Aqroiqlim ehtiyatları — dedikdə hər bir ərazinin aldığı günəş enerjisi, isti və rütubətin miqdarı və onların kənd təsərrüfatında istifadə edilməsi imkanları nəzərdə tutulur. Onu qiymətləndirmək üçün havanın orta sutkalıq temperaturunun müəyyən hədləri keçməsi tarixləri, həmin dövrdə temperatur cəmi, atmosfer yağıntılarının miqdarı kimi iqlim amilləri dəqiq öyrənilməlidir
Havanın temperaturu kənd təsərrüfatı bitkilərinin böyüməsini, inkişafını, məhsuldarlığını, məhsulun keyfiyyətini müəyyən edən əsas həyati amillərdən biridir. Müxtəlif torpaq – iqlim şəraitinə malik olan ərazilərdə çoxsaylı tədqiqatçıların apardığı coğrafi və bioloji tədqiqatlar göstərir ki, havanın orta sutkalıq temperaturunun yazda O°C-dən yuxarı keçməsi ilə bir sıra bitkilərdə ilkin vegetasiya elementləri müşahidə edilir, payızda isə temperaturun həmin həddən aşağı keçməsi ilə bitkilərdə qış sakitliyi dövrü başlayır.
Dağlıq ərazilərə doğru getdikcə ərazinin hündürlüyündən, yamacların makro- və eləcə də mikro istiqamətindən asılı olaraq temperaturun 0o-dən keçməsi tarixləri dəyişir. Yüksək dağlıq ərazidə (3000 m-ə qədər) havanın temperaturunun 0o-dən yuxarı keçməsi mayın ortalarına qədər baş verir.