Ayətullah Mərifət

Məhəmməd Hadi Mərifət (1931, Kərbəla — 19 yanvar 2007) — İlahiyyatçı-alim; Ayətullah; Şeyx.

Ayətullah Mərifət
Ayətullah Mərifət
Ayətullah Mərifət
Doğum tarixi
Doğum yeri Kərbəla şəhəri
Vəfat tarixi

Ayətullah Mərifət 1931-ci ildə Kərbəla şəhərində ruhanibir ailədə dünyaya göz açmışdır. Ruhanilərdən biri olan atası Şeyx Əli Mərifət 15 yaşından Kərbəlada məskunlaşmışdır. Ayətullah Mərifətin sülaləsi 300 ildən bəri elm və təqva əhli olmuşlar. Bu soy "Risaləti-Misiyyə" kitabının müəllifi Şeyx Əbd əl-Ali Misidən gəlir. O, Cəbəl-Amilin Mis kəndindən (Keçmişdə Kiçik Asiyanın şimal-qərbində yerləşən və adını orada yaşayan yerli əhalidən — mislilərdən alan Mis — və ya Meys — kəndi) İsfahana köçmüş, sonradan isə Ayətullah Mərifətin babası ailəsi ilə birgə Kərbəlaya getmiş və orada yaşamağa başlamışdır. Ayətullah Mərifət 19 yanvar 2007-ci ildə vəfat edib.[1][2]

Təhsil illəri

[redaktə | mənbəni redaktə et]

Ayətullah Mərifət təhsilinə o dönəmin məktəbxanalarında başlamış, hətta "Came əl-müqəddimat" kitabını da o məktəbxanalarda oxumuşdur. Sonra Kərbəla Dini Elmlər Hövzəsinə daxil olmuş, ibtidai dini təhsil almışdır. İbtidai dərslərin bir hissəsini atasından, digər hissəsini isə elmi hövzədəki müəllimlərindən öyrənmişdir. Sonra ali üsul və fiqh dərslərində iştirak etmiş, həmin elmi hövzədə üsul və bir sıra fiqh bölmələri ilə bağlı ali təhsilə yiyələnmişdir. Sonradan Ayətullah Xoyi və digər böyük şəxsiyyətlərin dərslərində iştirak etmək üçün Nəcəf Dini Elmlər Hövzəsinə yollanır. Orada da böyük alimlərdən faydalanır. Sonra Qum Dini Elmlər Hövzəsinə gəlir və bir müddət mərhum Ayətullah Mirzə Haşim Amilinin dərslərində iştirak etdikdən sonra, rəsmən tədrisə başlayır.[1][2]

Ayətullah Mərifət təhsil illərində hövzə fənlərini tədris etməkdən də geri qalmırdı. Hətta bu gün hövzələrdə keçirilməyən riyaziyyat kimi fənlər belə tədris ediridi. Təhsil və tədrislə yanaşı müxtəlif elmi və dini sahələrdə tədqiqatlar aparırdı. Bu yolda əsla səyini əsirgəmirdi. Belə ki, öz xatirələrində söylədiyinə görə, bəzən gecələri sübhədək bir məsələ üzərində işləyir, onun elmi tədqiqini aparırdı.[1]

Ayətullah Mərifət təhsil illərində böyük alimləri, savadlı müəllimləri görmüş, onlardan faydalanmışdır. "Came əl-müqəddimat"ı məktəbxanada mərhum Şeyx Əli Əkbər Nainidən öyrənmişdir. Bir çox giriş dərslərini əmisi oğlu mərhum Şeyx Məhəmməd Cavad Mərifətlə birgə atasından öyrənmişdir. "Süyuti" kitabını Şeyx Səid Tonekabunidən, "Muğni", "Məalim" və "Kifayə" kimi dərsləri mərhum Şeyx Məhəmməd Hüseyn Mazandaranidən öyrənmişdir. "Mütəvvəl"i öyrənmək üçün isə Ədib Nişapurinin dərslərinə getmişdir. "Qəvanin"in bir hissəsini isə Seyid Ağamirdən öyrənmişdir. Ali üsul və fiqh dərslərini (bütöv üsul və bəzi fiqh bölmələrini) mərhum Ayətullah Şeyx Yusif Biyarcüməndi Xorasaninin dərslərində iştirak edərək mənimsəmişdir. Nəcəf Dini Elmlər Hövzəsinə daxil olmaqla mərhum Ayətullah əl-Üzma Xoyinin dərslərində iştirak edərək ali üsul və fiqh təhsili (bütöv üsul və bəzi fiqh bölmələrini) almışdır. Həmçinin Nəcəfdə Ağamirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Ayətullah Həkim, mərhum Ağa Fani kimi böyük ustadlardan və Nəcəfdə olduğu müddətdə Ayətullah Xomeyninin də dərslərindən faydalanmışdır.[1][2]

Quma köçdükdən sonra isə təqribən iki il Ayətullah Mirzə Haşim Amilinin dərslərində iştirak etmış, tədris və tədqiqatla məşğul olmuşdur.[1][2]

Elmi və mədəni fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Ayətullah Məhəmməd Hadi Mərifət həyatı boyunca islam dininə, şiə ictimaiyyətinə bir çox elmi və mədəni xidmətlər göstərmiş, töhfələr vermişdir. O, hələ Kərbəlada olarkən bir qrup alimlə birgə (baş redaktor Höccətül-islam Şəhristani olmuşdur) "Əcvibə əl-məsail əd-diniyyə" (Dini məsələlərə cavab) adlı jurnal nəşr etmişdi ki, burada dinin müxtəlif sahələrində iradlara, şübhələrə cavab verilirdi. O, təhsil illərində və ondan sonra daim Kərbəla, Nəcəf və Qum Dini Elmləri Hövzəsində dini biliklərin tədrisi ilə məşğul olmuş, savadlı şagirdlər yetişdirmişdir. Bu tədrislərin böyük bir hissəsi quranşünaslıq bilikləri ilə əlaqədar olmuşdur. Onun bu sahədəki fəaliyyəti islam aləmindəki böyük ehtiyaca, elmi hövzələrdəki çatışmazlıqlara nəzərən əvəzsiz nəticələr vermişdir. Belə ki, Ayətullah Mərifəti çağdaş dövrdə elmi hövzələrdə quranşünaslıq biliklərinin banisi hesab etmək olar. Onun iri həcmli "ət-Təmhid fi ülum əl-Quran" (10 cildlik "Quranşünaslığa giriş") əsərini buna sübut kimi göstərmək olar.[1][3]

Mənbə[1]

  • 1. "Vilayəti-fəqih";
  • 2. "Ruhun qayıdışı hipotezi";
  • 3. "Quranın təhrifolunmazlığı";
  • 4. "Quranşünaslıq";
  • 5. "La tuad" hədisi;
  • 6. "Ayələrin uzlaşması";
  • 7. "Quran tarixi";
  • 8. "Təfsir və təfsirçilər";
  • 9. "İradlar və cavablar";
  • 10. "Ət-Təfsir əl-əsəri əl-came"
  1. 1 2 3 4 5 6 7 "Ayətullah Mərifət" (az.)). idrak.info. 2012-12-29. 2013-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  2. 1 2 3 4 "Ayatullah Shaykh Muhammad Hadi Ma`rifat" (ing.)). al-shia.org. 2015-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  3. "Ayatullah Shaykh Muhammad Hadi Ma`rifat" (ing.)). al-shia.org. 2015-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]