Yer kürəsinin mülayim iqlim qurşaqlarında, Şimali Amerikanın mərkəzi hissələrində təbii halda yayılmışdır. Buna “şeytanağacı” da deyilir.
Hündürlüyü 40 m, gövdəsinin diametri 1 m olan ağacdır. Gövdə qabığı tünd qonur və ya qaraya çalan rəngdədir, budaqların və zoğların tikanları adətən üçuclu, uzunluğu 10 sm-ə çatır, gövdə tikanları çoxşaxəli və iti, uzunluğu 40-50 sm-ə qədərdir. Yarpaqlar 20 sm uzunluqda, növbəli, cütlələkvari və ya ikiqat cütlələkvaridir. Yarpaqaltlığı xırda, 10-15 cüt, yumurtavari və ya uzunsov-oval formalıdır. Yarpaqcıqları kənarlarından yarımdairəvi, dilimli və ya tamkənarlıdır. Çiçəkləri iki və bircinsli, yaşılımtıl, 7sm-ə qədər uzunluğunda salxımlarda yerləşmişdir. Kasacıq və tac yarpaqlar zərif tüklüdür. Kasacıq borusu qabarıq, 3-5 ensiz dilimlidir. Ləçəklər 3-5-dir. Erkəkcikləri 6-10, sərbəstdir. Erkəkcik telləri tüklü, tozluqlar isə yaşıldır. Yumurtalıq oturan, qısa sütuncuqludur. Yumurtacıq 2-dir. Paxlalar iri, 50 sm uzunluqda və 3-4 sm enində, yastı, sallaq, dərivari, kənarlardan haşiyəli, tünd qonur, qəhvəyidir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabr-noyabr aylarında yetişir. Toxum, pöhrə və qələmlərlə çoxaldılır.
Quraqlığadavamlı, işıq və istisevəndir, torpağa az tələbkar, zəif şoran torpaqlarda yaxşı bitir.
Abşeron, Lənkəran, Şamaxı və Qobustanda rast gəlinir.
Toxumlarından kofe hazırlanır. Magistral yolların ətrafının yaşıllaşdırmasında istifadəsi məqsədyönlüdür.
Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm. Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.