Dünyanın ən quraq səhrası olan Atakamanın florası (Çili) qeyri-sabit bitki örtüyü ilə xarakterizə olunur. Adətən El Nino fazaları ilə üst-üstə düşən nisbətən daha əlverişli yağışlı dövrün vaxt çərçivəsi ilə ciddi şəkildə məhdudlaşır.
Səhranın cənub yarımkürəsində yerləşdiyinə görə, Atakamada iqlim baharı sentyabr-noyabr ayları arasında, səhrada leysan yağışlarının baş verdiyi və quru çay yataqlarının müvəqqəti axınlarla dolduğu zaman baş verir. Bu zamanda yerli otların və xüsusilə uzun illər nəm ehtiyatı saxlaya bilən soğanlı bitkilərin sürətli, lakin qısa müddətli çiçəklənməsi başlayır. Bu fenomen çiçəklənən səhra adlanır[1]. Aktiv bitki örtüyü yalnız nisbətən daha rütubətli illərdə baş verir. Çiçəkləmə həşəratların, quşların və kərtənkələlərin sürətli çoxalması dövrü ilə müşayiət olunur. Bu fenomen ən çox cənubda Vallenar şəhərindən şimalda Kopiapo şəhərinə qədər olan ərazidə özünü daha aydın göstərir və El Nino iqlim hadisəsinin ən çox təzahür etdiyi illərdə sentyabrdan noyabr ayına qədər həm sahilyanı, həm də Andyönlü səhra zonasına təsir göstərir. Belə illərdə yazda yağıntının miqdarı maksimum olur.
Atakamada orta illik yağıntı 12,0 mm-dir. 1991 və 1997-ci illərdə bu norma 4-9 dəfə artıq olmuşdur. Buna görə də, məhz bu illərdə bitkinin ən gur çiçəklənməsi müşahidə edildi.
Səhranın çiçəkləyən bitkiləri 200-dən çox növlə təmsil olunur, onların çoxu endemikdir. Sahil xəttindən dağlara doğru hərəkət etdikcə növlər dəyişir. Əsas növlər bunlardır: aslan ayağı (Bomarea ovallei), quanako ayağı (Cistanthe grandiflora), anyanyuka (Rhodolirium montanum).