Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır.
Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur.
Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.
Araz çayına yaxın qazılmış quyuların sərfi böyük göstəricilərə malikdir. Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində quyuların sərfi 3,2–18,5 l/san, xüsusi sərfi isə 0,1-dən 5,4 l /san arasında dəyişir. Culfa –Ordubad Arazboyu düzənliyinin qrunt suları mxtəlif minerallaşma və kimyəvi tərkibə malikdir. Əlincə çayda suların minerallaşma dərəcəsi 0,5–0,8 q/l, kimyəvi tərkibi isə hidrokarbonatlıkalsiumludur. Düzənliyin qalan hissəsində suların minerallaşma dərəcəsi 1,0–1,2q/l olub, hidrokarbonatlı –sulfatlı və sulfatlı-hidrokarbonatlı-maqnezium-kalsiumlu tərkibə malikdir.
Yaycı, Gilançay, Dəstə, Ordubad düzənliklərində qrunt sularının minerallaşma dərəcəsi 0,32–1,82 q/l arasında, kimyəvi tərkibi isə hidrokarbonatlı-kalsiumlu tərkibdən, sulfatlı-hidrokarbonatlı-natriumlukalsiumlu tərkibə dəyişir.
Suların ümumi codluğu 3 mq/ekv-dən 9–11 mq/ekv qədər olub, temperatur 9–13 °C arasında tərəddüd edir.
Culfa -Ordubad Arazboyu düzənliyinin qrunt sularının qidalanmasında başqa düzənliklərdən fərqli olaraq ana süxurların çat suları və Araz çayının yataqaltı sularının rolu bir qədər artıqdır. Arazkənarı hissədə Culfa və Yaycı düzənliyinin qrunt sularının əmələ gəlməsində Araz çayının yataqaltı suları mühüm yer tutur. Qrunt suları Araz çayı vasitəsilə sərf olunur.