Alovlanma promotorları

Alovlanma promotorları (alovlanmanı təşviq edən) yanacaq kamerasında dizel yanacaqlarının alovlanmasını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Alovlanma promotorları zəif alovlanma qabiliyyəti olan yüksək səviyyədə aromatikləşdirilmiş orta distillə fraksiyalarına, həmçinin naften əsaslı neftlərdən və qaz kondensatlarından əldə edilmiş dizel yanacaqlarına əlavə edilir.

Ümuni məlumat[redaktə | mənbəni redaktə et]

Qeyd edək ki, benzinin oktan ədədinin artırılması çox vaxt arzuolunan haldırsa, əmtəə dizel yanacağının setan ədədinin (SƏ) artırılmasına çox ehtiyatla yanaşmaq lazımdır. SƏ-nin optimal göstəricisindən bu və ya digər tərəfə kənarlaşma mühərriyin iş rejiminin pozulmasına səbəb olur.

Alovlanma promotorlarının təsiri mühərriyin növündən, iş rejimindən və SƏ-dən asılıdır. Yanacağın SƏ nə qədər yüksək olsa alovlanma bir o qədər tez baş verir və alovlanmanın gecikmə müddəti (AGM) bir o qədər az olur. AGM-nin müəyyən optimal müddəti saxlanılmalıdır. SƏ çox yüksəkdirsə, bu müddət bir o qədər azdır və yanacaq qarışığının hazırlanmasına az vaxt ayrılır. Nəticədə, yanacaq tərkibində yeni yanacaq porsiyalarına oksigenin verilməsini çətinləşdirən yanma məhsulları olan artıq yanan qarışığa püskürdülür.

Buna görə də, yanacaq tam yana bilmir və işlənmiş qazların tərkibində çoxlu natamam yanma məhsulları olur, bu da mühərriyin səmərəliliyini azaldır. SƏ kiçik olduqda, əksinə, AGM yüksəkdir və qarışıq yaxşı hazırlanır, lakin yanma üçün az vaxt qalır. Bu halda yanma intensiv baş verir və yanma kamerasında təzyiq artır, bu da öz növbəsində tıqqıltı səsinə, mühərriyin tezliklə yeyilməsinə və porşen halqalarının sınma təhlükəsinə gətirib çıxarır,

Alovlanma promotorları yanacağa, adətən 0,05–0,2% qatılığında daxil edilir.

Təsir prinsipi[redaktə | mənbəni redaktə et]

Alovlanma promotorlarının təsirini onların molekullarının О—О və О—N rabitəsi üzrə asan parçalanması ilə izah edirlər. Alınan sərbəst radikallar yanacağın alovlanmasını sürətləndirir. Bu növ aşqarlar yanma prosesinin yalnız əvvəlində təsir göstərir.

Səmərəlilik göstəricisi tərkibində aşqar olan yanacağın setan ədədidir.

Çeşid[redaktə | mənbəni redaktə et]

Rusiyada müxtəlif növ dizel yanacaqları üçün nəzərdə tutulmuş alovlanma promotorlarına aşağıdakı aşqarlar daxildir:

ИПН, izopropilnitrat (ТУ 6–14-9440) efir iyli şəffaf mayedir. Dizel yanacağına 1% ИПН əlavə etdikdə onun SƏ ən azı 10–12 vahid artmalıdır.

ЦГН, tsikloheksilnitrat (ТУ 2435-013-53306348-08) şəffaf rəngsiz və ya sarımtıl mayedir, tərkibində əsas maddənin miqdarı 97% (küt.). Onun tərkibində mexaniki qarışıqlar yoxdur və suyun miqdarı 0,1%-dən çox deyil. ЦГН-nin ИПН ilə müqayisədə bir sıra üstünlükləri var. O hidrolitik baxımdan daha davamlıdır, buxarlanma və partlama ehtimalı daha azdır, səmərəliliyi də daha yüksəkdir.

МПК alkilnitratlar qrupundan olan alovlanma promotorları əsasında çoxfunksiyalı aşqardır (ТУ 38.401-58-190-97), tövsiyə olunan qatılıq 0,25% dir. Bu aşqarın dizel yanacağına daxil edilməsi yanacağın məsrəfini azaltmağa və zəhərli tullantıları (benzopiren, aldehid) azalmasına imkan verir.

Yanacaqlarda təyini[redaktə | mənbəni redaktə et]

ISO 13759 üzrə dizel yanacağında alkilnitratlar spektrofotometrik üsulla təyin edilir. Bu məqsədlə, yanacaq nümunəsini qatı sülfat turşusu ilə işləyirlər. Bu zaman, 2,4-dimetilfenolla tutulan nitrat turşusu alınır. Nəticədə alınmış nitroksilenol reaksiya qarışığından çıxarılır və sarı duzun əmələ gəlməsi ilə natrium hidroksidlə işlənir. Rəngin intensivliyi 452 nm dalğa uzunluğunda ölçülür və alkil nitratın qatılığı kalibrləmə əyrisi ilə müəyyən edilir.

Yanacaqlarda alkil nitratların kəmiyyətcə təyin edilməsi üçün IQ Fourier spektrometriyası üsulu təklif olunmuşdur. Analitik qrup kimi 1635 sm-1-lik zonada nitro qrupunun valentlik vibrasiyası zolağından istifadə edilmişdir.

Məhdudiyyətlər və nöqsanlar[redaktə | mənbəni redaktə et]

Alkilnitratlar əsasında alınan alovlanma promotorları zəhərlidir, korroziya baxımından aqressivdir, yanacağı rəngləyir və qatran əmələgətirməni artırır. Oksidləşmə parçalanması nəticəsində onların yanacaqda səmərəliliyi azalır. Onlar asanlıqla hidroliz edir. Ona görə də tərkibində alovlanma promotoru olan yanacaqda nəmlik olmamalıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, aşqarın miqdarının seçilməsi çox vacibdir. Yanacağa promotorun daxil edilməsi onun özüalovlanma temperaturunu aşağı salır və yanacaq porşen yüksək nöqtəyə çatmazdan xeyli əvvəl alovlanır. Qaz halında olan yanma məhsulları porşenə təsir etməyə başlayır. Buna enerji sərf edilir, mühərriyin faydalı iş əmsalı azalır, yanma pisləşir, işlənmiş qazların tüstülüyü və toksikliyi artır.

Mənbə[redaktə | mənbəni redaktə et]

А.М.Данилов. Применение присадок в топливах.Санкт-Петербург: Химиздат, 2010