Amerika antropologiyası

Petroqlifikaya ((Yunanca Petra, qaya və glyphein, oymaq sözlərindən əmələ gəlib ) qaya üzərində yonulmuş, cizilmiş və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir. Petroqlif, piktoqrafiya ilə qarışdırılmamalıdır.) aid olan ən gözəl nümunələrdən biri də Qobustan dövlət tarixi-bədii qoruğunda olan qayaüstü rəsmləridir

“İnsan belədir də.” “Dünyadakı bütün insanlar bir-birinə bənzəyir”. Xalq deyimlərində, gündəlik nəqliyyatda tez-tez eşitdiyimiz belə cümlələr başqa ölkələrdə yaşayan insanların istək, duyğu və ümidlərinin bizimkilərlə eyni olduğu kimi yanlış bir iddianı bəsləyir.

Antropologiya daha geniş bir baxış – ayırd edici, müqayisə edici, fövqəl-mədəni (mədəniyyəti aşan) bir perspektiv təqdim edir. Çoxları düşünür ki, antropoloqlar fosillər və sənayeləşmiş toplumları araşdırırlar; bu qənaət tam olaraq yanlış deyildir. Ancaq antropologiya sənayeləşmiş xalqların araşdırılmasından əlavə, qədim və modern, sadə və mürəkkəb səviyyəli bir çox toplumları araşdıran müqayisəedici bir elmdir. Digər sosial elmlərin çoxu daha çox Amerika və Kanada kimi sənayeləşmiş uluslara fokuslanmaq meylində olsalar da, antropologiya bir toplumun adətlərini daimi şəkildə digərləri ilə qarşılaşdıran, unikal fövqəl-mədəni bir perspektiv təqdim edir. Məsələn televizorun kəşfi Amerika və Braziliya toplumlarında fərqli effektlər vermişdir.

Kultural (mədəni) antropoloq olmaq üçün tələb etnoqrafik sahə çalışması həyata keçirməkdir. Bu, adətən başqa bir mədəniyyətdə bir il, ya da daha uzun müddət qalaraq yerli xalqın arasında yaşamağı və adətlərini öyrənməyi gərəkdirir. Antropoloq o mədəniyyət haqqında nə qədər çox öyrənirsə öyrənsin ora üçün yad olaraq qalır. Bu təcrübənin dərin effekti vardır. Başqa adət və inanclara sayğı göstərməyi öyrənən antropoloq daha geniş bir dünyanın mövcudluğunu unuda bilməz. Bizimkindən fərqli düşünmə və davranma tərzləri vardır.

Adaptasiya, çeşidlənmə və transformasiya[redaktə | mənbəni redaktə et]

İnsanlar dünyanın ən rahat adaptasiya ola bilən heyvanlarıdırlar. Cənubi Amerika Andlarında insanlar dəniz səviyyəsindən 3600 metr hündürlükdə qurduqları kəndlərində yuxudan oyanıb təzdən 500 metr də hündürə dırmanırlar ki, qalay mədənlərindəki işlərinə getsinlər. Çeviklik və adaptasiya ola bilmək təməl insan özəlliyidir və insanın çeşidliyi antropologiyanın mövzusudur.

Antropologiyanın əhatə dairəsi çox genişdir: keçmiş, bu gün, gələcək, cəmiyyət, dil və mədəniyyət. İnsanlar bir çox cəhətlərində heyvanlarla ortaqdırlar, lakin mədəniyyət ancaq insana xasdır. Mədəniyyətlər, özlərinə tabe etdikləri insanların inanc və davranışlarını idarə edən və öyrənmə vasitəsiylə ötürülən ənənə və adətlərdir. Uşaqlar yaşadıqları toplumlardakı bu ənənələri öyrənirlər.

Mədəni ənənələr doğru və yanlış davranışlarla əlaqəli nəsillər boyunca formalaşdırılmış adət və mövqeləri əhatə edirlər. Mədəni ənənənin ən kritik ünsürü bioloji varislikdən çox öyrənmə yolu ilə ötürülməsidir. Mədəniyyət bioloji olmamaqla yanaşı hominid¹ biologiyası üzərinə təməllənir. Mədəni və bioloji adaptasiya əlaqəli və bir-birini tamamlayıcıdır. İnsanlar həm bioloji, həm də mədəni baxımdan adaptasiya olmağı davam etdirməkdədirlər.

İnsanın adaptasiyası² mədəniyyətlə biologiya arasındakı qarşılıqlı təsiri ehtiva edir. Məsələn, yüksək hündürlükdə yaşayan xalqlarda fiziolojik fərqlər ortaya çıxır. Alçaq bölgələrdən belə hündür bölgələrə gedən insanlarda nəfəs almaq sürətlənir, sürətli nəfəsalma ağciyər və qanda oksigenin miqdarını artırır və beləliklə nəbz sürətləndiyindən qan toxumalara daha tez yetişir.

Mədəni adaptasiya da bioloji adaptasiya kimi sürətli işləyir. Məsələn müasir bazar iqtisadiyyatının həyatımıza gətirdiyi fərqlərə uyğunlaşmağımız kimi. Lakin iqtisadi nailiyyət məhdud resurslarımızın yanlış istifadəsinə gətirə bilər. Fərdlərə yararlı olan davranışlar ətrafa ziyan verməklə uzun vədəli perspektivdə qrupun həyatda qalmasını təhdid edə bilər. “Toplumlar ətraflarının daimi və qalıcı mövcudluğunu istəyirlərsə, resurslarını iqtisadi uğurlarla ahəngdə qorumağa çalışmalıdırlar” (Bennett 1969).

Mədəni transformasiyanın sürəti son 10.000 ildə xüsusilə artmışdır. Milyonlarca il boyunca təbiətinin təqdim etdiklərinin toplanması və ovlanması – ovçu-yığıcılıq – hominid dolanışığının tək təməli olmuşdu. 10.000-12.000 il əvvəl Orta Şərqdə başlayan qida istehsalı (əkinçilik və heyvandarlığın inkişafı) ovçu-yığıcılığın yerinə keçməsi cəmi bir neçə min il çəkdi. Dövrümüzdən 5.000-6.000 il əvvəl Orta Şərqdə ilk sivilizasiyalar³ ortaya çıxdı. Çox yaxın bir zaman öncə isə sənaye istehsalı bütün dünyada insanlara dərindən təsir etdi. Dövrümüzün qlobal iqtisadiyyatı və rabitəsi bütün çağdaş insanları modern dünya sistemi içində bir-birinə bağlamaqdadır.

Qutu: Antropoloqlar da mədəni şoka uğrayırlar

Bir mədəniyyətdə yetişmiş, ancaq digərlərinə də böyük maraq duyan antropoloqlar, xüsusilə, sahə çalışmasına ilk dəfə çıxdıqları zaman “mədəni şok” yaşayırlar. Mədəni şok, yad bir mühitdə olmaqla ortaya çıxan duyğular və onun ardınca gələn reaksiyalardır. Tədricən yüksələn, tükürpərdici bir yadlıq hissi şəxsin öz mədəniyyətinin ən adi, ən təməl istiqamətvericilərindən məhrum olma duyğusudur.

Qeyd: Müəllif burda özünün Arembepedə (Braziliya) ilk etnoqrafik araşdırmasını təqdim edir və detallı şəkildə yerli əhalinin, uşaqların qeyri-adi (müəllifə görə), fərqli davranışlarını, onlara münasibətlərini təsvir edir.

Ümumi Antropologiya[redaktə | mənbəni redaktə et]

Ümumi antropologiya olaraq bilinən akademik antropologiya 4 ana alt fənni özündə birləşdirir:

Sosio-mədəni antropologiya (bundan sonra “mədəni antropologiya”)

Arxeoloji antropologiya

Bioloji antropologiya

Linqvistik antropologiya

4 ana alt fənnin tək bir sahə altında birləşməsinin tarixi və məntiqi səbəbləri vardır.⁴ Bu alt fənlər hər biri inkişaf etdikcə bir-birinə də təsir etmiş olurlar.

Ümumi antropologiya insan biologiyasının, psixologiyasının, toplumunun və mədəniyyətinin təməllərini araşdırır və aralarındakı əlaqəni analiz edir. Antropoloqlar bəzi təməl fərziyyələri ümumilikdə qəbul edirlər. Bunlardan biri, tək bir mədəniyyətin araşdırılması ilə “insan təbiəti”nə dair sağlam nəticələrə varmaq olmaz iddiasıdır. Məsələn, antropologiya fərqli mədəniyyətləri analiz edərək kişilərlə qadınlar arasındakı bir çox təzadın biologiyadan çox, mədəni təlimdən qaynaqlandığını göstərməkdədir.

Amerikan Antropologiya Dərnəyi təşkilatı antropologiyanın 5-ci alt fənni – tətbiqi antropologiyanı rəsmən təsdiq etmişdir. Tətbiqi antropologiya antropolojik məlumat, perspektiv, nəzəriyyə və metodların müasir ictimai problemlərin tərifi, dəyərləndirilməsi və həllinə tətbiqini nəzərdə tutur.

Amerika əhalisinin antropoloji tərkibi[redaktə | mənbəni redaktə et]

İndiki Amerika qitəsinin əhalisi mənşəcə bir neçə qrupa ayrılır:

1. Amerikanın ən qədim əhalisi olan hindular, eskimoslar və aleutlar;

2. Amerikaya müxtəlif dövrlərdə köçüb gəlmiş avropalıların nəsilləri;

3. Avropa müstəmləkəçiləri tərəfindən Amerikaya Afrikadan gətirilmiş zənci-kölələrin nəsilləri;

4. Avropalılar ilə hinduların (metislər), avropalılar ilə zəncilərin (mulatlar), hindular ilə zəncilərin (sambo) qarışmasından törəyənlər;

5. XIX-XX yüzillliklərdə Şərqi Asiya ölkələrindən - Çin və Yaponiyadan köçüb gələnlərin nəsilləri.

Avropalıların Amerikanı “kəşf” etmələrinə qədər qitənin şimal sahillərindəki - Berinq boğazından Qrenlandiya adasına qədər uzanan ensiz zolaqda eskimoslar, qalan hissəsində isə hindular məskunlaşmışdılar. Hinduların əksər hissəsi və eskimoslar nəsli icma quruluşunda yaşayırdılar. Mərkəzi Amerikada mayyalılar və asteklər, And dağlarında isə inklər yüksək mədəniyyət yaratmağı bacarmışdılar. Avropalıların Amerikanı işğal etmələrinə qədər yalnız And dağlarında yaşayan hindular maldarlıqla tanış idilər. Onlar yük daşınmasında lama, alpaka və viqan adlandırılan dəvələrdən istifadə edirdilər. Əsasən dəniz heyvanlarını ovlamaq ilə məşğul olan eskimoslar və aleutlar bir-birinə yaxın olan dillərdə danışırdılar. Şimali Amerikanın hinduları isə bir neçə dil qrupuna bölünürdülər:

1. Alqonkin qrupu. Bu qrupa daxil olan delavarlar, mogikanlar, naskaplar, ocibvelər, arapaxilər, çeyenlər və s. Şimali Amerikanın şərqində məskunlaşmışdılar.

2. Atapask qrupuna aid edilən tinnelər, navaxilər və apaçilər Şimali Amerikanın qərbində yaşayırdılar.

3. İrokez qrupuna aid edilən hindular Eri və Ontario gölləri sahillərində məskunlaşmışdılar.

4. Xoka-siu qrupuna aid edilən hindular (assiniboinlər, kroular, dakotalar, omaxalar və s.) Missuri çayı ətrafında yaşayırdılar.

5. Keddo qrupuna aid edilən hindular xoka-siu qrupuna aid edilən qəbilələrdən cənubda məskunlaşmışdılar.

6. Muskoq qrupuna aid edilən hindular (krikilər, seminollar və s.) indiki ABŞ-nin cənub-şərq ştatlarında yurd salmışdılar.

7. Yuto-astek və ya sonor qrupuna aid hindular (asteklər, şoşonlar, komançilər və s.) Meksikada və ABŞ-nin cənub-qərb hissəsində yaşayırdılar.

Avropalıların Şimali Amerikaya soxulmaları, xüsusilə də ABŞ dövlətinin təşkili hindular üçün əsl faciə oldu. Onların əksəriyyəti müstəmləkəçilər tərəfindən məhv edildilər, yerdə qalanları isə rezervasiyalara qovuldular.

Mərkəzi Amerika hindularının bir qismi yuto-astek, digərləri isə mayya dil qrupuna aid olunurlar. Bölgədə ən qədim mədəniyyətin qurucuları olan mayyalıların xələfləri hazırda Qvatemala və Hondurasda, asteklərin varisləri olan sapoteklər isə Meksikada yaşayırlar. Mərkəzi Amerikada həmçinin, karib və çibça dillərində danışan hindular yaşayırdılar.

Cənubi Amerika hinduları aşağıdakı dil qruplarına aid olunurlar;

1. Aravak qrupu. Avropalıların işğallarına qədər bu qrupa daxil olan xalqlar Cənubi Amerika materikinin şimalında və Antil adalarında məskunlaşmışdılar. Hazırda aravak qrupuna mənsub olan xalqlar Şimali və Mərkəzi Braziliyada və Perunun şərqində yaşayırlar.

2. Karib qrupu. Əvvəllər Cənubi Amerikanın şimal-şərqində geniş ərazilərdə məskunlaşmış karibdilli hindular (arekunalar, makuşilər, bakairilər) hazırda Braziliyada, Qvianada, Venesuela da yaşayırlar.

3. Je qrupuna daxil olan hindular (kayalolar,şerentelər, şavantlar) Braziliyada yaşayırlar.

4. Tupi-quarani qrupuna aid olan hindular Braziliyada və onunla həmsərhəd olan Paraqvay, Uruqvay və Boliviyada məskunlaşmışlar. Paraqvay əhalisinin əksəriyyətini onlar təşkil edirlər.

5. Əvvəllər quaykuri qrupunda danışan hindular indi öz dillərini unutmuş və ispanca danışırlar.

6. Çibça dillərində danışan hindular əvvəllər Sakit okean sahillərindən Kosta-Rikaya qədər yayılmışdılar.

7. Perunun ispanlar tərəfindən işğalına qədər inklərin dövlət dili olmuş keçua dili indi də geniş ərazilərdə yayılmışdır. Peru, Boliviya, Ekvador, Argentinanın bir hissəsi, Çilinin şimalı və Cənubi Kolumbiya hinduları hazırda keçua dilində danışırlar.

8. Aymara dili Boliviya və Peruda yayılmışdır.

9. Peulçe və texuelçe dillərində danışan hinduların əksəriyyəti ispan müstəmləkəçiləri tərəfindən məhv edilmişdir. XX əsrin əvvəllərində onların sayı cəmi 100 nəfərə enmişdir.

10. Araukan və ya mapuçe dilində danışan hindular Çilinin və Argentinanın cənubunda məskunlaşmışdırlar.

11. Odlu Torpaq adasında yaşayan hindular (yamanalar, alakaluflar) Avropa müstəmləkəçiləri tərəfindən tamamilə məhv edilmişdirlər.

Antropoloji baxımdan Amerikanın yerli əhalisi iki tipə ayrılır:

1. Arktika irqi. Bu irqə eskimoslar və aleutlar aid olunurlar. Arktika irqi Alyaska və Qrenlandiya variantlarına ayrılır. Alyaska eskimosları qrenlandiyalılardan boylarının ucalığı və baş göstəricilərinin böyüklüyü ilə seçilirlər. Belə ki, Alyaska eskimoslarının boylarının hündürlüyü 166 sm, baş göstəriciləri 77 olduğu halda, Qrenlandiya eskimoslarında bu əlamətlər müvafiq olaraq, 162 sm və 71-dir.

2. Amerika irqi. Bu irqə Amerikanın hindu əhalisi aid olunur. İ.Deniker bu irqin özünü düz və ya qartal burunlu, ucaboylu, mezokefal baş quruluşlu Şimal, düz və ya qartal burunlu, qısaboylu, braxikefal baş quruluşlu Orta, düz burunlu, ucaboylu, braxikefal baş quruluşlu, dördkünc sifətli, tünd-bozumtul rəngli Pataqon və düz burunlu, qısaboylu Cənubi Amerika tiplərinə ayırmışdır. Bu təsnifatda şimal tipinin özü ucaboylu atlantik və qısaboylu, üçüncü saç örtüyü daha çox inkişaf etmiş mezokefal baş quruluşuna sahib olan Sakit okean, Cənubi Amerika tipi isə dolixokefal paleoamerika və mezokefal baş quruluşlu variantlara ayrılırlar.

Bütövlükdə antropoloqların əksəriyyəti Amerika irqini bozumtul-sarı rəngli dərilərinə, çox saçlarına, üçüncü saç örtüyünün zəif inkişafına, almacıq sümüklərinin çıxıntısına, üst kəsici dişlərin “kürəkvarililiyinə” görə, sarı (monqoloid) irqə aid edirlər.

Lakin, qeyd etmək lazımdır ki, hindular sarı irqə mənsub asiyalılardan gözlərində epikantusun olmaması və kəskin çıxıntılı, düz burunları ilə fərqlənirlər. Bu əlamətlər onları ağ (avropoid) irqə mənsub əhali ilə yaxınlaşdırır. Azı dişlərinin iri ölçüləri, burunlarının enliliyi, dodaqlarının qalınlığı və sifətlərinin proqnat quruluşu hinduları qara (neqroid) irqə mənsub antropoloji tiplərlə yaxınlaşdırır. Bu əlamətlərə daha çox Kaliforniya və Arizonada yaşayan hindularda rast gəlinir. Məlum olmuşdur ki, yaki adlı hindu tayfasının 40%-dən çoxunun dərilərinin rəngi qara, burunları enli, dodaqları isə qalındır. Rus-sovet antropoloqu Q. Debets bunu bölgəyə şimaldan protoayn elementlərinin nüfuz etməsilə izah edir.

Amerikada müstəmləkə işğallarının başlanması ilə Avropada hinduların mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr yarandı. Hələ XVI əsrdə onların Asiya mənşəli olmaları ilə yanaşı, hinduları “itgin düşmüş İsrail övladları” və ya “Hindistandan köçmüş arilər” hesab edən “nəzəriyyələr” uydurulmuşdu. Coğrafi biliklərin zənginləşməsi nəticəsində Amerikanın Asiyadan Sakit okean vasitəsilə ayrıldığı məlum oldu. Bu isə hinduları kütləvi şəkildə məhv edən Avropa müstəmləkəçilərinin guya Amerika aborigenlərinin “Adəmdən törəmədikləri” ilə bağlı “nəzəriyyələr” uydurmalarına gətirib çıxartdı. M. Korrea isə Cənubi Amerika hindularının Avstraliyalılardan və Melaneziyalılardan törədiklərini iddia edirdi.

Məsələyə daha ciddi yanaşan N. Vitsenin Amsterdamda nəşr olunmuş “Şimali və Şərqi Tatarıstan” əsərində isə hinduların Asiyadan köçmələri antropoloji, etnoqrafik və linqvistik dəlillər ilə sübut olunur, onların tatar (türk) mənşəli olmaları qeyd edilirdi. Hinduların əcdadlarının Şərqi Asiyadan köçmələri ilə bağlı nəzəriyyə son dövrlərdə çex mənşəli ABŞ antropoloqu A. Qridliçka tərəfindən danılmaz faktlar ilə sübuta yetirilmişdir. Amerika qitəsi ərazisində (Alyaskadan, Ester çayı vadisindən, Şərqi Pataqoniyadan) aşkar edilən paleoantropoloji tapıntıları tədqiq edən A. Qridliçka onların indiki hindulara antropoloji oxşarlığını müəyyənləşdirətək, onların Şərqi Asiya xalqları ilə bağlılığını yazmışdır.

Antropologiyanın alt fənləri[redaktə | mənbəni redaktə et]

Mədəni antropologiya[redaktə | mənbəni redaktə et]

Mədəni (kultural) antropoloqlar toplumu və mədəniyyəti analiz edir, ictimai və mədəni bənzərlik və fərqləri təyin edirlər. Bir çox bioloji, psixoloji, ictimai və mədəni xüsusiyyətlər ümumbəşəridir – bütün insan nəsli üçün ortaqdır. Bəziləri ümumidir – hamıya aid olmasa da bir çox qruplara aiddir. Bəziləri isə xüsusidir – ancaq bir qrupa aiddir.

Mədəni antropologiyanın iki istiqaməti vardır:

Etnoqrafiya

Etnologiya

Etnoqrafiya – xüsusi bir qrup, toplum və ya mədəniyyətin “etno rəsm”ini ortaya çıxarır. Etnoqrafik sahə çalışmasında etnoqraf məlumatlar toplayaraq bunun etno-rəsmini (kitab, məqalə, film) hazırlayır. Etnoqraflar adətən kiçik toplumlar içində yaşayıb yerli davranış, inanc, adət, ictimai həyat, iqtisadi fəaliyyət, siyasət və dini araşdırmışlar.

Etnologiya – etnoqrafiyanın nəticələrini – fərqli toplumlardan toplanan məlumatları analiz edir və qarşılaşdırır. Etnoloqlar mədəni fərqlilik və oxşarlıqları təyin edib açıqlamağa, ümumbəşəri, ümumi və xüsusini ayırd etməyə çalışırlar. Etnologiya qarşılaşdırılacaq məlumatları yalnız etnoqrafiyadan yox, həm də keçmişin ictimai sistemlərini yenidən inşa edən arxeoloji antropoloqlardan da alırlar.

Arxeoloji antropologiya[redaktə | mənbəni redaktə et]

Arxeoloji antropologiya (və ya sadəcə Arxeologiya) insan davranış və mədəni modellərini maddi qalıqlar vasitəsilə yenidən inşa edir, təsvir edir və şərh edir. Arxeoloqlar əsasən son 6.000 ildən əvvəli araşdırırlar, lakin son dövləri və hətta müasir dövrü də araşdıra bilərlər. Məsələn, 1973-cü ildə Tucson, Arizonada aparılan bir araşdırmada arxeoloq William Rathje müasir dövrün zibillərinin analiz edilməsi ilə modern həyat tərzinin bir çox cəhətlərini ortaya çıxartmışdır. Rathjenin ad verdiyi “zibil elmi” insanların etməsi gərəkdiyi, ya da tədqiqatçının zənn etdiklərini yox, həqiqətdə insanların nə yaşadıqlarını ortaya çıxarır (Harrison, Rathje və Hughes, 1992). Yəni bəzən sahə çalışmasında insanların dedikləri, zibillərin araşdırılması ilə ortaya çıxan nəticə ilə təzad təşkil edə bilər. Məsələn, “zibil tədqiqatçıları” ən az pivə içdikləri iddiasında olan 3 Tucson-lu məhəllənin zibil qablarında ən çox sayda pivə qabları aşkar etmişlər (Podolefsky və Brown, 1992). Zibillər istehlak və fəaliyyətlərə dair məlumat qaynağıdır. Qədim dövrdən qalmış zibil qalıqları isə keçmişin iqtisadi fəaliyyətlərinə güzgü tuta bilər.

Başqa bir istiqamət keramika parçalarının tədqiqinə aiddir. Çünki keramika daha dayanıqlı məmuldur və dövrümüzədək qoruna bilir. Bir məskunlaşma yerində ortaya çıxan keramika qalıqları o tarixi dövrdə və məkandakı inkişafın hansı texnoloji mürəkkəblik səviyyəsinə çatdığını göstərə bilər. Əgər dulusçular həmin məskunlaşma yerində mövcud olmayan materiallardan istifadə etmişlərsə, bu ticarət sistemlərinə işarə olacaq. Fərqli ərazilərdəki bənzər məmullar mədəni əlaqələri göstərəcək. Bəlkə ortaq mədəni atalara sahibdirlər, bəlkə aralarında ticarət əlaqələri var idi, bəlkə də eyni siyasi sistemin altında yaşayırdılar.

Arxeoloqlar üçün başqa bir istiqamət paleoekologiyadır. Ekologiya, bir mühitdə olan canlılar arasındakı əlaqələrin analiz edilməsidir. Bu orqanizmlər ətraflarındakı mühitlə birgə ekosistemi yaradırlar. “İnsan ekologiyası” (və ya mədəni ekologiya) insanları ehtiva edən ekosistemləri tədqiq edir və insanın “təbiəti istifadəsinin ictimai təşkilatlanma və mədəni dəyərlərdən necə təsirləndiyini öyrənir” (Bennet, 1969). Paleoekologiya keçmişin ekosistemlərini araşdırır. Keçmiş və müasir toplumları tədqiq edərkən ekolojik yanaşma əhali, mədəni baxışla formalaşmış istəklər, əmək bölgüsü, istehsal metodları və təbii resursların onlara ehtiyac duyanlar və istifadə edənlər arasında necə bölündüyünü araşdırır.

Arxeoloqlar həmçinin qazıntı işləri ilə də, mədəni proses və modelləri tədqiq edirlər. Bu qazıntı işləri iqtisadi, ictimai və siyasi fəaliyyətlərdəki transformasiyanı sənədləşdirməyə imkan verir.

Həmçinin müqayisəli arxeologiya əldə edilmiş məlumatların qarşılaşdırılmasına imkan verir, bununla yeni biliklərə çıxmaq mümkün olur.

Bioloji və ya fizioloji antropologiya[redaktə | mənbəni redaktə et]

Bioloji və ya fizioloji antropologiyanın mövzusu insanın zaman və məkan içərisindəki müxtəlifliyidir. Bu müxtəliflik daha çox genetik və ətraf mühitin təsiri altında formalaşır. Ətraf mühitin təzyiqi istilik, soyuqluq, rütubət, gün işığı, yüksəklik və xəstəlikləri ehtiva edir. İnsanın fərqliləşməsinə yönələn fokus bioloji antropologiya içindəki beş maraq sahəsini birləşdirməkdədir.

Fosil qeydlərinin ortaya çıxardığı hominid təkamülü (paleoantropologiya)

İnsan genetikası

İnsanın böyüməsi və inkişafı

İnsanın bioloji çevikliyi (bədənin istilik, soyuq və hündürlük kimi təzyiqlərlə mübarizə qabiliyyəti)

Meymunlar, quyruqsuz böyük meymunlar və digər insan olmayan hominidlərin biologiyası, davranışı və ictimai həyatı.

Bu maraq sahələri bioloji antropologiyanı digər sahələrə bağlayır: biologiya, zoologiya, geologiya, anatomiya, fiziologiya, tibb və səhiyyə.

Osteologiya – sümüklərin tədqiqi – hominid əcdadlarımızı müəyyən etmək və anatomiyamızdakı transformasiyanı ortaya çıxarmaq üçün kəllə sümüyü, diş və sümükləri araşdıran paleoantropoloqlara yardımçı olur. Bioloji antropoloqlar insan təkamülünün fiziki və mədəni istiqamətlərini araşdırmaq üçün əməkdaşlıq edirlər. Fosillər və alətlər eyni yerlərdə olurlar. Alətlər hominidlərin adətləri, vərdişləri və həyat tərzləri haqqında məlumat verir.

Bir əsr bundan öncə Charles Darwin hər hansı bir populyasiya içində mövcud müxtəlifliyin bəzi fərdlərin həyatda qalmaq və törəməkdə daha uğurlu olmasına imkan yaratdığının fərqinə varmışdı. Ondan sonra inkişaf etmiş Genetika sahəsi bu müxtəlifliyin səbəbi və ötürülməsi məsələsində bizi aydınladır. Belə ki, müxtəlifliyin tək səbəbi genlər deyil. Fərdin həyatı boyunca bioloji xüsusiyyətlərin inkişafında irsiyyət ətraf mühitlə birgə təsirlənir. Məsələn, genetik olaraq uzun boylu olmağa meyilli insanlar uşaqlıqlarında yaxşı qidalanmazlarsa, qısa boylu qalacaqlar. Bu səbəbdən bioloji antropologiya ətrafın (qidalanma, yüksəklik, temperatur, xəstəlik) inkişaf prosesində bədən üzərindəki təsirini araşdırır. Daha əvvəl qeyd edildiyi kimi, insanın bioloji və mədəni təkamülü qarşılıqlı əlaqədədir və bir-birini tamamlayır. İnsanlar bioloji və mədəni baxımdan adaptasiya prosesini davam etdirməkdədirlər. Bu iki alt disiplinin ümumi antropologiya içində birlikdə araşdırılmasının səbəbi budur.

Bioloji antropologiya (zoologiya ilə birlikdə) primatologiyanı da əhatə edir. Primatlar ən yaxın qohumlarımızı – meymunları və quyruqsuz iri meymunları – ehtiva edir. Primatoloqlar onların biologiyasını, təkamül, davranış və sosial həyatını, adətən öz təbii mühitlərində araşdırırlar. Bir çox antropoloq primat davranışının erkən hominid davranışı (dolayısı ilə əcdadlarımızın) və insanın təbiəti və insan ümumbəşəriliyinə işıq tutduğunu düşündüyündən, primatologiya paleoantropologiyaya yardım etməkdədir.

Linqvistik Antropologiya[redaktə | mənbəni redaktə et]

Hominidlərin nə vaxt danışmağa başladıqlarını bilmirik. İnkişaf etmiş, mürəkkəb dillər min illərdir ki mövcuddur. Linqvistik antopoloqlar dili məkan və zaman içində sosial və mədəni kontekstdə araşdırırlar. Bəziləri dilin ümumbəşəri xətləri ilə bağlı mülahizələr irəli sürərək bunu insan beynin təkbiçimliliyinə bağlayırlar. Digərləri, müasir dillərdən yola çıxaraq qədim dillərə struktur verməyə çalışır. Digərləri isə, çox sayda mədəniyyətin fərqli qavrayış və düşüncə şablonlarını ortaya çıxarmaq üçün dil fərqliliklərini araşdırır. Dil fərqliləşməsinin sosial kontekstdə araşdırılmasına sosiolinqvistika deyilir. Sosiolinqvistlər danışmağın sosial fərqləri necə təzahür etdirdiyini göstərə bilmək üçün tək bir dil içindəki müxtəlifliyi araşdırırlar. Yazılı olmayan dillərin sürətlə öyrənilməsinə imkan verdiyindən linqvistik texnikalar etnoqraflar üçün də yararlıdır.

Təsviri linqvistika məxsusi dillərdəki səsləri, qrammatikanı və mənanı əhatə edir. Tarixi linqvistika zaman içindəki fərqliləşməni, məsələn (Chaucer`in dövründə danışılan) Orta ingiliscə ilə modern ingiliscə arasındakı səs, qrammatika və lüğət fərqliliklərini tədqiq edir. Fərqliləşmənin bir səbəbi bölgə ləhcələrini nəzərdə tutan coğrafi fərqliliklərdir. Linqvistik fərqliləşmə sosial bölünmələrlə də, əlaqələndirilmişdir. Etnik qrupların bilinqual (iki dilli) və məxsusi sosial siniflərlə bağlı danışıq modelləri buna nümunə göstərilə bilər. Dil və mədəniyyətin digər aspektləri arasındakı bağların tədqiqində linqvistik və mədəni antropoloqlar əməkdaşlıq edirlər.

¹Hominidlər fosil və yaşayan insanları ehtiva edən zooloji ailənin üzvləridirlər.

²Orqanizmlərin ətrafın təzyiqi ilə uyğunlaşması prosesi

³Sivilizasiyalar (mədəniyyətlər) dövlətlər, mərkəzi hökumətləri və ictimai sinifləri olan mürəkkəb toplumlardır.

⁴Tarixi səbəblər Şimali Amerika yerlilərinin mədəniyyətlərini öyrənmək marağından, məntiqi səbəblər isə bu alt fənlərin araşdırma sahələrinin bir-biri ilə yaxın əlaqəli olması ilə bağlıdır.