Arbitraj sövdələşməsi

Arbitraj müxtəlif bazarlarda qiymət fərqindən istifadə edilərək gəlirin əldə edilməsi prosesidir. Başqa sözlə, qiymət fərqindən yararlanmaq üçün valyutanın, əmtəənin, qiymətli kağızların və hissə sənədlərinin satılmasına arbitraj deyilir. Yəni, əgər hər hansı bir məhsulun qiyməti A bazarında B bazarı ilə nisbətdə aşağıdırsa, kimlərsə (əksər hallarda bunlar peşəkar treyderlər olurlar) qiymət fərqindən istifadə edərək həmin məhsulu A bazarından alaraq B bazarında satırlar və bununla da qiymət fərqinin böyüklüyündən asılı olaraq az və ya çox dərəcədə gəlir əldə edirlər.

Gəlin ilk öncə arbitrajın yaranmasının səbəbini öyrənək. Arbitraj ümumi bazarın effektiv işləməməsi, bir sözlə, bazarda baş verən səmərəsizlik nəticəsində ortaya çıxır. Belə ki, hər iki bazarın bir-birindən xəbərdar olmaması nəticəsində böyük qiymət fərqləri meydana gəlir. Arbitraj isə əslində bu fərqlərin aradan qaldırılmasında danılmaz rol oynayır. Bəs bu necə baş verir?

Sadəcə olaraq, tələb və təklif qanununu tətbiq etməklə cavabı tapmaq mümkündür. İlk öncə, alıcı qismində treyderlerin sayı A marketində artır, yəni ümumi tələb çoxalır, bu isə öz növbəsində həmin məhsulun qiymətinin artmasına səbəb olur. Bunun tam əksinə olaraq, həmin treyderlərin B marketində satıcı qismində çıxış edərək ümumi təklifi çoxaltması nəticəsində isə qiymətlər enir. Nəticədə, hər iki bazarda eyni məhsulun qiymətləri bir müddətdən sonra eyniləşir. Beləliklə, arbitraj prosesi müxtəlif bazarlarda qiymət uyğunsuzluğunu aradan götürür. Bir sözlə, arbitraj ümumi bazarda eyni məhsulun qiymətinin ayrı-ayrı yerlərdə həddindən artıq çox dəyişməsinin qarşısını alan ən önəmli faktorlardan başlıcasıdır.[1]

Müxtəlif birjalarda, müxtəlif çatdırılma müddətlərində və müxtəlif ödəniş vaxtlarında qiymət fərqlərinə əsaslanan birja sövdələşməsi. Arbitraj sövdələşmələrinin aşağıdakı növlərinə rast gəlinir:

1) valyuta arbitraj sövdələşmələri - müəyyən məqamda valyuta məzənnələrində yaranan fərqə əsaslanır. Sadə valyuta arbitraj sövdələşmələri eyni valyutanın məzənnələrindəki fərqə, mürəkkəb arbitraj sövdələşməsi isə bir neçə valyutanın məzənnələrindəki fərqə əsaslanır;

2) faiz arbitraj sövdələşmələri – kapital bazarlarındakı faiz dərə cələrində olan fərqə əsaslanır;

3) əmtəə arbitraj sövdələşmələri - əmtəə bazarlarındakı qiymətlərdə yaranan fərqə əsaslanır;

4) fond arbitraj sövdələşmələri – müxtəlif məzənnələr üzrə qiymətli kağızların eyni vaxtda alqı-satqısı, birja və birjadankənar bazarlarda, müxtəlif ölkələrin, regionların birja bazarlarında sövdələşmələrin, eləcə də zaman (coğrafi) qurşaqlarının müxtəlifliyindən birja məzənnələri arasındakı fərqləri nəzərə alan sövdələşmələrin eyni zamanda bağlanması;

5) eyni qiymətli kağızların abunəsi hüququnun alınması və ya eyni vaxtda satışı ilə onların konvertasiyası.Arbitrajın alınma növlərinə görə arbitraj sövdələşmələri divident və diskont arbitraj sövdələşmələrinə ayrılır.[2]

İstinadlar:[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.
  2. http://unec.edu.az/application/uploads/2015/12/maliyye-sozluk.pdf Arxivləşdirilib 2020-10-25 at the Wayback Machine s-25