Avtovağzal — şəhərlərarası və şəhərətrafı avtobus marşrutları sərnişinlərinə xidmət göstərmək üçün şəhərlərdə yaradılan tikililər kompleksi. Avtovağzal sərnişin binası, daxili nəqliyyat ərazisi və vağzalyanı sahədən ibarətdir. Avtovağzal binasında bilet kassaları olan sərnişin zalı, uşaqlı sərnişinlər üçün otaq, əl yüklərinin saxlanması üçün kamera, kafe, sanitariya qovşağı, həmçinin inzibati otaqlar olur. Avtovağzalın daxili nəqliyyat ərazisində sərnişinlərin minib-düşməsi üçün perronlar, reysarası müddətlərdə avtobuslar üçün dayanacaq maşının nəzərdə keçirilməsi və kuzovunun yuyulması üçün meydança (zəruri hallarda) var. Avtovağzal ərazisində avtobusların hərəkəti dispetçer pultundan işıq siqnalları və avtomatik qurğular (avtobuslara miniyin başlanmasını və qurtarmasını qeydə alan) vasitəsilə idarə olunur. Böyük avtovağzalların dispetçer məntəqəsində televiziya qurğusu da qoyulur.[1]