Ayətullah Tehrani

Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri.

Məhəmməd Sadiqi-Tehrani
Doğum tarixi
Doğum yeri İran
Vəfat tarixi
Vəfat yeri İran
Elmi dərəcəsi İctimai elmlər üzrə elmlər doktoru
İş yeri Tehran Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur.

İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır.

1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur.

Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir.

İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.

Aydın görüşləri ilə seçilən alim uzun illər Pəhləvi rejiminə qarşı mübarizə aparıb, həyatının böyük hissəsini İrandan kənarda — İraq, Livan və Səudiyyə Ərəbistanında keçirib. İraqın Nəcəf şəhərində olduğu illərdə böyük elmi nailiyyətlərə imza atmış Ayətullah Sadiqi-Tehrani ictihad məqamına yüksəlməklə bərabər, elmi hövzələrdə İslam elmlərinin tədrisi ilə məşğul olub, çoxlu sayda alim və mütəxəssis yetişdirib.

Ayətulla Sadiqi-Tehraninin metodologiyası Qurana əsaslanır və o, zəmanəmizdə Quran İslamını təbliğ edən alimlərdən hesab edilir. İslam dünyasının qardaşlığına xüsusi önəm verən müctəhid Azərbaycan ərazilərinin erməni təcavüzkarları tərəfindən işğalına kəskin münasibət sərgiləyib, buna dair xüsusi fətva verib:

"Müsəlman Azərbaycan Respublikası ərazilərini işğal etmiş Ermənistanla hər cür əlaqələrin qurulması haramdır. Harada olmasından asılı olmayaraq, bütün müsəlmanlara vacibdir ki, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi yönündə bacardığı yardımı göstərsin. Bu işdə hər cür səhlənkarlıq — haramdır" — Ayətullah Sadiqinin fətvasında belə qeyd olunurdu. Ayətullah Məhəmməd Sadiqi-Tehrani 85 yaşında dünyasını dəyişib.

Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani uzun sürən xəstəlikdən sonra öncə beyin dayanması, onun ardınca isə 2011/03/21 tarixdə 85 yaşında ikən əsr namazını qıldıqdan sonra ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində yerləşən "Baği-Behişt" məzarlığında xüsusi məqbərədə dəfn edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]