Aland konvensiyası - Aland adalarının statusunun müəyyən edilməsi ilə bağlı 1921-ci ildə onlarla dövlət tərəfindən qəbul edilmiş və Millətlər Cəmiyyəti tərəfindən təsdiq edilmiş müqavilə.
Aland konvensiyasının şərtlərinə uyğun olaraq Aland adaları tamamilə silahsızlaşdırılmış zona elan olunurdu: onun ərazisində heç bir hərbi birləşmə saxlanıla və heç bir hərbi istinadgahlar inşa edilə bilməzdi. İsveç dilinin və mədəniyyətinin saxlanması haqqında Əsasnaməyə əsasən Aland adalarında yaşayan gənclər hərni xidmətə cəlb edilə bilməzlər.
1939-1940-cı illərdə baş vermiş Sovet-fin müharibəsinin başa çatması ilə bağlı SSRİ ilə Finlandiya arasında Aland adaları haqqında razılaşmaya dair müqavilədə Aland konvensiyasının bir çox şərtləri təkrar olunurdu. Lakin demilitarizasiya haqqında yeni müqavilə az sonra SSRİ ilə Finlandiya arasında başlanmış müharibə nəticəsində pozuldu.
İkinci dünya müharibəsindən sonra Aland adalarının demilitarizasiyası ilə bağlı statusu 1947-ci il Paris sülh müqavilələri ilə təsdiq olundu və bu günədək qüvvədədir.