Avtomodelizm və ya avtomodel idmanı — texniki idman növü; avtomobil modellərinin hazırlanması və yarışlarda sınaqdan keçirilməsi.
Avtomodelizm 1940-cı illərdə Avropada meydana gəlmiş, 1956-cı ildən SSRİ-də də yayılmağa başlamışdır. Avtomobil modelləri daxiliyanma mühərrikli, elektrik mühərrikli, ezin mühərrikli və radio ilə idarə edilən olur. Avtomodelizm yarışları kordodramda (diametri təqribi 20 metr olan beton yol) keçirilir. Modellər (radio ilə idarə edilənlərdən başqa) kord adlanan polad məftillə meydançanın mərkəzində diyircəkli yatağa birləşdirilir və dairə boyunca hərəkət edir. Azərbaycan avtomodelçiləri SSRİ-də keçirilən ümumittifaq yarışlarında üç dəfə birinci yeri tutmuşdur (1969, 1970, 1971). Avtomodelizmə SSRİ Avtomodel İdmanı Federasiyası (1968-ci ildən Avropa Avtomodel İdmanı Federasiyasına daxildir) rəhbərlik edirdi.[1]