Adət hüququ – hüququn ən ilkin formasıdır. Dövlət və hüququn qarşılıqlı əlaqəsidir. İctimai mühitdə kortəbii surətdə yaranan və uzun müddət ərzində vərdiş halına keçən, dövlət tərəfindən bəyənilən və sanksiyalaşdırılan normaların məcmusu. Hakim təbəqənin mənafelərini ifadə edən adətlərin əsasında yaradılmışdır.
Dünyəvi və tarixi təcrübə sübut edir ki, ümumi davranış qaydasının ifadə olunmasının başqa formaları da mövcuddur. Bir sıra ölkələrdə hüquq mənbələrinə yalnız normativ aktlar yox, həm də hüquqi adətlər, məhkəmə və hüquq presedentləri daxil edilir. Hüquqi adəti yəni adət hüququnu belə anlamaq lazımdır ki, o, dövlətdən asılı olmayaraq təşəkkül tapmış və cəmiyyət üzvlərinin şüurunda məcburi mahiyyət kəsb etmişdir. O yerdə ki, qanun susur, orada adət hüququnun təsiri başlayır.
Məsələn, inqilaba qədərki Rusiyanın tarixinə nəzər salsaq görərik ki, qanunların çatışmaması üzündən hakimlərin adət hüququna müraciət etmək ixtiyarı olmuşdur. Adət hüququ qanuna zidd olmamalıdır. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılıb.
Azərbaycan Respublikası qanunvericiliyində də Adət hüququ normalarına müstəsna hallarda yer verilmişdir.
Bizim ölkədə məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var, məsələn məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.