Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəs
Atom qəfəsinin düyünlərində neytral atomlar yerləşir. Atomlar arasında kovalent rabitə onların valent elektronlarının qoşalaşması hesabına yaranır. Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Kristalda kovalent rabitə sp elementləri üçün xarakterik olur. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Düyün nöqtələrində yerləşən bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir.
Karbonun allotropik şəkildəyişmələri (almaz, qrafit, fülleren, karbin), eləcə də bəzi elementlər (silisium, germanium) atom kristal qəfəs quruluşludur. Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.
Atom kristal qəfəsli maddələrin kristal qəfəslərində atomlar arasında kovalent rabitələr möhkəm olduğu üçün, onlar üçün böyük bərklik və yüksək ərimə temperaturu xarakterikdir. Yüksək sərtliyi etibarilə məxsusi sahələrdə istifadə olunur. Birləşmədən və elemmentdən asılı olaraq müxtəlif tipli quruluşa malik olurlar.
http://e-derslik.edu.az/books/103/units/unit-4/page126.xhtml