Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri.
Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki "arkheon" sözündən törəyib, latın dilindəki "archivum" sözünə keçmişdir. Məna etibarilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur. Bu cür sənədlər, əsasən, ötən əsrin ortalarından elm və texnikanın inkişafı nəticəsində təşəkkül tapmışdır. Öz tutumuna, formasına, saxlanc müddətinə və keyfiyyət parametrlərinə görə bu tipli arxiv sənədləri bir çox növlərə bölünür. Bir sənədin arxivləşdirilməsi üçün 30 il keçməsi lazımdır. Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir. Zaman keçdikcə, arxivşünaslıq fəaliyyəti genişlənməyə və müxtəlif sahələrdə tətbiq olunmağa başladı. Hazırda məktəbdən tutmuş, xəstəxanalara, demək olar ki, hər bir idari müəsissə və qurumun arxiv fondu mövcuddur. Azərbaycanda Milli Arxiv Fondu ilə birlikdə 7 dövlət arxiv müəsissəsi və regionlarda bu müəssisələrin onlarla filialları fəaliyyət göstərir. Milli arxiv fondu — növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusudur.
İlk arxivlər qədim dövrlərdə mövcud olub, onlar şifahi arxiv formasında olurdu. Yaxın Şərqdə dövlətçilik ənənələrinin meydana gəlməsi nəticəsində hökmdarların verdiyi fərman və qanunlar toplusunu xüsusi mühafizə etmək zərurəti yaranırdı. Belə olan halda, Qədim Misir və Mesopatemiya ərazisində ilkin arxiv formaları meydana gəlməyə başladı. İlk arxiv nümunələri E.ə 2000-ci illərdə Misirin Nippur şəhər dövlətində meydana gəlmişdir. Burada yazıya alınan qanunlar daş və gil lövhələr üzərinə həkk olunurdu. Bu tipli yazılı abidələr keçmiş dövrün siyasi və iqtisadi vəziyyəti, o cümlədən regionda həmin dövrdə aparıcı rol oynayan dillərin linqvistik təhlili və əlifbasının öyrənilməsinə xidmət edir.
Sonradan arxiv mədəniyyəti Qədim Çində, Antik Yunanıstanda və Romada özünü büruzə verməyə başladı. Xüsusilə qədim romalılar bu tipli sənədlər toplusunun olduğu yeri Tabularia adlandırırdı. Həmin dövrdə papirus üzərinə yazılmış sənədlərin mövcud olduğu mülahizələri də irəli sürülsə də bu tipli sənədlər materialların sıradan çıxması səbəbi ilə günümüzə qədər gəlib çıxmamışdır.
Orta Əsrlər dövründə müxtəlif kilsə qurumları öz inkvizisiya sənədlərini qorumaq üçün arxiv fondlarına bənzər saxlanc yerləri hazırlayırdılar. Xll əsrdə baş verən feodal çəkişmələr fonunda sənədlərin mühafizəsinin təmini məqsədilə Fransa və İspaniya kimi ölkələrdə arxiv qurumları formalaşdı. Lakin bu arxiv qurumları pərakəndə şəklində olduğundan bütün sənədləri əhatə etmirdi. 1774-cü ildə Şotlandiyada ilk dəfə sənədlərin mühafizəsi üçün nəzərdə tutulan bir müəssisə yaradıldı. Hazırda Britaniyanın ən qədim arxiv idarəsi hesab olunan bu bina hələ də eyni məqsədlər üçün istifadə olunur.
Arxiv ənənələri hər nə qədər antik dövrlərə qədər gedib çıxsa da ilk rəsmi arxiv qurumu 1770-ci ildə Fransada formalaşmışdır. Fransa Məclisi tərəfindən quruluş qərarı 1789-cu ildə qurulan müəssisənin plan tərtibatının hazırlanması üçün xüsusi tarixçi komissiya yaradıldı. 1794-cü ildə qəbul olunmuş Fransız konstitusiyasına əsasən arxiv fondlarındakı sənədlərin əhali tərəfindən istifadəsi haqqında qərar qəbul edildi. Bununla da arxiv idarələrində sənədlərin ictimai ekspertizası bərqərar oldu. 1795-ci ildə müzakirəyə çıxarılan və 1796-cı ildə qüvvəyə minən qanuna əsasən Fransa Baş Kilsə tabeliyindəki sənədlər Mərkəzi Arxiv İdarəsinə birləşdirilməli idi.
Arxivlərin meydana gəlmə ehtiyacı çox qədim dövrlərdən formalaşmışdır. Hakim qüvvələrin verdiyi qanunlar əsasən tez məhv olan materiallar üzərində qeyd olunduğundan onların mühafizəsi müvəqqəti səciyə daşıyırdı. Belə şəraitdə arxiv sənədlərinin daimi və ya adaha uzunömürlü qorunmasını təmin etmə zərurəti meydana çıxırdı.
Azərbaycanda Səfəvilər dövrü saray hakimiyyəti zamanından bəri arxiv fəaliyyətinin ilkin forması öz təşəkkülünü tapmışdı. Sarayın gizli saxlanc yerlərində qorunan çah fərmanları və qanunlar küliyyatı mühafizəçilər tərəfindən qorunurdu. Bu ənənə sonradan Azərbaycan xanlıqları dövründə də tətbiq olunmağa davam etdi. Xüsusilə Qarabağ xanı Pənahəli xanın Şuşa sarayında iqamət edərkən böyük bir sənəd materialları saxlanc yerinə sahib olduğu məlumdur. Lakin bütün bu idarələr bütün sənədlərin bir araa gətirilməsi üçün əlverişli deyildi. Azərbaycanda mərkəzləşdirilmiş ilk arxivin yaranma təşəbbüsü Nəriman Nərimanovun adı ilə bağlıdır. Məhz Azərbaycan İnqlab Komitəsinin imzaladığı dekret sonralar Azərbaycan SSR-də Milli Arxiv İdarəsinin yaranmasında əsas amil rolunu oynadı.
Azərbaycan İnqlab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış "Azərbaycan Respublikasında milli arxiv fondunun və Xalq Maarif Komissarlığı yanında dövlət arxiv fondunun təsis olunması haqqında" dekretin əsasında 1921-ci ildə Azərbaycan SSR-də Cənubi Qafqazın ilk dövlət arxivi yaradıldı. Həmin dekretə əsasən 1918–20-ci illər aralığında mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin arxiv sənədləri də daxil olmaqla Yelizavetpol və Bakı quberniyasının nəzdində saxlanılan bütün dövlət sənədləri yeni yaranmış arxiv fondunun səlahiyyətinə verilməli idi.
1922-ci ildə Azərbaycan SSR Mərkəzi Dövlət Arxivinin səlahiyyətləri Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə həvalə olundu ki, bu da arxiv fondunun mövcud nüfuzunun daha da artmasına səbəb oldu.
1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Dövlət Arxivi yaradıldı. 1928-ci ildə isə Azərbaycan ərazisindəki bütün qəzalar üzrə Qəza Arxiv Büroları yaradıldı. Arxiv fondlarının sayının getdikcə artması sənədlərin mühafizə prosesini sürətləndirirdi.
Arxiv İşinin Azərbaycanda qısa müddətdə belə böyük inkişaf trayektoriyası cızması Azərbaycan Sovet Sosial Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 1930-cu ildə Mərkəzi Arxiv Fondunun yaranmasına dair verdiyi qərarla nəticələndi. Yeni yaranacaq arxiv qurumu təkcə sənədlərin mühafizəsinin təmini ilə deyil, həm də onların komplektləşdirilməsi və tədqiqi ilə məşğul olacaqdı. Həmin qərara əsasən 1920-ci ildə tikintisi bitmiş arxiv binasında iki yeni dövlət arxiv fondu: Mərkəzi Oktyabr İnqlabı Dövlət Arxivi və Mərkəzi Dövlət Tarix Arxivi yarandı.
1938-ci ildə digər Sovet Respublikalarında olduğu kimi Azərbaycan Milli Arxiv İdarəsinin səlahiyyətləri də Xalq Daxili İşlər Komissarlığına verilir. SSRİ Xalq Daxili İşlər Komissarlığnın rəhbərlik dövründə arxivlərimiz demək olar ki, bütünlüklə qapalı səciyyə daşıyır.
Bu hal 1960-cı ilə qədər davam edir. Sözügedən ildə Milli Arxiv İdarəsi SSRİ Nazirlər Sovetinin tabeliyinə verilir. Bu hadisə arxiv işinə dövlət səviyyəsində qayğı göstərilməsinə səbəb olur. Ölkə ərazisində bir çox yeni arxiv fondları istifadəyə verilri. 1966-cı ildə Azərbaycan Mərkəzi Ədəbiyyat və İncəsənt Arxivi, 1968-ci ildə Mərkəzi Səs Yazıları Arxivi, 1969-cu ildə isə Mərkəzi Elm, Texnika və Tibb Sənədləri yaranır, şəhər mərkəzlərində arxiv fondları tərtib olunur, rayonlarda isə Mərkəzi Oktyabr İnqlabı Arxivinin filialları fəaliyyətə başlayır.
Bu gün Azərbaycanda Milli Arxiv fondu və respublika əhəmiyyətli 6 digər arxiv fondları, o cümlədən, şəhər və rayon mərkəzi arxivləri, idari müəssisəsə arxivləri fəaliyyət göstərir. Milli Arxiv İdarısinin nəzdində zərər görmüş sənədlərin bərpası üçün şəraitə malik olan laboratoriya da mövcuddur.
Azərbaycanın İttifaqa üzv olmamışdan öncə arxiv sahəsində gördüyü bütün nailiyyətlər SSRİ dönəmində ittifaq ölkələrin "ortaq malı" hesab olunmağa başlandı. Belədə, bir çox qiymətli arxiv sənədlərimiz başqa arxiv fondlarına köçürüldü.
Azərbaycan öz arxiv sənədlərinə yalnız 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qovuşdu. Azərbaycanda dövlətçilik ənənəsinin bərpa olunmasından qısa müddət sonra respublika əhəmiyyətli arxiv sənədlərinin mühafizəsi sahəsində nəzərə çarpan tərəqqi proyeksiyası cızılmağa başlandı. Görülən işlərin nəticəsi olaraq 1996-cı ildə Azərbaycan YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Arxivlər Şurasına üzv oldu. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Dövlət Mərkəzi Arxiv Fondu haqqında qanun, o cümlədən, 2002-ci ildə imzalanan "Arxiv işinin inkişafına dair" fərman deyilənlərə sübutdur.
1921 — Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi yarandı.
1922 — Mərkəzi Arxivin rəhbərlik səlahiyyəti bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə həvalə olundu.
1925 — Naxçıvan MR Mərkəzi Arxiv Fondu yarandı.
1928 — Azərbaycan SSR ərazisində Qəza Arxiv Büroları yarandı.
1930 — Azərbaycan SSR MİK Rəyasət Heyətinin təşəbbüsü ilə Azərbaycan Mərkəzi Arxiv İdarəsinin yaranması haqqında əsasnamə qəbul olundu.
1938 — Bütün Sovet Respublikalarında olduğu kimi Azərbaycan SSR Mərkəzi Arxiv İdarəsinin rəhbərlik səlahiyyətləri Xalq Daxili İşlər Komissarlığına həvalə olundu.
1960 — Mərkəzi Arxiv İdarəsi SSRİ Nazirlər Sovetinin tabeliyinə verildi.
1966 — Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi yarandı.
1968 — Azərbaycan Mərkəzi Dövlət Səsyazıları Arxivi yarandı.
1969 — 1. Azərbaycan Mərkəzi Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi yarandı. 2. Respublika daxilində şəhər arxivləri yarandı. 3. Rayon mərkəzlərində Dövlət Oktyabr İnqlabı Arxivinin filialları yarandı.
1996 — Azərbaycan YUNESKO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Şurasının tamhüquqlu üzvü oldu.
1999 — Azərbaycan Respublikası Prezidenti tərəfindən "Milli Arxiv fondu haqqında" fərman imzalandı.
2002 — Azərbaycan Respublikası Prezidenti tərəfindən "Arxiv işinin təkmilləşməsi haqqında" fərman imzalandı.
Bu məqaləni vikiləşdirmək lazımdır. |