Astara kurqanları — Azərbaycan Respublikasının Astara rayonunun Telman, Pensər, Təngərud, Suvi və s. kəndləri ərazisində Tunc və Dəmir dövrlərinə aid kurqanlar.
Telman kəndi ərazisindəki 2 kurqanda kromlexlə əhatə olunmuş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilmiş, buradan həmçinin gil qablar, saplaqlı tunc nizə ucluqları, dördtilli bizlər, iskənə, daşdan qaban fiquru, gildən düzəldilmiş araba təkərlərinin modeli və s. tapılmışdır. Saplaqlı nizə ucluqları və iskənə burada yaşamış sakinlərin Ön Asiya tayfaları ilə əlaqəsini əks etdirir. Astara kurqanlarının materialları e.ə. III minilliyin ortalarında bu ərazidə metallurgiyanın inkişafını və yerli tayfaların tökmə üsulla mərgümüşlü tunc məmulatı hazırladıqlarını göstərir.