Alleqro—2005-ci ildə çəkilən Danimarka filmi.
Əvvəlcə sizə bir qədər filmin rejissoru Kristoffer haqqında məlumat verək. Bu rejissor özünəməxsus dəstxətti və psixoloji müəllif filmləri çəkməsi ilə tanınır. Böyük kinoya qısametrajlı filmlərlə gələn rejissor "Yenidənqurma" (Reconstruction) filmi ilə məşhurlaşıb. Az büdcə ilə gözəl sənət əsərləri yaratmağa qadirdi. Filmləri gərgin psixoloji aura və monoxron effektli operator işi ilə seçilir. Kameranın daim hərəkətdə olması DOQME, xüsusən Lars Von Trier üslubunu xatırladır.
Bu filmi də nağıl kimi danışan kəs var tamaşaçıya. Bu dəfə qəhrəman pianoçu Zetterströmdür. Zetterström Andrea adlı bir qadına aşiqdir. Lakin ona naməlum qalan səbəb üzündən Andrea onu tərk edir. Zetterström isə yaşadığı Kopenhageni tərk edib, uğur ardınca yollanır. O böyük uğurlar qazanır. Məşhur pianoçu kimi hər yerdə sevilir. Andreanı da unudur. Büsbütün unudur. Ona öz pianosu kömək edir. Unudulanlar arasında çox şey var. Zetterström isə bunların fərqinə belə varmır. Sadəcə yaşayır və həyatın mənasını pianoda görür. İllər keçib. İndi Kopenhagendə, dəqiq desək Kopenhagenin Zetterström yaşayan ərazisində naməlum, mistik "Zona" yaranıb. Bu zona 3 küçəni əhatə edir və ora giriş-çıxış mümkün deyil. Adrea da məhz "Zona"da qalan insanlar arasındadır. Bir gün Zetterströmun yanına bir nəfər gəlir və Kopenhagendə baş verən qəribə hadisə haqqında danışır. O, inadla Zetterströmu inandırmağa çalışır ki, "Zona"da baş verənlərlə pianoçunun keçmişi birbaşa bağlıdır. Zetterström bu xəbərin düzgünlüyünü araşdırmaq üçün illər sonra Kopenhagenə konsert vermək bəhanəsi ilə qayıdır. "Zona"da baş verənləri anlamaq isə ona heç də asan deyil. Keçmişi unutmaq, ya sadəcə yada salmaq istəməmək? Bunlardan hansı daha doğrudur? Vaxtında deyilməyən sözlər insana bəzən bir ömür bahasına başa gəlir. Sonda Andreanın Zetterströmü tərk etmə səbəbi, "Zona"nın mənası tamaşaçıya məlum olur. Heç bir "happy end" olmadan, real bir hadisə kimi də başa çatır.