Ayaqlı təcnis

Ayaqlı təcnis — aşıq poeziyasında forma etibarilə "təcnis müstəzad", "qoşma müstəzad" əsasında yaradılmış təcnis şeir formasının şəkillərindən biri. Əlamətlərinə görə ayaqlı qoşmanı xatırladır. Əsas fərq buradakı bəndlərin cinas qafiyədən qurulmasıdır.

Ayaqlı təcnisin birinci bəndində 1-ci və 3-cü misralar sərbəst, 4-cü misranın yarımçıq hissəsi 2-ci misranın yerində işlənən hissə ilə həmqafiyə olur. Ayaqlı təcnis el aşıqları arasında "təcnis müstəzad" adı ilə də işlənilir.

Çox çətin və eyni zamanda estetik baxımdan, poetik arxitektonikası etibarilə çox da maraqlı olan ayaqlı təcnis nadir təcnis şəklidir.[1] Burada hər bəndin axırında 5-6 hecalı əlavə bir misra da işlənir. Təsadüfi deyildir ki, ustad Aşıq Ələsgərin yaradıcılığında yalnız bir ayaqlı təcnis nümunəsinə rast gəlinir.

Götürüb sazımı, girrəm meydana,
              Gəl eyləyək bəhs!
Əyər sən toxunsan, mən də toxunnam,
Şəriətdə halal - qisasa qisas,
              Qoy ucalsın səs!

Bir xoş günü əvəz min ayə billəm,
Çəkilib qamətin minayə, billəm.
Pirimdən dərs aldım, min ayə billəm,
Bir sözünə min söz deyəm dəsbədəs,
              Dur yerində pəs!

Ovsunçuyam, ovsun sallam hi mara,
Bənna isən tərkin axtar, him ara.
Səmin diraz, ləhçən bənzər himara,
Aləmə bəllidir bu nitqü nəfəs,
              Misali hədəs!

Mən dərdliyəm, mən ağlaram budağlar,
Eşq ucundan sinəmdədi bu dağlar,
Bir tərlanam, oylağımdı bu dağlar.
Sənsən səgi-lağər, şikarin məkəs,
              Hökmün kəsakəs!

Aşıq gərək bu meydanda bir qala,
Eşq odunu bir ətəklə, bir qala,
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, dur yerində pəs,
             Danışma əbəs!

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, səh.379

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
  • Tariyel Məmmədov. İzahlı saz-söz lüğəti. Bakı: Elmin İnkişafı Fondu, 2015, səh.16.