Atmosferin yer kürəsində insanın həyatı və fəaliyyəti üçün əhəmiyyəti çox böyükdür. Əgər yerdə atmosfer olmasa idi, canlı aləm olmazdı. Atmosferin tərkibinə daxil olan qazlardan biri oksigen canlı aləmin nəfəs almasına və yanma prosesinə kömək edir. Karbon qazı isə bitkilərin, yarpaqların qidalanması üçün istifadə olunur və bitkilər tərəfindən atmosferə oksigen buraxılır. Atmosferin əsas qazı azot zülal və azotlu birləşmələrin tərkibinə daxil olub yerdə həyatın inkişafı ilə sıx əlaqədardir. Atmosfer Azotun, Oksigenin, Arqonun, Neonun və başqa qazların sənaye üsulu ilə alınmasında tükənməz rol oynayır. Atmosfer gündüzlər yerin günəş şüaları tərəfindən hədsiz qızmasının, gecələr isə hədsiz soyumasının qarşısını alır, eyni zamanda canlı orqanizmləri günəşin ultrabənövşəyi və kosmik şüalarından qoruyur.[1]
Tərkibində su buxarı olmayan hava quru hava adlanır. Yer səthi yaxınlığında quru hava 99% azotdan (78% mol miqdarına görə və 76% kütləyə görə) və oksigendən (21% mol miqdarına görə və 23% kütləyə görə) ibarətdir. Hər iki qaz yer səthi yaxınlığında atmosferin tərkibinə ikiatomlu molekul (N2 və O2) şəklində daxildir. Qalan 1% demək olar ki, arqonun payına düşür(Ar). Cəmi 0,03% karbon qazına(CO2) qalır. Çoxsaylı digər qazlar havanın tərkibinə mində, milyonda bir və daha kiçik faizlə daxildir. Bunlar kripton(Kr) , ksenon(Ks), neon(Ne), helium(He), hidrogen(H), Ozon(O3), yod(J), radon(Ra), metan(CH4), ammonyak(NH3),hidrogen- oksid(H2O2), azot oksid(N2O) və s.- dır. Yer səthi yaxınlığında quru havanın faiz tərkibi çox sabitdir və hər yerdə eynidir. Ancaq karbon qazının miqdarı olduqca dəyişə bilər. Nəfəsalma və yanma prosesləri nəticəsində onun həcmi sənaye mərkəzlərinin havasında bir neçə dəfə arta bilər(0,1–0,2%). Bununla əlaqədar azotun və oksigenin miqdarı həcmə görə az da olsa azala bilər. Bu qazların miqdarı ammonyakın, yodun, radonun və atmosferə torpaq və yaxud su səthindən düşən digər qazların miqdarının dəyişməsi ilə də cüzi də olsa dəyişə bilər.[2]
Atmosferin təbəqələrə bölünmə prinsipləri