlanğıc verir. Bu növün əmələ gətirdiyi keçələrin daxilindəki gənələrin sayı o qədər də çox olmur. Bunu belə izah etmək olar ki, keçəli gənələr açıq yaşayan növlər olub, fır əmələ gətirmirlər. Burada yırtıcı gənələr də az olmur və onların fəaliyyətinin nəticəsində qeyd edilən 4 ayaqlı gənənin sayı da az olur. Onların sayı ən çox iyul ayında artır. Yazda əmələ gələn keçələr yarpaqları möhkəm deformasiya edərək, onların inkişafını ləngidir.

Avropa növü olan bu gənə az rütubətli yerlərdə bitən qoz ağaclarını yoluxdurmaqla zoğların əsasında yerləşən yarpaq və zoğlara ciddi ziyan vurur. Nəticədə həmin zoğ və yarpaqlar böyümədən qalaraq məhv olur. Çox maraqlıdır ki, ziyilli qoz gənəsi və keçəli qoz gənəsi növləri heç vaxt eyni yarpağı yoluxdurmurlar. Ancaq kütləvi çoxalma zamanı hərdən belə hallara rast gəlmək olar. Holarktik növdür.

Azərbaycanda rast gəlinməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Ağstafa rayonunun Poylu kəndində becərilən və meşədə rast gəlinən qoz ağaclarının yarpaqlarından yığılmışdır. Azərbaycan faunası üçün xarakterik növ deyildir.