Ələkbərov Adışirin Balaşirin oğlu (25 noyabr 1955, Bakı – 2 may 2016, Bakı) — geoloq, Geologiya-mineralogiya elmləri doktoru (2004) , Əməkdar Mühəndis (2014)[1]
Adışirin Ələkbərov | |
---|---|
Adışirin Balaşirin oğlu Ələkbərov | |
Doğum tarixi | 25 noyabr 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 2 may 2016 (60 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | Geologiya-mineralogiya elmləri doktoru |
Mükafatları |
Ələkbərov Adışirin Balaşirin oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-hidrogeoloq ixtisası üzrə bitirmişdir.
1976–2001-ci illərdə Dövlət Geologiya Idarəsində (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Hidrogeologiya Ekspedisiyasında çalışmışdır, geoloq vəzifəsindən ekspedisiyanın rəisi vəzifəsinə qədər yüksəlmişdir. A. B. Ələkbərov 2001–2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hidrogeoloji və Mühəndis Geologiyası İdarəsinin rəisi işləmişdir. 2006-cı ildən "Azərsu" ASC-də şöbə rəisi və "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.
A. Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı – Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Əzizbəyov və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6–7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.
A. B. Ələkbərov 1986-cı ildə "Gəncə-Qazax dağətəyi düzənliyi kontinental çöküntülərinin yeraltı su ehtiyatlarının təsərrüfat fəaliyyəti şəraitində yaranması qanunauyğunluqları" mövzüsunda namizədlik, 2004-cü ildə isə "Təbii texnogen sistemlərdə hidrogeoloji proseslərin qanunauyğunluqları, onların proqnozlaşdırılması və idarə edilməsində süni intellekt üsulunun tətbiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
A. Ələkbərov Bakı şəhəri ərazisinin gərgin geoekoloji vəziyyəti, şəhərsalmanın mövcud hidrogeoloji və geoekoloji problemləri, şəhər ərazisində tikilən binaların ərazinin mühəndisi-geoloji imkanlarına uyğunluğu, təhlükəli sahələrdə inşaat işlərinin törədə biləcəyi fəsadlarla əlaqədar beynəlxalq konqres və simpoziumlarda, ölkədaxili elmi müşavirələrdə, dövlət və müstəqil televiziyalarda, qəzetlərdə çoxsaylı çıxışlar etmiş, elmi və publisistik məqalələr yazmışdır.
2000-ci ildə Bakı – Abşeron aqlomerasiyasınin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraitini, mövcud problemləri, onların yaranma səbəblərini və həlli yollarını dolğun əks etdirən "Апшерон: проблемы гидрогеологии и геоэкологии" kitabını nəşr etdirmişdir. Adı çəkilən problemlərin araşdırılması ilə maraqlanan mütəxəssislərin yekdil rəyinə görə bu monoqrafiya fundamental və nadir tədqiqat əsəridir.
2004-cü ildə NATO tərəfindən Bakıda təşkil edilmiş "Management and Sustainable Development of Urban Groudwater Systems " seminarında çıxış etdiyi "Azərbaycanın geoekoloji problemləri" məruzəsində əsas diqqət dünyanın ən gərgin geoekolji şəraitlə səciyyələnən regionlarından olan Bakı- Abşeron aqlomerasiyasının mövcud vəziyyətinə yönəldilmişdir.
2014-cü il 12–15 noyabr tarixində Buxarest şəhərində 12-ci beynəlxalq "EUROPE-INBO 2014" Su Çərçivə Direktivinin tətbiq edilməsinə dair konfransda "Kür-Araz çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı İdarə Olunmasının transsərhəd problemləri" mövzusunda çıxış etmişdir.
"Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarəedilmənin elmi-metodik əsasları" mövzusunda apardığı araşdırmaları barədə 2015-ci ildə AMEA Rəyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış etmiş və ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi və dayanıqlı idarə edilməsi, eyni zamanda su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar son illərdə görülən işlərdən danışmışdır.
O, "Azərbaycan Respublikasının Su Məcəlləsi" layihəsinin əsas tərtibçilərindən idi, su ehtiyatlarından istifadə, ekzogen geoloji proseslərə məruz qalmış ərazilərdən istifadə və digər müvafiq qaydaların tərtibində yaxından iştirak etmişdir.
BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan Kür-Araz hövzəsinin su ehtiyatları layihəsinin Azərbaycanın yeraltı suları və Cənubi Qafqaz regionunun yeraltı suları hesabatlarının müəllifi və eksperti olmuşdur.
Bölgədə ən böyük su təchizatı sistemlərindən biri — Oğuz-Bakı su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi, sugötürücünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarındandır.
2004-cü ildə Abşeron aqlomerasiyasının timsalında təbii-texnogen sistemlərdə hidrogeoloji proseslərin qanunauyğunluqları və hidrogeoloji proseslərin proqnozlaşdırılması və idarə olunmasında ilk dəfə olaraq süni intellekt metodunun tətbiqi üzrə geologiya-mineralogiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Fransa, Polşa, Niderland, Qazaxıstan, Ukrayna, Estoniya, Özbəkistan, Gürcüstan, Mərakeş və digər ölkələrdə dərc edilmiş 90-a yaxın elmi məqalənin, 3 monoqrafiyanın, atlasların müəllifidir. Azərbaycanın geoekoloji xəritəsini tərtib etmişdir. "Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi", və "Апшерон: проблемы гидрогеологии и геоэкологии" kimi fundamental kitabların müəllifidir.
UNDP, UNESCO, UNECE və digər beynəlxalq qurumların transsərhəd su obyektlərinin və yeraltı suların idarə olunması ilə əlaqədar bir sıra layihələrinin Cənubi Qafqaz və Azərbaycan üzrə icraçısı və eksperti kimi fəaliyyət göstərmişdir. Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların, Yer elmləri üzrə ekspert və dissertasiya şuralarının üzvü olmuş, ölkəmizi bu qurumlarda layiqincə təmsil etmişdir.
Dünya Su Forumlarının, Beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların aktiv iştirakçısı olmuşdur.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən CATEF 2013 və CATEC 2014 Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının təşkilində və aparılmasında böyük rolu olmuşdur.
Dünya Su Şurası tərəfindən təşkil olunan beynəlxalq su forumlarında, su forumlarına hazırlıq iclaslarında fəal iştirak etmiş, su sektoru ilə əlaqədar çoxşaxəli problemlərin tənzimlənməsi və həll edilməsi istiqamətində olan müzakirələrə qoşulmuşdur.[2]
Görkəmli alim dünyanın Böyük Britaniya, Fransa, Almaniya, Çin, Niderland, Koreya, Hindistan, Türkiyə, Ukrayna, Rusiya, İran, Ruminiya, Macarıstan, İsveçrə, Latviya, Litviya, Estoniya, Belarusiya, Polşa, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və s. ölkələrində xidməti ezamiyyətlərdə olmuş, əldə etdiyi elmi nailiyyətlərə görə beynəlxalq mükafatlara layiq görülmüşdür[3]
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda elmi, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşgul olmuşdur.
Azərbaycan Respublikasının su ehtiyatlarının tədqiqi, içməli su mənbələrinin öyrənilməsi və işlənilməsi sahəsində A. Ələkbərovun apardığı araşdırmalar ölkəmizin su təsərrüfatı sektoruna dəyərli töhfələr vermişdir.[4]