Arxa plan və ya Fon (Background) Ekranda üzərində simvolların təsvir olunduğu rəngdir; məsələn, ağ fonda qara simvollar. Həmçinin, arxa plan istifadəçinin birdəfəyə bir neçə proqram və ya sənədlə işləyə biləcəyi sistemdə: verilmiş anda açıq olan, ancaq aktiv olmayan pəncərədir. Bundan əlavə, arxa plan əməliyyat sistemlərində: mikroprosessorun vaxt bölgüsündə az öncüllüyü (prioriteti) olan, yəni öncəlikli olmayan, proses və ya məsələdir. İstifadəçi informasiyanın yenilənməsini tələb etmirsə, yaxud verilmiş məsələni öncəlikli rejimə keçirmirsə, fon prosesi (məsələn, çap və ya elektron poçtun daxil olmasının yoxlanması) çox zaman istifadəçi üçün görünməz olur.