Atif Zeynallı

Atif Əbdülbaqi oğlu Zeynallı (20 mart 192728 yanvar 1991) — Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Atif Zeynallı
Atif Əbdülbaqi oğlu Zeynallı
Doğum tarixi
Doğum yeri Bakı, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi (63 yaşında)

Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörddən artıq şer kitabı dərc edilmişdir. Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür. Alim ömrünün son illərini də bu evdə yaşadı. 1944-1949-cu illərdə ADU-nun Ş\şərqşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlamış, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik etmişdir. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışmışdır.

Özünü ədəbiyyatda şair kimi görmək istəyən Atif Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girir. Stalinin bütünün sındırılması o zaman ədəbi mühitdə gərginlik və parçalanma yaratmışdı, qoca ədiblərin çoxu açıq-gizlin Stalinin ifşasına qarşı idilər. Atif Zeynallı isə bir alim və şair kimi stalinizmin tənqidinə tərəfdar idi.

Ədib 1957-ci ildə "C.Cabbarlının dramaturgiyasında yeni insan surətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

Atıf Zeynallı 1951-ci ildə Səyyarə Əliyeva ilə ailə qurmuşdur. Böyük qızı Esmira Zeynallı Azərbaycan radiosunda diktor idi, indi ABŞ-da yaşayır. Kiçik qızı Ulduz rəssamdır. Şairin oğlu Xəzər Zeynallı sənətşünaslıq elmləri namizədidir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Atif Zeynallının yazdığı üç iri monoqrafik əsəri XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr edilmişdi. Namizədlik işini alim ayrıca çap etdirməyib.

Atif Zeynallının elmi fəaliyyəti ömrünün sonuna qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı idi: orada kiçik elmi işçi, sonra isə böyük elmi işçi (1960) seçilmişdi. Elmi şuranın daimi üzvü kimi Atif Zeynallı orada prinsipial çıxışlar edirdi, elmdə saxtakarlığa, tamahkarlığa qarşı mübarizə etməyə çalışırdı. Ədəbiyyatın milli özəlliyinin, xalq köklərinin himayəçisi kimi çıxış edirdi. Bir qayda olaraq instituta verilən müdafiə şuralarının üzvü idi.

Atif Zeynallı bir sıra aspirant və dissertantların elmi rəhbəri olmuşdur. Cavan yaşlarından o, sovet ədəbiyyatı şöbəsində işləmiş və şöbə xətti ilə hazırlanan iki cildlik sovet "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin əsas müəlliflərindən biri olmuşdur. O "20-ci illərdə ədəbiyyat" fəslində "Giriş" və "Dramaturgiya", "Müasir dövrdə ədəbiyyat" fəslində isə "Poeziya" oçerkini yazmışdı.

Bir şair kimi Atif Zeynallı müharibədən sonra Səməd Vurğun məktəbinin təsiri ilə yetişən vətənçi şairlər nəslinin nümayəndəsi idi. Onların sırasında Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Adil Babayev, Qasım Qasımzadə, İslam Səfərli və başqaları var idi. Onlar Səməd Vurğunun xalqçılıq, kökə bağlılıq ideyaları ilə zəngin olan poeziyasını həm məzmun, həm də dil və forma cəhətdən sevir və böyük şairin xəttini və məktəbini davam etdirməyə çalışırdılar.

Alim ömrünün müdrik illərini dərindən sevdiyi Səməd Vurğun yaradıcılığı barədə monoqrafiyanı yazmağa həsr etdi. Bu kitab onun ölümündən bir il qabaq 1990-cı ildə çap olundu. Səməd Vurğun onun ən çox təsirləndiyi və sevdiyi şair idi.

Atif Zeynallının mətbuatda çoxlu resenziya və məqalələri çıxmışdır. Bunların çoxu C.Cabbarlı, S.Vurğun, S.Rüstəmə həsr edilmişdi. Onun digər qələm dostları haqqında da məqalələri çoxdur.

Poeziya ilə yanaşı Atif Zeynallı dram əsərləri də yazırdı. "Sirlər yuvası", "Nəriman ata", "Məmmədəli kurorta gedir", "Ləkə" və pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə qoyulmuşdu. Ədibin pyesləri əsasən komik-dramatik üslubda idi. Təəssüf ki, bu əsərlər toplanıb çap edilməmişdir. Ümumən alimin səliqəli arxivi yoxdur.

Atif Zeynallı bir sıra xarici ölkələrdə ezamiyyətlərdə olmuşdur. Bədii əsərləri SSRİ xalqlarının dillərinə çevrilmişdir. "Keçilməmiş yollarla" monoqrafiyası rus dilinə çevrilib çap edilmişdi. Özü də vaxtaşırı tərcümələr edirdi.

Atif Zeynallının məzarı atasının və cavan vəfat etmiş qardaşının dəfn edildiyi Yasamal qəbristanlığındadır.

  • Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Bakı: Nurlar, 2011.
  • Atif Zeynallı. Səməmd Vurğun sənəti. Bakı: Elm, 1990, 239 s.
  • Atif Zeynallı. Keçilməmiş yollarla. Bakı: Elm, 1970, 204 s.
  • Atif Zeynallı. Realist bədii tərcümədə ənənəvi forma problemi. Bakı: 1973, 44 s.
  • Azərbaycan sovet ədəbiyyatı tarixi. I və XI cildlər. Bakı: Elm, 1967.