Aslan Qasımlı Murtuz oğlu (Aslan Kənan. d.1952 Bakı, Azərbaycan) —
Aslan Qasımlı | |
---|---|
Digər adı | Aslan Kənan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
İş yeri | Dövlət Tarix arxivinin direktoru |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
1952-ci ildə Bakıda anadan olub.
1969-cг ildə Bakıda 240 nömrəli orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun filologiya fakültəsinə daxil olub və 1973-cü ildə oranı bitirib. 1983-cü ildə AEA-nın Ədəbiyyat institutunun dissertantı olub. 1986-cı ildə elmi işini birtirib. 1991-ci ilin iyun ayından Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi işçi, şöbə müdiri və director müavini vəzifələrində işləyib.
1973–1975-ci illərdə təyinatı üzrə Neftçala rayonu Qaçaqkənd kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1975–1976-cı illərdə ordu sıralarında xidmət edib. Ordu sıralarından tərxis olandan sonra maarif sahəsində işini davam etdirib. Hal-hazırda Dövlət Tarix arxivinin direktorudur.
O, 1977-ci ildən müntəzəm olaraq dövrü mətbuatda yazılarını dərc etdirib. Aslan Kənan maarif sahəsində çalışdığı ərəfədə müxtəlif mövzular üzrə "Azərbaycan müəllimi" qəzetində məqalələrlə çıxış edib. 1993-cü ildə Türkiyədə nəşr olunmuş "Rana" təxəllüslü yazıçının Vətən Müharibəsindən bəhs edən "Onlar türklərdir" əsərini azəri türkcəsinə çevirmişdi. Həmçinin o, "Rana" təxəllüslü yazarın kimliyini müəyyənləşdirməyə müvəffəq olmuşdu. A.Kənan 1995-ci ildə Üzeyir bəy Hacıbəylinin 1918–1920-ci illərdə "Azərbaycan" qəzetində ərəb əlifbası ilə dərc edimiş bir çox məqalə və felyotonlarını ilk dəfə olaraq "Fitnələr qarşısında" adı ilə oxuculara çatdırmışdır. 2003–2004-cü illərdə Tovuzda yaşayıb-yaradan el şairi Qəmxarın iki kitabı A.Kənanın qayğısı hesabına işıq üzü görmüşdü. A.Kənan 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən Üzeyir bəy Hacıbəylinin 1918–1920-ci illərdə "Azərbaycan" qəzetində ərəb qrafikası ilə dərc edimiş məqalə və felyotonlarını tam şəkildə latın əlifbasına çevirərək, "Bayrağımız sarsılmaz" adı ilə nəşr etdirmişdi. O həmçinin Üzeyir Hacıbəyov ensiklopediyasının müəlliflərindəndir.
A.Kənan repressiyaya məruz qalan ədəbiyyat və incəsənət xadimlərinin, sadə insanların həyat yollarını arxiv sənədləri əsasında qələmə almış və "XX əsrdə repressiyaya məruz qalanlar" və "30-cu illərin günahsız qurbanları", Firidun Şuşinskinin həyat və yaradıcılığı əks etdirən "XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski", "Arxivlərdən gələn səslər" adlı kitabların müəllifidir. Sağlığında musiqişünas Firidun Şuşinski məşhur tar ustası Sadıqcan haqqında monoqrafiya yazmış, nəşriyyata təqdim olunmuş, lakin əsər işıqüzü görməmişdir. A.Kənanın axtarışları sayəsində əsər müəyyən çətinliklə də olsa əldə olunmuş və 2007-ci ildə ilk dəfə geniş müqəddimə ilə nəşr edilmişdir. A.Kənan F.Şuşinski tərəfindən qələmə alınmış Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri məşhur muğam ustadı Cabbar Qaryağdıoğlu haqqında yazdığı monoqrafiyanın dərc edilməmiş fəslini əlavə edərək geniş müqəddimə ilə 2008-ci ildə "Şərq musiqisinin peyğəmbəri" adı altında nəşr etdirmişdir. Bu illərdə A.Kənan tərəfindən məşhur detektiv yazıçısı Cəmşid Əmirovun beş cilddən ibarət əsərləri tərtib edilərək, geniş müqəddimə ilə nəşr olunmuşdur. Bundan əlavə A.Kənan C.Əmirovun həyat və yaradıcılğına aid "Son zərbə" filminin ssenarisinin müəlliflərindəndir.
A.Kənan Firidun Şuşinski haqqında vaxtilə yazılmış məqalələri toplayıb "Unudulmaz musiqi tədqiqatçısı" adı altında kitab nəşr etdirmişdi. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun 1930–1960-cı illərdə bir çox ədəbiyyat və incəsənət xadimləri ilə, həmçinin həyat yoldaşı Sara xanımla məktubları A.Kənan tərəfindən ərəb qrafikasından latın əlifbaya çevrilmişdi və kitab halında nəşr edilmişdir. A.Kənan "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı 19 noyabr 2015-ci il tarixli 1538 nömrəli Sərəncamına əsasən C.Hacıbəylinin mühacirət həyatı dövründə ərəb qrafikası ilə yazılmış məktublarını ilk dəfə latın əlifbasına çevirib, "Qürbətdən gələn səslər" adı ilə nəşr etdirib. A.Kənan həmçinin musiqişünas Firidun Şuşinskinin "Azərbaycanın musiqi xəzinəsi" adlı ensiklopedik kitabının toplayıb, tərtib edəni, nəşrə hazırlayanı və ön sözün müəllifidir.
A.Kənan Məmməd Əmin Rəsulzadə ensiklopediyasının elmi məsləhətçisidir. Fətəli bəy Düdənginski və Məmməd Əmin Rəsulzadə haqqında yazılmış bir çox kitabların məsləhətçisi və rəyçisidir. O ilk dəfə olaraq M.Ə.Rəsulzadənin "Səyavuş" əsərinin ərəb qrafikası ilə yazılmış türk dilində əsərini orjinalını saxlamaqla latın əlifbasına keçirmişdir. A.Kənan bundan əlavə bir çox məqalələrin, kitabların, ssenarilərin müəllifi, redaktoru, elmi məsləhətçisi və tərtibçisidir. Aslan Kənan Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.