Ata Atakişiyev (14 dekabr 1954, Bakı – 29 sentyabr 1997) — Azərbaycanın mahir klarnet ifaçısı.
Ata Atakişiyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Vəfat tarixi | (42 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Ata Atakişiyev 1954-cü il dekabr ayının 14-də Bakıda dünyaya göz açıb. 1963-68-ci illər ərzində klarnet sahəsində musiqi təhsili alır. O, 1971-ci ildə 31 saylı orta məktəbi bitirir.1975-ci ildə ailə həyatı qurur. Ata Atakişiyev 1978-ci ildən başlayaraq efirə çıxır və bununla da məşhurluğun pik nöqtəsinə çatır. Ata Atakişiyevin 1 oğlu və iki nəvəsi var.
Ata Atakişiyev artıq 60-cı illərin sonu 70-ci illərin əvvəllərində el şənliklərinə dəvət alır, dövlət tədbirlərində iştirak edirdi. Məşhurluq ona “Klarnetin Atası” adını qazandırmışdı.
Müasirlərinin sözlərinə görə, Ata artıq 20 yaşında sənətin zirvəsini fəth edə bilmişdi. Daha çox paytaxtda və Abşeron ərazisində populyarlıq qazanmış Ata Atakişiyev, deyilənlərə görə, ayın 30 günü toy sifarişi alarmış. Hətta, toy sahibləri öz dəvətnamələrinin üzərinə “Klarnet ustası Atanın iştirakı ilə” qeydini yazdırardı.
Atanın musiqiyə qeyri-adi yanaşma tərzi var idi. Sanki o, musiqi ilə söhbət edirdi. İfa etdiyi melodiyanı duyur, ona bir doğmalıqla yanaşırdı. Özünün duyumu ilə musiqiyə xüsusi çalarla əlavə edirdi. O çalışmırdı ki, ifasını tez sona çatdırsın. Ana öz körpəsini necə əzizləyir, ona necə nəvaziş göstərirsə, Ata da ifa etdiyi musiqiyə ürəyinin hərarətini qatırdı. Musiqini o qədər əzizləyir, ona o qədər nəvaziş göstərirdi ki, sanki melodiyanı nazlandırırdı. Onun ifasında bir sirr, bir sehr var idi. Elə bil onun ifası baxımı ilə uzanır, lakin şirinlikdən, həzinlikdən tez bitirdi. O, ifasını bitirdikdə dinləyici təəssüfünü gizlədə bilmirdi. Heyf ki, bitdi! İnsanı yüksək mənəvi hislərə səsləyirdi onun ifası. Dinləyicini sirli aləmə aparırdı onun çalğısı. Sanki o, melodiya ilə dostluq edirdi. Bu dostluqdan həm musiqi, həm dinləyici, həm də Ata feyz aparırdı.
Hazırda sənətkarın Azərbaycan Dövlət Radiosunun “Qızıl fondu”nda bir neçə sənət nümunəsi qorunub saxlanmaqdadır.
Ata haqqında xatirələrini bölüşən klarnet ifaçısı Hacı Həmidoğlu deyir ki, "uşaqlıq və gənclik illərimiz onunla bir yerdə keçmişdi. Onun toyu bir kino lenti kimi gözümün önündən gəlib keçir. Konsert salonunu xatırladırdı - Əlibaba Məmmədov, Razi Şükürov, Məmmədbağır Bağırzadə, Rəmiş, Aftandil İsrafilov, Firuz Eyvazov ifa edirdi”.
- Övlad itkisi böyük sənətkara çox pis təsir etmişdi. Sonuncu dəfə 1996-cı ildə İlkin dünyasını dəyişməmişdən AzTV-yə getdik. Ata bir neçə oyun havası və bəstəkar mahnıları ifadə etdi. Hazırda həmin ifalar “Qızıl fond”da saxlanılır.
Atanın el şənliklərinə getmək üçün yaratmış olduğu ansamblının üzvü, nağara ifaçısı Sahib Bünyadzadə də xatirələrini bizimlə bölüşür. Ata ilə qonşu olublar. Deyir bir gün Ataya toyda “komplekt” (musiqi çələngi) sifariş verilir. Onun ifa etdiyi komplektlər adətən 40-45 dəqiqə çəkərdi: “Həmin toyda müəllimim, mərhum nağara ifaçısı Çingiz Mehdiyev də iştirak edirdi. Ata mənə baxıb dedi ki, komplekt çalmağı bacarırsansa, bəlkə müəllimini sən əvəz edəsən? Etiraz eləməyib ustadımdan izin aldım və başladıq. Çox yaxşı alındı. Toy iştirakçıları da çox bəyəndi. Həmin çalğıdan sonra artıq Ata ilə məclislərdə iştirak etməyim və dostluğum başladı. Dəfələrlə Rusiya Federasiyasının müxtəlif şəhərlərinə səfərlər etdik. Atanın toy sifarişlərinin ardı-arası kəsilmirdi. Hətta elə vaxtlar olurdu ki, bu ildən gələn ilə də toy sifarişlərimiz olurdu. Atanı öz toyunda görmək istəyənlər toy gününü onun boş vaxtı ilə təyin edirdilər”.
Tanınmış müğənni Cavanşir Məmmədovun da Ata ilə tanışlığı 70-ci illərin əvvəllərindən başlayıb. “Mən qarmon ifaçısı olduğum dövrdə Atanın ansamblında el şənliklərinə gedirdim. Adam var ki, ana bətnindən ağsaqqal kimi doğulur, adam da var ki, yaşlandıqdan sonra saqqalı ağarır deyə, onu ağsaqqal kimi tanıyırlar. Ata isə ağsaqqal kimi dünyaya göz açmışdı”, - deyir Cavanşir Məmmədov.
- Atanın bütün ifaları anşlaqa səbəb olurdu. Biləndə ki, Yasamalda toyların birində Ata olacaq, toya dəvət almayanlar da nəmərini yazdırıb, yeyib-içdikdən sonra əyləşib Atanın ifasına qulaq asırdı. Toyda oxuyandan çox Atanın ifasını dinləyirdilər. O, klarneti dilləndirən kimi pulu yağış kimi başına səpirdilər. O, mənim üçün çox böyük arxa, dayaq idi. Çox etibarlı dost olub.
Cavanşir Məmmədov bir hadisə də danışır: “Atanın ölümündən bir neçə il əvvəl bir nəfərlə münaqişəm yaranmışdı. Həmin ərəfədə mən Tovuza toya getməli idim. Ataya dedim ki, ola bilər, həmin adamlar gəlsinlər, evdəkilərdən muğayat olarsan. Səhərə yaxın mən evə qayıdanda yaşadığım binanın qarşısında Atanın maşınını gördüm. Demə, mən şəhərdə olmadığım vaxt, o, gecəni də bizim binanın qarşısında keçirib. Rəhmətlik dedi, Cavan, gələn olsaydı, yalnız mənim meyitimin üstündən keçib evə gedə bilərdi... “.
Ölümündən uzun müddət keçməsinə baxmayaraq, Ata Atakişiyevi yalnız xoş sözlər anmaq mümkündürsə, deməli dişi ilə, dırnağı ilə zirvəsinə ucaldığı sənəti onu bu gün də yaşadır. Bilmirəm, o, öz taleyinə hansı havanı həsr edərdi, bəlkə barmaqlarını “Bayatı kürd” üçün, “Humayun” üçün gəzdirərdi... Yanıqlı havalar onun ən sevimli havaları idi...