Avacıq mahalı — Xoy xanlığının inzibati ərazi bölgüsünə daxil olan mahal.
Avacıq mahalı Türkiyə sərhədində Bəyazidin cənubunda yerləşirdi. Cənub və şərq tərəfdən Maku xanlığı ilə həmsərhəd idi. Mahalın mərkəzi Avacıq kəndi idi. Mahalda yerli bəylərin sərəncamında 100 nəfərdən artıq daimi silahlı döyüşçü var idi. Onlardan 30 nəfərini mahal naibinin yaxın qohumları təşkil edirdi. Mahalın ərazisini Avacıq və Qazıgöl dərələri təşkil edirdi. Avacıq dərəsinin sakinlərinin əsas məşğuliyyəti yarımköçəri maldarlıq idi. Onlar qışı həmin dərədə, yayı isə Qırxlar dağında keçirirdilər. Mahalın ərazisinə otuza yaxın kənd daxil idi.
Avacıq mahalının əhalisi müntəzəm olaraq osmanlıların hücumlarına məruz qalırdılar. Xüsusilə sərhəddə yerləşən Bələsor kəndi türklərin hücumuna daha çox məruz qalırdı.
Avacıq mahalından xəzinə üçün natural vergidən başqa, ildə 330 tümən pul da toplanırdı. XIX əsrin II rübündən etibarən Xoy xanlığının zəifləməsi ilə əlaqədar olaraq bu mahal Maku xanlığına tabe edildi.