Aleksandr Səlimov — Amerikalı şair, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Delaver Universiteti Senatının prezidenti və professoru, YUNESKO-nun fəxri mədəniyyət səfiri[1].
Aleksandr Səlimov | |
---|---|
Aleksandr Azim oğlu Səlimov | |
Doğum tarixi | |
Doğum yeri | Mahaçqala |
Tanınır | Delaver Universiteti Senatının prezidenti və professoru |
A.Səlimov 1963-cü ildə Mahaçqalada anadan olmuşdur. Onun valideynləri müəllim və incəsənət xadimləri olub. 1986-cı ildə Dağıstan Universitetini bitirən A.Səlimov 1989-cu ilə qədər Kuba Silahlı Qüvvələr Nazirliyinin beynəlxalq münasibətlər şöbəsində hərbi tərcüməçi vəzifəsində çalışıb[2]. 1990-cı ildə ABŞ-nin Delaver Universitetinin magistratura pilləsinə, oranı bitirəndən sonra isə Pensilvaniya Universitetinin aspirantura pilləsinə daxil olub[1].
1996-cı ildə "İspan dili və ədəbiyyatı" ixtisası üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hazırda Delaver Universitetində ispan və Latın Amerikası ədəbiyyatından dərs deyir. ABŞ Pen-klubunun, Amerika Şairlər Akademiyasının üzvü, Boliviya Yazıçılar və Rəssamlar İttifaqının fəxri üzvü, YUNESKO-nun fəxri mədəniyyət səfiridir. Onun kitabları və məqalələri İspaniyada, ABŞ-da, Kanadada, Cənubi Koreyada və Azərbaycanda nəşr edilib.
A.Səlimovun kitabları arasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib[2]. Professor Səlimov eləcə də Delaver Demokratlar Partiyası Koordinasiya Komtəsinin üzvü, Nyu Kastl qrafığından deputatlığa namizəddir[1].
Aleksandr Səlimov həmçinin çoxsaylı ədəbiyyatşünaslıq yazılarının, ispan romantizmi, XIX əsr şairəsi Hertrudis Homes de Avelyaneda ilə bağlı üç monoqrafiyanın müəllifidir[2].
2019-cu ildə şairin "Cənnət quşları" şeir toplusu və latın Amerikası ölkələrindəki sovet hərbi tərcüməçilərinin həyatından bəhs edən, avtobioqrafik səciyyəli "Kirildə Havana" hekayələr toplusu işıq üzü görəcək. Hal-hazırda Aleksandr Səlimov XX əsrin sonu, XXI əsrin əvvəlində cərəyan edən müxtəlif hadisələrdən bəhs edən, bədii-sənədli səciyyə daşıyan kəskin süjetli roman üzərində çalışır[2].