Amensalizm — özü xeyir verməyən və başqa populyasiyaya birtərəfli ziyan vuran yaşayış forması.
Su hövzələrinin dibində yaşayan xərçənglər çox vaxt torpağı qarışdırmaqla oradakı yosunların inkişafına mənfi təsir göstərirlər. Bu biotik əlaqə formasında iki qarşılıqlı təsirdə olan növlərdən biri üçün birgə yaşama mənfi nəticə göstərir. Digər növ isə ondan nə fayda alır, nə də zərər çəkir. Daha çox bu formada olan qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn, işıqsevər ot növləri fıstıq və ya küknar meşəsində ağac çətirlərinin güclü kölgəsi altında sıxışdırılır, lakin ağaclara belə "qonşuluq" heç bir fərq göstərmir. Bitkilərdə bəzən birinin ayırdığı məhsul digərinin (amensalın) böyüməsini ləngidir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilib, bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədilə müxtəlif zəhərli maddələrdən (herbisid) istifadə olunur. Bu hadisə allelopatiya adlanır.
Amensalizm su mühitində də yayılmışdır. Məsələn, göy-yaşıl yosunlar suyun çiçəkləməsinə səbəb olur, bununla da su faunası, bəzən su içməyə gələn heyvaтları (mal-qaranı) da zəhərləyir. Digər yosun növləri də bu xassəyə malikdir, onların ayırdığı peptid, xinon, antibiotiklər və digər maddələr hətta kiçik dozada da zəhərlidir. Bu zəhərlər ektokrin maddələr adlanırlar.