Aventin bloku (it. Secessione dell'Aventino) — İtaliyada antifaşist müxalifətçi partiya və siyasi qruplaşmaların bloku. 1924-cü ildə yaradımışdı. Aventin blokuna bu ad patrisilərlə mübarizə dövründə Aventin təpəsində sığınacaq tapan Qədim Roma plebeyləri haqqında rəvayətlə əlaqədar verilmişdi. Faşizmə qarşı açıq kütləvi mübarizə aparmaq üçün İtaliya Kommunist Partiyası (İKP) da Aventin blokuna qoşulmuşdu, lakin Aventin blokuna daxil olan digər partiyalar İKP-nin ümumi siyasi tətil elan etmək və parlament əleyhinə çıxmaq təklifini qəbul etmədilər. İKP parlament tibunasından faşizmin ifşasını davam etdirmək üçün blokdan çıxıb parlamentə qayıtdı. 1926-cı ildə Mussolininin faşist hökuməti müxalifətin fəaliyyətini qadağan etdi. Kütlələrdən ayrı düşən Aventin blokunun qalıqları faşizmə qarşı mübarizədə ciddi rol oynamadı.[1]