Amerikan qorxu hekayəsi: Qatil ev personajlarının siyahısı
Amerikan qorxu hekayəsi: Qatil evFX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının birinci mövsümüdür. Mövsümün mövzusu vəfasızlıqdır və hadisələr əsasən Harmonlar ailəsinin ətrafında baş verir. Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi Vivyenin uşaq düşürməsi və Benin tələbələrindən Hayden MakKlaynla ailəsinə xəyanət etməsindən sonra yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə köçür. Vayalet məktəblə problemlər olacağı və dostluq etməyə adam olmamasını bəhanə edərək əvvəlcə köçmək işinə qarşı olsa da, qısa zamanda evə bağlanır, evi geniş imkanlar simvolu kimi qəbul edir. Vayaletin atasının xəstələrindən biri olan Teyt Lenqdonla romantik münasibəti yaranır. Ben və Vivyen münasibətlərini sınaqdan keçirməli olurlar, Vivyen növbəti dəfə hamilə qalır, Ben isə növbəti dəfə ailəsinə xəyanət edir, Harmonların qonşusu olan evin keçmiş sakini Konstans Lenqdon ailənin işlərinə tez-tez müdaxilə edir. Ailə tezliklə hər şeyin heç də onların qəbul etdiyi kimi olmadığını, ətraflarında gəzən və onlarla ünsiyyət saxlayan insanların əksərinin ölülər olduğunu başa düşür.
Mövsümün əsas aktyor heyətinə Konni Britton, Dilan MakDermott, Evan Peters, Taissa Farmiqa, Denis O’Hare və Cessika Lanc daxildir. Xüsusi qonaqlar Keyt Mara, Zaxari Quinto, Çarlz S. Datton və Erik Stounstritdir, bunlardan başqa Frensis Konroy və Ceymi Bruyer də serialda rol almışdır.
Vivyen Harmon (Konni Britton) Ben Harmonun həyat yoldaşı və Vayalet Harmonun anasıdır. Serialın əvvəlindən onun Benlə münasibətlərinin soyuq olması görünür, sonradan Benin tələbələrindən biri olan Heyden MakKlaynla Vivyenə xəyanət etməsi məlum olur. Vivyen Los-Ancelesə köçdükdən sonra ərini bağışlamağa çalışır. Uzun müddət sonra onların arasında seks olur. Daha sonra Vivyen əri hesab etdiyi bondaj geyimli adamla da cinsi əlaqədə olur və hamilə qalır.[1] Əkiz uşaqlara hamilə qaldığını öyrənən Vivyen həm də, uşaqlardan yalnız birinin atasının Ben olmasından xəbər tutur. Digər uşağın atası isə bondaj geyimli adam (Teyt Lenqdon) olur. Benin əlaqədə olduğu qız Heyden hamilə olması bəhanəsi ilə Harmonların evinə gələrkən öldürülür və digər ruhlarla birlikdə Vivyeni dəli etməyə çalışır ki, onun əkizlərini ələ keçirə bilsin.[2] “Doğum” seriyasında Ben və Vivyen uşaqlardan birinin digərinə nisbətən çox sürətlə böyüdüyünü və artıq doğulmağa hazır olduğunu öyrənir. Doğum baş tutur, uşaqlardan biri vaxtından əvvəl doğulduğuna görə ölür.[3] Doğuş zamanı Vivyen də ölür və ölməzdən əvvəl o, Beni bağışlayır. Ölümündən sonra Vivyenin ruhu digər ruhlarla birlikdə gələcək faciələrin qarşısını almaq üçün evə gəlmək istəyən ailələri uzaqlaşdırmağa başlayır.[4] Vivyen Harmon roluna görə aktrisa Konni Britton 2012-ci ildə Miniserial və ya filmdə əsas qadın roluna görə Emmi mükafatına namizəd göstərilmişdir.
Dr. Ben Harmon (Dilan MakDermott) Vivyen Harmonun həyat yoldaşı və Vayaley Harmonun atası olan psixiatrdır. Serialın əvvəlində göstərilir Vivyenin uşaq düşürməsindən sonra Ben tələbələrindən biri olan Heyden MakKlaynla əlaqə qurub. Bu xəyanətdən sonra yeni həyata başlamaq üçün Harmonlar ailəsi Bostondan Los-Ancelesə köçür.[1] Burada uzun müddət sonra onunla həyat yoldaşı arasında cinsi əlaqə baş verir. Bir müddət sonra Harmonların yataq otağında bondaj geyimli bir adam da peyda olmağa başlayır və həmin adam da Vivyenlə cinsi əlaqədə olur. Vivyen onun Ben olduğunu düşünsə də, Ben yuxulu vəziyyətdə evin birinci mərtəbəsində olur. Vivyenin hamilə olmasının ortaya çıxmasından sonra Heyden də hamilə olduğunu deyir. Ben abort zamanı Heydenə dəstək olmaq üçün Bostona getsə də Vivyenin telefon zəngindən sonra geri qayıtmalı olur. Daha sonra Los-Ancelesə gələn Heyden abort etmədiyini, Los-Ancelesə köçməyi planlaşdırdığını və uşaqlarını bir yerdə böyütməyi arzuladığını deyir, lakin, qısa müddət sonra o, Larri Harvi tərəfindən öldürülür.[5][6] Ben yeni evə köçdükdən sonra xəstələri evində qəbul etməyə başlayır. Onun xəstələrindən Teyt qızı Vayaletlə görüşməyə başlayır və Ben sessiyaları yarımçıq dayandırır.[1] Vivyen iki fərqli atası olan əkizlərə hamilə olduğunu öyrənir, uşaqlardan birinin atası Ben, digərinin atası isə bondaj geyimli “Rezin adam” idi. Sonradan ben həmin adamın Vivyeni zorladığını öyrənir. “Doğumdan sonra” seriyasında Ben qızı və həyat yoldaşını itirir. Bundan sonra o özü də Heydenin ruhu tərəfindən öldürülür. Başqa ruhların köməkliyi ilə Heyden bu qətli sui-qəsd kimi təqdim edir.[4] Ben roluna görə aktyor Dilan MakDermott Televiziyada Ən Yaxşı Aktyor nominasiyasında Saturn mükafatına namizəd göstərilib.
Vayalet Harmon (Taissa Farmiqa yeniyetmə Vayalet, Karmen Blanşard isə gənc Vayaleti canlandırır) Ben və Vivyen Harmonların yeniyetmə qızıdır. Ailənin Los-Ancelesə köçməsinə narazı olan Vayalet “Pilot” seriyasında atasının pasientlərindən biri olan Teyt Lenqdonla əlaqə qurur. Sonradan Vayalet Teytin 1994-cü ildə məktəbə silahlı basqından sonra öldürüldüyünü öyrənir. Teytlə danışmağa çalışsa da, qəzəbli ruhların onları izləməsi buna imkan vermir. Qorxu və şokun təsiri ilə Vayalet intahar edir, Teyt isə onu xilas edir. Lakin, sonradan Teyt öyrənir ki, Vayaletin intaharı baş tutub və o, ölüb.[7] Lakin, nə valideynləri, nə də onun özü ölməsi haqqında məlumata malik olmur, çünki, Teyt Vayaletin cəsədini gizlədir. O, Benə ruh olduğunu və evə bağlandığını deməyə çalışdıqda, O, Vayaleti dinləməkdən imtina edir və narkotiklərdən istifadə etdiyini düşünür. “Doğulma” seriyasında evin əvvəlki sakinlərindən biri olmuş və Teyt tərəfindən öldürülmüş Çad Varvik Vayaletə Teytin onun anasını zorladığını deyir. Bundan sonra Vayalet Teytə onunla əlaqə qurmağı qadağan edir. Daha sonra doğuş zamanı ölmüş anası Vivyen onu sakitləşdirir. Milad zamanı evdə Vayaletin valideynləri və Moira ilə birgə Milad ağacı bəzəməsi, Teytin isə uzaqdan baxması görünür.[4]
Teyt Lenqdon (Evan Piters yeniyetmə Teyti, Pol Batler isə gənc Teyti canlandırır) Konstans Lenqdonun oğlu, Adelaida, Burqard və digər adı bilinməyən oğlanın qardaşıdır. Sosiopat ruh olan Teyt Qatil evdə yaşayır və Vayalet Harmonla romantik əlaqə yaşayır. Bu obraz ilk dəfə Pilot seriyasında Benin yeni pasienti kimi görünür. Sonrakı seriyada onun məktəb kitabxanasında qırğın törətməsi məlum olur.[8] Hallouen gecəsi Teyt Vayaletlə bir yerdə evi tərk edə bilir və öldürdüyü şəxslərin ruhları onları təqib etməyə başlayır.[9] Ruh kimi də o, evdə yaşayan bir neçə nəfəri öldürməyə nail olur. Qətlləri törədərkən adətən lateks qara bondaj paltarı geyinir. O, Vivyeni zorlayır və Vivyen ondan hamilə qalır.[2] Teyt öldürdüyü şəxslər və özünün ölümü faktını qəbul edə bilmir.[4] Anasını zorlamaq xəbərini eşitdikdən sonra Vayalet Teytlə olan əlaqəsini tam kəsir. Lakin, Teyt Heydenə deyir ki, “sonsuzluğa kimi Vayaleti gözləyəcək”.[4]
Larri Harvi (Denis O'Hare) həm də “Yanmış adam” kimi tanınır və Harmonların evinin keçmiş sahibidir. Pilot seriyasında qeyd edilir ki, evin təsiri altında o, həyat yoldaşı və uşaqlarını evdə yandırıb. Lakin, sonrakı seriyalarda məlum olur ki, Larrinin Konstansa aşiq olduğunu öyrənən Lorein (Larrinin arvadı) özünü və qızları Marqaret və Anqini yandırır.[7] Həmin seriyada həm də məlum olur ki, qardaşı Burqardın öldürülməsinin qisasını almaq istəyən Teyt Larrini yandırmışdır.[7] Törətdiyi qətlləri etiraf etdikdən sonra Larri həbs olunur. Onu ziyarət edən Konstans ona sevdiyini deyir. Bu rolu canlandırdığına görə O'Hare Miniserial və ya Filmdə ikinci dərəcəli rola görə Emmi mükafatına namizəd göstərilmişdir.
Konstans Lenqdon (Cessika Lanc) Harmonların qonşusu, Qatil evin keçmiş sakinidir. O, Vivyenin əkizlərini oğurlayaraq öz övladları kimi böyütməyi planlaşdırır. Konstansın dörd övladı var: Teyt, Adelaida, Burqard və adı bilinməyən başqa bir uşaq. Konstans Vivyenə deyir ki, onun uşaqlığı lənətlənib, çünki, onun dünyaya gətirdiyi dörd uşaqdan üçün fiziki qüsurla doğulub və Adelaida xaric digər uşaqları dünyasını dəyişib. Konstans film ulduzu olmaq üçün VirciniyadanKaliforniyaya köçsə də, çılpaqlığa qarşı olduğu üçün karyerası uğurlu alınmayıb.[1]1970-ci illərin sonunda onun ailəsi Qatil evə köçüb.[8]1983-cü ildə Konstansın əri Hüqo kqulluqçu Moiranı zorlamağa çalışır və açılan atəş nəticəsində Moira ölür. Onlar Moiranı evin həyətində dəfn edirlər. Naməlum vaxtda, ehtimal ki, maddi çatışmazlıq səbəbindən Konstansın ailəsi evdən köçür. Harvi ailəsi evin növbəti sakini olur və Larri Konstansa evlənərək yenidən evə köçməyi təklif edir. 1994-cü ildə Larri həyat yoldaşı Loreynə onunla boşanmaq istədiyini və Lenqdon ailəsinin bu evə köçməsini istədiyini deyir, nəticədə Loreyn özünü və uşaqlarını öldürür.[7] Bir müddət sonra, Konstans Larridən fiziki qüsurlu oğlu Berqardı öldürməyi xahiş edir. Larri Berqardı boğaraq öldürür, onun ruhu isə evdə yaşamağa. Sonrakı illərdə onun digər oğlu teyt məktəb kitabxanasına silahlı basqın edərək şagirdləri öldürür özü isə SWAT tərəfindən öldürülür.[8] Konstansın son sağ qalmış övladı Adelaida Hallouen gecəsi avtomobil qəzasına düşərək ölür. Konstansın gənc sevgilisi Travis Heydenin ruhu tərəfindən öldürülür.[10] Onun da ruhu Qatil evdə yaşayır. Mövsüm finalında Konstans ölmüş Harmonların yeganə sağ qalmış uşağı olan nəvəsini götürərək böyütməyə başlayır. Son səhnədə onun üç yaşlı nəvəi Mayklın da atası Teyt kimi psixopatiyadan əziyyət çəkməsi görünür. Uşaq dayəsini öldürür, Konstans isə ina baxaraq qürurla deyir: “Mən səninlə neyləyəcəm?”.[4]
Konstans rolunu canlandırdığına görə Cessika Lanc Miniserial və ya Filmdə ikinci dərəcəli qadın roluna görə Emmi mükafatına, Serial, Mini serial və ya Televiziya filmində Ən Yaxşı ikinci dərəcəli qadın rolu nominasiyasında Qızıl Qlobus mükafatına, Dram serialında görkəmli performans göstərən aktrisa nominasiyasında Ekran Aktyorları Gildiyasının Mükafatına layiq görülmüş, Televiziyada Ən Yaxşı Aktrisa nominasiyasında Saturn mükafatına, Ən Yaxşı Film/Mini serial aktrisası nominasiyasında Tənqidçilərin Seçimi Televizya Mükafatına namizəd göstərilmişdir. Bundan əlavə aktrisa 2011-ci ildə Peyk Xüsusi Uğur Mükafatı almışdı.
Moira O'Hara (Frensis Konroy yaşlı, Aleksandra Brekenric isə gənc Moiranı canlandırmışdır) Konstans və onun əri sağ olarkən onların xidmətçisi olmuşdu, öldükdən sonra ruhu evdə yaşamağa başlayan ailələrə xidmət edir. Moira qadınlara yaşlı qadın, kişilərə isə cazibədar gənc xanım kimi görünür. Konstansın əri tərəfindən zorlandıqdan sonra onun gözləri qarşısında atəş açılaraq öldürülmuş və Qatil evin həyətində dəfn edilmişdi. Evdəki bütün rulardan fərqli olaraq Moira Vivyenin qayğısını çəkir və onu sakitləşdirməyə çalışır. Mövsümün finalında görünür ki, Moira Harmonlara evdə başqa faciələrin baş verməsinin qarşısını almağa kömək edir.[4] Moira roluna görə aktrisa Konroy Miniserial və ya filmdə əlamətdar ikinci dərəcəli aktrisa nominasiyasında Emmi mükafatına və Televiziyada Ən Yaxşı ikinci dərəcəli qadın roluna görə Saturn mükafatına namizəd göstərilmişdir.
Heyden MakKlayn (Keyt Mara) emosional qeyri-sabit şəxsiyyət, Ben Harmonun keçmiş sevgilisi və tələbəsidir. “Ev basqını” seriyasında Heyden Benə zəng edərək ondan hamilə olduğunu deyir, abort zamanı onu müşahidə etməsi üçün Bostona gəlməsini xahiş edir. “Qatil ev” adlı növbəti seriyada bəlli olur ki, o, abort etməkdən imtina edib. O, Benə deyir ki, Los-Ancelesə köçməyi planlaşdırır. Burada o, Benlə birlikdə yaşamağı, Benin Vivyendən ayrılmasını və övladı qarşısında vəzifələrini yerinə yetirməsini planlaşdırır. Bundan sonra Heyden Larri Harvi tərəfindən öldürülür. Onun cəsədi Ben tərəfindən evin həyətində, Moiranın cəsədinin yanında dəfn olunur və qəbirlərin üstündə taxta çardaq inşa olunur. Bundan sonra Heyden bir neçə dəfə serialda ruh kimi görünür. Bu zaman o, adətən Vivyenə qarşı fəaliyyət göstərərək, onun dəli olmasına çalışır. Çünki, Vivyenin hələ doğulmamış əkizlərindən birini əldə etməyi arzulayır. Mövsümün sonunda Heyden digər ruhlarla birləşərək Beni öldürür və bu qətli sui-qəsd kimi təqdim edir. Benin cəsədini aşkarlayan Konstans nəvələrini axtarır. O, sağ qalmış əkizin Heydenin qucağında yırğalandığını görür. O, uşağı Konstansa verir. Sonra Heyden Teyti Vayaletin heç vaxt onun yanına qayıtmayacağına inandırmağa çalışır. Teyt Heydenə əbədi Vayaleti gözləyəcəyini deyir.[4]
Adelaida “Eddi” Lenqdon (Ceymi Bryuer gənc, Ketelin Rid isə uşaq Eddi obrazını canlandırır) Konstans və Hüqo Lenqdonun qızı, Teyt, Berqard və digər adı bilinməyən uşağın bacısıdır. Eddi tez-tez qonşu evində peyda olaraq bu və ya başqa hadisə haqqında məlumat verir. Bu zaman, bəzən onu Konstans da müşayət edir. Eddinin qəfil peyda olmaları Harmonlar ailəsinin üzvlərinin qorxmalarına səbəb olur. “Hallouen” seriyasında avtomobil qəzası nəticəsində Eddi vəfat edir. Anası ruhunun qardaşlarının ruhu ilə bir yerdə ola bilməsi üçün Eddinin cəsədini Harmonlar ailəsinin evinin həyətində dəfn etməyə çalışır. Eddinin ölümündən sonra, Konstans medium Billi Din Hovardın köməkliyi ilə onun ruhu ilə əlaqə saxlayır. Eddinin ruhu Konstansa onu bağışladığını deyir və Teytin psixopat olmasını öyrəndikdən sonra ruh şəklində geri qayırmadığına sevindiyini bildirir. Eddi serialda öldükdən sonra geri qayıtmayan azsaylı personajlardan biridir. Digər bu cür personajlar isə Bianka Forest, Co Eskandarian və Derekdir.
Marsi (Kristin Estabruk) Harmonlar satış agentidir. Evə ilk baxış zamanı Marsi Harmonlara onun tarixçəsi haqqında məlumat verir və evin əvvəlki sahiblərinin sui-qəsd nəticəsində öldüklərini bildirir. Evin tarixçəsi onun qiymətinin realda olması gərəkdiyindən iki dəfə aşağı düşməsinə səbəb olur. Harmonlar evi alırlar və bundan sonra evdə yenidən qəribə hadisələr baş verir. Vivyen evdə ruhların yaşadığını düşünməyə başladıqda Marsi onun dəli olmasına inanır. Harmonların ölümündən sonra Marsi evin tarixini qısa izah edərək başqa bir ailəyə satır.[4] Ölümlərdən sonra Marsi Harmonların ev iti olan Halliyə də sahib çıxır. Estabruk bu rolu serialın “Otel” adlı beşinci mövsümündə də canlandırır. Burada o, “Cortez” otelini Uil Dreykə satır. Bu zaman o, Hallini evtanaziya ilə öldürməli olduğunu danışır. Sonradan, o, öldürülür, Rudolf Valentino və Nataşa Rambova otağa girərək onun qanını içirlər.
Çad Varvik (Zaxari Kuinto) evin keçmiş sahiblərindən biri, Patrikin partnyorudur. Çad emosional şəxsiyyətdir. O, sevgilisini qısqanır və nəhayət onu tərk edir. O, sevgilisinin seksual fantaziyalarını kerçəkləşdirə bilmək üçün lateks bondaj kostyumu alır. Lakin, bu kostyumda Patrikin qarşısına çıxması ilə özünü gülünc hala salır, onların əlaqələri tamamilə zəifləyir. Hallouen günü partnyoru Patriklə birlikdə Çad lateks kostyumu geyinmiş şəxs tərəfindən öldürülür. Onların cəsədi evin zirzəmisinə gətirilir və burada sui-qəsd səhnəsi yaradılır. Sonradan məlum olur ki, Teytin ruhu Noranın ruhu ilə razılaşma əldə edərək, ona uşaq sahib olmağa kömək edəcəyini bildirir. Lakin, Çad və Patrik gey cütlük olduğundan onların uşağı olmayacağını başa düşən Teyt hər ikisini öldürür. Gələcək növbəti ailənin uşağa sahib olmasına ümid edir.[2] Öldükdən sonra, Çad və Patrik Vivyenin əkizlərini böyütməyi planlaşdırırlar. Çad roluna görə Kuinto Televiziyada Ən Yaxşı Qonaq rolu nominasiyasında Saturn mükafatına namizəd göstərilmişdir.
Patrik (Teddi Sirs) evin keçmiş sahiblərindən biri, Çadın partnyorudur. O, tez-tez Çada xəyanət edir və buna görə də sonda onların əlaqəsi pozulur. Teytin ruhu trəfindən öldürüldükdən sonra, Patrik və Çadın cəsədi evin zirzəmisinə gətirilir və burada sui-qəsd səhnəsi yaradılır. Sonradan məlum olur ki, Teytin ruhu Noranın ruhu ilə razılaşma əldə edərək, ona uşaq sahib olmağa kömək edəcəyini bildirir. Lakin, Çad və Patrik gey cütlük olduğundan onların uşağı olmayacağını başa düşən Teyt hər ikisini öldürür. Gələcək növbəti ailənin uşağa sahib olmasına ümid edir.[2] Öldükdən sonra, Çad və Patrik Vivyenin əkizlərini böyütməyi planlaşdırırlar.
Halli (Lemb Çop) Harmonların ev itidir. Uşaq düşürməsindən sonra iti alan Vivyen, ondan sakitləşmək üçün və Benin emosional uzaqlığını hiss etməmək üçün istifadə edir. Harmonların ölümündən sonra iti ev satıcısı Marsi götürür.
Leya (Şelbi Yanq) Vayaletin rəfiqəsidir. Məktəbdə ilk günündə Vayaletin Leya və onun rəfiqələrinin əhatəsində, məktəb ərazisindən kənarda siqarət çəkməsi göstərilir. Leya yeni şagirdi fiziki güclə təhdid edir. Sonda, bu təhdidlər reallaşmağa başlayır. Teyt və Vayalet narkotik almaq adı ilə Leyanı evin zirzəmisinə gətirərək qorxutmaq və birdəfəlik Vayaletdən əl çəkməsinə nail olmaq istəyirlər. Lakin, plan nəzarətdən çıxır və zirzəmidə Leaya bədheybət hücum edir. Panikanın yaratdığı stresin təsiri ilə Leyanın saçında ağ tüklər əmələ gəlir.[1] Bu macəra onların yaxınlaşmasına kömək edir və sonradan Leya Vayaletə yatmağa kömək edən dərman həbləri verir.[8]
Loreyn Harvi (Rebekka Visocki) Larri Harvinin həyat yoldaşıdır. Pilot seriyasında qeyd edilir ki, Loreyn və onun övladları Qatil evin hətsiri ilə Harvi tərəfindən yandırılaraq öldürülmüşdür. Lakin, “Açıq ev” seriyasında məlum olur ki, Larrinin Konstansa olan sevgisini öyrənən Loreyn qısqanclıqdan özünü və uşaqlarını yandırıb. “Tüstülənən uşaqlar” seriyasında Larri Loreyndən üzr istəyərək, baş verənlərə görə Konstansdan qisas alacağını deyir, lakin, Loreyn hər şeydə Larrinin özünün günahkar olduğunu bildirir. Mövsüm finalında, Loreyn ağrısını başqaların da hiss etməsi üçün Migel Ramosu yandırmağa çalışır.
Dr. Çarlz Montqomeri (Mett Ross) 1922-ci illərdə yaşamış və evi inşa etdirmiş cərrahdır. O, çox uğurlu həkim olmuş, lakin, sonradan sadə efirlərlə maraqlanmağa başladığına görə etibarını itirmişdir. O, tezliklə şəxsi Frankinşteynini yaratmağa başlamış və əsasən heyvan orqanları ilə təcrübə keçmişdir. Onların evində, həyat yoldaşı Nora Montqomeri qeyri-qanuni abortlar keçirmiş, buna görə də ailə varlanmışdır.[6] Bir gün, Montqomerinin müştərilərindən birinin sevgilisi onların evində keçirilmiş qeyri-qanuni abort hadisəsindən xəbər tutaraq evə gəlir, ailənin Faddey adlı azyaşlı uşağını qaçıraraq öldürür. O, uşağı doğrayır və hissələrini bankalara yığır.[11] Montqomeri uşağın hissələrini heyvan hissələri və abort etdikləri uşaqlardan birinin ürəyi ilə birləşdirir. Yaratdığı bədheybəti görən Nora əvvəlcə ərini sonra isə özünü atəş açaraq öldürür.[12] Daha sonra, Dr. Montqomerinin evdə ölmüş Elizabet Şortun cəsədini hissələrə ayırması görünür.[10] Trevisin ölümündən sonra onun da bədənini Dr. Montqomeri hissələrə bölür. Vivyenin doğumundan sonra, Çarlz onun uşaqlarını ayırır. Serialın “Otel” adlı beşinci mövsümündə Ross yenidən eyni obrazı canlandırır.[3] Burada o, 1926-cı ildə Elizabet Consonun hamiləliyini başa çatdırır.
Nora Montqomeri (Lili Reyb) Dr. Montqomerinin həyat yoldaşı və Faddeyin anasıdır. Ərinin onun üçün inşa etdiyi yeni evə köçənə kimi o, debütant olmuşdur; evin Tiffani şüşələri xüsusi olaraq onun gözlərinin rənginə uyğun olaraq seçilmişdir. Zəngin və rahat həyat tərzini sevən Nora, ərinin maddi vəziyyəti zəifləməyə başladıqda onu sıxışdırmağa cəhd edir. Bundan sonra onların evində qeyri-qanuni abortlar keçirilməyə başlanılır; Nora müştərilər tapır və onları hazırlayır, Çarlz isə əməliyyatı həyata keçirir.[6] Bir gün, Montqomerinin müştərilərindən birinin sevgilisi onların evində keçirilmiş qeyri-qanuni abort hadisəsindən xəbər tutaraq evə gəlir, ailənin Faddey adlı azyaşlı uşağını qaçıraraq öldürür. O, uşağı doğrayır və hissələrini bankalara yığır.[11] Montqomeri uşağın hissələrini heyvan hissələri və abort etdikləri uşaqlardan birinin ürəyi ilə birləşdirir. Yaratdığı bədheybəti görən Nora əvvəlcə ərini sonra isə özünü atəş açaraq öldürür.[12] Ruh kimi geri qayıtdıqda onun başının arxasında güllədən açılmış dəlik görünür. Bu, onun yaddaşında problemlər əmələ gəlməsinə səbəb olur. Buna görə də, o, tez-tez başına nə gəlməsini öyrənməyə çalışır. Teytin ruhu Noranın ruhuna onu uşaqla təmin edəcəyinə dair söz verir, buna görə də çoxsaylı qətllər həyata keçirir. LakinŞ Harmonların ölümündən sonra uşaq əldə edən Nora artıq uşağa sahib olmaq istəmədiyini anlayaraq onu Vivyenə verir.
Lyuk (Morris Çestnut) Harmonların evinin yerləşdiyi ərazinin təhlükəsizliyindən cavabdeh olan dövlət zabitidir. Evdə basqın olduqdan sonra Harmonlar zəng edərək onu çağırırlar. Lyukun Vivyenə qarşı romantik hissləri yaranır. Ben Lyukun əkizlərdən birinin atası olmasını düşünsə də, sonradan onun sonsuz olması müəyyənləşir.
Billi Din Hovard (Sara Polson) mediumdur. “Piqqi, Piqqi” seriyasında Konstans onu Vayaletlə tanış edir və Billi Vayaletə Teytin keçmişi haqqında məlumat verir. Vayaletin fikirlərinin qarışdığını görən Billi ona bəzən insanların ruhlarının bu dünyada qalmasından bəhs edir. Konstans izah edir ki, o, Billin Teytə kömək etməsini istəyir və ümid edir ki, bir gün Teyt vəziyyətini qəbul edə biləcək və başqa dünyaya getməyə hazır olacaq. Vayalet Billinin medium bacarığına şübhə etsə də, Billi ona ölmüş nənəsi Maridən bəhs edir. Vayaletin şübhələri aradan qalxır.[8] Eddinin ölümündən sonra Konstans onunla əlaqə saxlamaq üçün Billidən istifadə edir. Teytin ruhunun Vivyenlə cinsi əlaqədə olmasını öyrənən Konstans bunun necə nəticə verəcəyini Billidən soruşur. Billi bu əlaqədən doğulan uşağın Antixrist olacağını deyir və Axır Zamanı gətirəcəyini bildirir.[10]
Trevis Uonderli (Maykl Qraziadey) ilk dəfə Konstansın “biznes ortağı” kimi təqdim edilir, “Ev basqını” seriyasında Eddinin onları bir yerdə görməsindən sonra aralarında olan romantik əlaqə ortaya çıxır.[5] O, uğursuz fəaliyyəti olan aktyordur. Haydenlə əlaqəyə girən Trevis bir müddət sonra onun tərəfindən öldürülür və evdəki ruhlardan birinə çevrilir.[10] Onun cəsədi Çarlz Montqomeri tərəfindən eybəcər hala salınır və Larri tərəfindən açıq yerə qoyulur. İnsanlar tərəfindən aşkarlandıqdan sonra mətbuatda o, “Oğlan Dalia” kimi məşhurlaşır. Bu ad, mətbuatda “Qara Dalia” kimi tanınmış Elizabet Şor cinayətinə işarə edir. Mətbuatda işıqlandırılmasından xəbər tutan Trevis nəhayət ki, məşhurlaşmasına sevinir. Mövsüm finalında Konstans əkizlərdən sağ qalanını götürməyə çalışarkən, Trevisin ruhu ona kömək edir.[4]
Stefani Boqqs (Alessandra Torresani) 1994-cü ildə Vestfild məktəbinə edilmiş silahlı hücumun qurbanlarından biridir, o, kitabxanada ilk ölən tələbə olur. Qotik geyimdə olan Stefani Teyt tərəfindən başına atəş açılaraq öldürülür.[8]
Kevin Gedman (Cordan Devid) 1994-cü ildə Vestfild məktəbinə edilmiş silahlı hücumun qurbanlarından biridir, o, kitabxanada ikinci ölən tələbə olur. Atəş açılmağa başladıqda o kitabxanaya qaçaraq qapının arxasında gizlənir. Qara dəri gödəkçə geyinmiş Kevin ruh halında sinif yoldaşlarından birinin qanı üstünə dağılmış kimi təsəvvür olunur. O, Teytdən öldürülməməyi xahiş etsə də, öldürülür.[8]
Amir Stenli (Aleksandr Nimetz) 1994-cü ildə Vestfild məktəbinə edilmiş silahlı hücumun qurbanlarından biridir, o, kitabxanada üçüncü ölən tələbə olur. O, illik kitabın redaktorudur. Onun ruhu danışa bilmir, çünki, Amir kömək üçün zəng edərkən Teyt onun çənəsinə atəş açır.[8]
Kayli Qrinvell (Brando İton) 1994-cü ildə Vestfild məktəbinə edilmiş silahlı hücumun qurbanlarından biridir, o, kitabxanada dördüncü ölən tələbə olur. Futbolçu olan Kayli Teytin onun başına atəş açmasından sonra ölüb.[8]
Xloya Staplton (Eşli Rikkards) 1994-cü ildə Vestfild məktəbinə edilmiş silahlı hücumun sonuncu qurbanıdır. O, universitetin fanat qrupunun rəhbəri olur və Teytin sinəsinə atəş açması nəticəsində ölür.[8]
Brayan və Troy Rutgerlər (Kay və Bodi Şulzlar) qırmızı saçlı dağıdıcı əkizlərdir, “Pilot” seriyasında onların evin qurbanı olmaları göstərilir.[1]1978-ci ildə onlar o zaman boş olan evə girirlər və evdəki İnfantata (bədheybət uşaq) tərəfindən öldürülürlər. Birinci mövsüm boyunca onların ruhu evdə görünür, səs salır, əşyaları aşırırlar.
Elizabet Şort/Qara Daliya (Mena Suvari) gənc aktrisa olmuşdur. 1947-ci ildə evdə yaşamış stomatoloq Dr. Kurranın xidmətindən istifadə etmiş, xidmət haqqını ödəyə bilmədikdə isə həkimə seks təklif etmişdir. Həkim tərəfindən səhvən yüksək dizada azot oksidinin vurulması nəticəsində ölmüşdür. Dr. Montqomerinin ruhu Dr. Kurrana bədənin daha rahat daşınması üçün bölünməsinə kömək etmişdir. Elizabetin cəsədi üzündə Qlazqo gülüşü ilə tapılmışdır.[10] Onun ruhu birinci mövsümün finalında Ramoslar ailəsini qorxutmaq üçün evə gəlir.[4] Elizabetin obrazı həmin şəkildə öldürülmüş real cinayət qurbanının obrazına uyğun olaraq işlənmişdir.
Dr. Kurran (Coşua Malina) 1947-ci ildə Qatil evdə yaşamış stomatoloqdur. O, evi diş əməliyyatlarının keçirilməsi üçün istifadə etmişdir. O, xəstələrindən biri olan Elizabet Şorta normadan artıq dozada anasteziya verdiyi üçün o, ölür. Panikaya düşən Dr. Kurran Elizabetin cəsədini evin zirzəmisinə aparır. Burada, o, Dr. Montqomerinin ruhu ilə qarşılaşır. Dr. Montqomeri onun bədənini hissələrə bölür.[4]
Mariya (Roza Salazar) 1968-ci ildə evdə öldürülmüş tələbə dayədir. O, R. Franklin tərəfindən bağlanmış, arxasdan zərbələr endirilərək öldürülmüşdür. “Doğulma” seriyasında onun ruhu Vivyenin doğuşunda Dr. Montqomeriyə kömək edir.[3]
Qledis (Seliya Finkelşteyn) 1968-ci ildə evdə öldürülmüş tələbə dayədir.[5] O, R. Franklin tərəfindən vannada boğularaq öldürülmüşdür. Onun ruhu mövsüm ərzində bir neçə dəfə dolu vannadan çıxır, “Doğum” seriyasında isə Dr. Montqomeriyə kömək edir.[3]
R. Franklin (Ceymi Harris) 1968-ci ildə evdə Mariya və Qledis adlı dayələri öldürmüş qatildir.[5] O, özünü yaralı və köməyə ehtiyacı olan insan kimi göstərərək evə girir, daha sonra külqabı ilə vuraraq Mariyanı öldürür. Bundan sonra Qledisi vannada boğaraq öldürür.[3]
Bianka Forest (Maceyna Tova) Ben Harmonun pasienti olan qatildir. O, düşən liftdən qaçmağa çalışarkən iki yerə bölünməyi arzulamasından bəhs edir. O, həkimlə görüşdən sonra evdə azmasını deyir. Daha sonra, o, R.Frenklinin qatilləri, həmçinin Fiona və Dallasla əlaqə qurmaq üçün yenidən evə qayıdır. O, Konstansın Vayalet üçün hazırladığı və ipekak siropu qatılmış kekslərdən birini yeyir. Ürəkbulanması keçirən Bianka Teyt tərəfindən balta ilə öldürülür. Onun cəsədi evdən altı kvartal aralıda tapılır. Lakin, Fiona və Dallasdan fərqli olaraq, Bianka ruh kimi evə qayıtmır.[5]
Fiona (Azura Skye) evə gələn basqınçılardan biridir. Fiona evə girmək üçün vaxtilə R. Franklinin istifadə elədiyi üsuldan istifadə edir, özünü yaralı kimi göstərir. Vivyen əvvəlcə onun evə girməsinə icazə verməsə də o, daha sonra icazə ala bilir. Fiona R. Franklinin Mariyanı vurmaq üçün istifadə elədiyi külqabını tapır. O, evdə hər şeyin əvvəlki kimi olmasını istəyir. Vayalet yenidənqurmadan sonra hamamın aşağı mərtəbəyə endirilməsi haqqında məlumat verir, bu isə Fionanı əsəbləşdirir. Teyt və Qledisin tuhları ilə qarşılaşan Fiona daha sonra yaş vəziyyətdə tapılır. Ruha çevrilən Fiona “Doğumdan sonra” seriyasında Dallasla birlikdə Heydenə Beni öldürməyə kömək edir.[5]
Dallas (Kayli Devis) evə gələn basqınçılardan biridir. Vivyeni əsir götürən Dallas onu bağlayaraq tibb bacısı forması geyinməyə məcbur edir, Vivyen isə onun fikrini yayındırmağa çalışır. O, sonda külqabını götürərək Dallasa zərbə endirir. Mariyanın ruhu Dallası zirzəmiyə yönləndirir, burada o, Mariya və Qledisin ruhu tərəfindən öldürülür. Ruha çevrilən Dallas “Doğumdan sonra” seriyasında Fiona ilə birlikdə Heydenə Beni öldürməyə kömək edir.[5]
Faddey Montqomeri/İnfantata Faddey Montqomeri/İnfantata (Ben Vulf) Dr. Çarlz və Nora Montqomerilərin övladıdır. Uşaq oğurlanaraq öldürüldükdən sonra Çarlz onu yenidən dirildə bilir. O, əvvəlcə “Pilot” sseriyasında görünür və əkizləri öldürür. Daha sonra Teyt və vayalet Leyanı qorxutmaq üçün evin zirzəmisinə gətirərkən burada o, məktəbli qızı qorxudur.[1] “Doğulma” seriyasında balaca Teyt oyuncağını evin zirzəmisində itirir. Burada İnfantata tərəfindən hücuma məruz qalan Teyt, İnfantatanı fələ də Faddey adlandıran Nora tərəfindən xilas edilir.[1]
Sten (Devid Entoni Higgins) tur rəhbəridir. O, tez-tez turistlərlə birgə evin yanına gələrək onlara evi göstərir və onun tarixini danışır. O, evin qiymətinin kəskin aşağı düşməsinin səbəblərindən biridir.
Hüqo Lenqdon (Erik Klouz) Konstansın içki düşkünü əri olmuşdur. 1983-cü ildə Konstans onun ev qulluqçusu Moiranı zorlamağa çalışmasını gördüyü zaman atəş açaraq ərini öldürür. Onun bədəni hissələrə bölünərək Konstansın itlərinə yedirilir. Ruhu isə geri qayıdaraq evdə məskunlaşır. Hüqonun ruhunun Heydenlə əlaqəli olması görünür.
Berqard “Bu” Lenqdon (Sem Kinsi) Konstans və Hüqo Lenqdonun övladı, Teyt, Adelaida və adı bilinməyən bir uşağın qardaşıdır. Xraniodiafizil displaziyadan əziyyət çəkən Berqard həm də əqli əlil kimi görünür. İnsanlarla hər dəfə qarşılaşdıqdan özünü dostcanlı aparmasına baxmayaraq, Lenqdonların Qatil evdə yaşadıqları vaxt Konstans onu çardaqda çarpayıya bağlı şəkildə saxlayırdı. Berqard Konstansın xahişi ilə Larri Harvi tərəfindən döşək ilə boğularaq öldürülür. Lakin, bunu boynuna almayan Konstans həmişə onun öz əcəli ilə ölməsini iddia edir. Öldükdən sonra Berqardın ruhu çardaqda yaşamağa davam edir. Film ərzində Konstans nadir halda Berqardə ziyarət edir.
Migel Ramos (Entoni Ruivivar) Harmonların ölümündən sonra həyat yoldaşı Steysi və oğlu Geyblə birlikdə Qatil evə köçür. Əşyalarını yerləşdirərkən Migel həyat yoldaşı ilə yeni bir uşaq dünyaya gətirməyi müzakirə edir. Harmonlar onların başına gəlmiş hadisələrin Ramosların da başına gəlməməsi üçün onları qorxudub evdən uzaqlaşdırırlar.[4]
Steysi Ramos (Liza Vidal) Harmonların ölümündən sonra həyat yoldaşı Migel və oğlu Geyblə birlikdə Qatil evə köçür. Əşyalarını yerləşdirərkən Steysi həyat yoldaşı ilə yeni bir uşaq dünyaya gətirməyi müzakirə edir. Gecə Benin ruhu bondaj paltarı geyinərək onu zorlamağa çalışır. Harmonlar onların başına gəlmiş hadisələrin Ramosların da başına gəlməməsi üçün onları qorxudub evdən uzaqlaşdırırlar.[4]
Qabriel “Geyb” Ramos (Brennan Mecia) Migel və Steysi Ramosların övladıdır. Yeni yataq otağında Vayaletin ruhu ilə qarşılaşan Geyb onunla ünsiyyətə girir. Teyt Geybi öldürməyə çalışsa da Vayalet onu xilas edir. Bir gecə sonra Geyb valideynləri ilə birgə evi tərk edir.[4]
Maykl Lenqdon (Aşer Cian Starita, üç yaşlı Maykl rolunda) Vivyen Harmonun dünyaya gətirdiyi əkizlərdən sağ qalanı, Teytin oğludur. Maykl Teytin Vayaleti zorlaması nəticəsində dünyaya gəlib.[1][3] Billi Din deyir ki, ruhun insanı zorlaması nəticəsində dünyaya gəlmiş uşaq yaşayan Antixrist olacaq.[10] Harmonların ölümündən sonra onu Konstans saxlayır. Üç yaşı olanda o, qəddarlıqla dayəsini öldürür. Konstans onu qan içində taparkən, gülümsəyərək gördüyü işdən qürurlanır.[4]
Ceffri Harmon Vivyen və Benin oğlu, Vayaletin və Mayklın (ana tərəfdən) qardaşıdır. Doğum zamanı ölür. Onun ruhu Nora Montqomeri tərəfindən götürülür. Lakin, bir müddət sonra artıq uşaq istəmədiyini anlayan Nora Ceffrini Vivyenə verir. Mövsümün sonunda Milad zamanı Ceffri Harmonlarla bir yerdə göstərilir.[4]