Atmosfer yağıntıları — buludlardan damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer səthinə və ya əşya üstünə çökən (şeh, qırov) su. Yağıntının miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. Atmosfer yağıntıları Yer kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır.
Azərbaycanda yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə qədər (Kəkiran, Lənkəran) dəyişir. Atmosfer yağıntıları hava və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malikdir. Atmosfer yağıntıları xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və s.) ölçülür.[1]
Respublika ərazisində yağıntıların miqdarındakı böyük fərqlər relyef xüsusiyyətləri, dağ silsilələrinin hündürlük fərqi, yamacların dikliyi və səmtinin müxtəlifliyi, böyük su hövzələrinə yaxınlıq və verilmiş ərazi üçün səciyyəvi olan atmosfer dövranı ilə qarşılıqlı əlaqələrlə izah edilir. İlin soyuq dövründə (noyabr-mart) ən az yağıntı Kür-Araz ovalığında - Kür çayı vadisində, xüsusilə də qərb hissədə 150 mm, bəzi yerlərdə isə 100 mm-dən az olur. Böyük Qafqazın şimal-şərq yamacında bu kəmiyyət 250 mm, cənub yamacda 350 mm və daha çox, Kiçik Qafqazın şimal və cənub hissələrində müvafiq olaraq 150–200 mm, Naxçıvanda 300 mm, Talış dağlarında isə 1600 mm-dən çox olur. İsti yarımillikdə (aprel-oktyabr) ən az yağıntı Kür-Araz ovalığı və Abşeron yarımadasının Xəzər sahili hissəsində müşahidə olunur (50–100 mm). Buradan Kür vadisi ilə yuxarıya doğru getdikcə, xüsusilə də dağlara yaxınlaşdıqca yağıntıların miqdarı artır. Bu kəmiyyət Böyük Qafqazın şimal-şərq yamacında 400 mm, cənub yamacda isə 800 mm-ə çatır, Kiçik Qafqazın şimal hissəsində 400 mm, cənub hissəsində 500 mm, Naxçıvanda - Araz çayı boyunca 100 mm, yüksək dağlıq zonada, xüsusilə də Zəngəzur dağlarında 300 mm, Talış dağlarında isə 500 mm təşkil edir. Buradan da görünür ki, illik yağıntının paylanmasından fərqli olaraq ilin isti dövründə maksimum yağıntı Talış dağlarında deyil, Böyük Qafqazın cənub yamacında müşahidə edilir.[2]
Orta çoxillik yağıntı məlumatlarının təhlili göstərir ki, sutkalıq miqdarı 2–5 mm olan xırda yağıntılar tez-tez, 20–30 mm və artıq olanlar isə az-az təkrarlanır. Ə.M.Şıxlınskinin (1949) tədqiqatlarına görə miqdarı >0,1 mm olan yağıntılı günlərin sayı, Kür-Araz ovalığında 60-70 gün, dəniz sahilində isə bir qədər azdır. Bu cür az miqdar Naxçıvanın Arazboyu düzənliklərində də müşahidə edilir. Kür-Araz ovalığından dağlara doğru yağıntıların təkrarlanması artır: Böyük Qafqazda cənub yamacda 160 gün, şimal-şərq yamacda 140 gün, Kiçik Qafqazın şimal hissəsində 120, cənub hissədə 130 gün, Talış dağlarında 130 gün, Naxçıvanın dağlıq zonasında isə 120 gün təşkil edir. Respublika ərazisində bol yağıntıların şaquli paylanmasının (sutkalıq miqdarı >20 mm olan) təhlili göstərir ki, (Böyük Qafqazın şimal-şərq yamacı və Lənkəran vilayəti istisna edilməklə) yağıntılı günlərin hündürlüyə doğru dəyişməsinin ümumi qanunauyğunluqları mövcuddur, yəni müəyyən hündürlüyə qədər yağıntılı günlərin sayı artır, sonra isə azalır. Böyük Qafqazın cənub yamacında onların kəmiyyəti təqribən 2200–2400 m-ə qədər, Kiçik Qafqazın şimal hissəsində 1400–1500 m, Naxçıvanda isə 3200–3600 m-ə qədər artır. Bu yüksəkliklərdən sonra yağıntılı günlərin sayı azalır. Sutkalıq miqdarı > 20 mm olan yağıntılı günlərin, yəni, bol yağıntılı günlərin ən böyük kəmiyyəti (25 gün). Böyük Qafqazın cənub yamacında və Lənkəran vilayətinin sahil rayonlarında, ən az isə (5 gündən az) Kür-Araz ovalığında, Naxçıvanın və Talış dağlarının yüksək hissələrində müşahidə edilir.[3]
Ən az yağıntı Abşeron yarımadasının cənubunda, ən çox yağıntı isə Talış dağlarının ətəyində müşahidə edilib.